"Hələ də istədiyim futbolu görə bilmirəm" - Tərlan Əhmədov

18 Sentyabr 2022 21:30 Premyerliqa 648
"Hələ də istədiyim futbolu görə bilmirəm" - Tərlan Əhmədov

"Kəpəz" Azərbaycan Premyer Liqasının 7-ci turunun oyununda "Şamaxı"nı 2:1 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Gəncə təmsilçisinin baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb:

- Qələbə gözəldir. Bu qələbəni şəhidlərimizə və "Kəpəz"in mərhum azarkeşi Adil müəllimə həsr edirik. Oyuna gəldikdə isə, bu qələbə bizə hava, su kimi lazım idi. Oyuna çox ciddi hazırlaşmışdıq. Son pillələrdə gedən iki komandanın görüşü idi. Ardıcıl məğlubiyyətlərə görə komandada psixoloji təzyiq var idi. İlk dəqiqələrdə qol buraxmağımıza baxmayaraq real şanslarımız oldu, geridönüş edə bildik. Daha çox topa sahib olmaq və rəqibi təzyiqdə saxlamaq istəyirik. Amma hələ istədiyim futbolu görə bilmirəm. Oyunun sonuna yaxın komandanın gücü tükənir. İki həftəyə komandanı bu səviyyəyə çatdırdıq. Rəqabəti artırmaq üçün axtarışdayıq. Bu oyun "Kəpəz" üçün tramplin olacaq. Getdikcə daha baxımlı futbol oynayan, istəkli, aqressiv "Kəpəz" görəcəksiniz.

- Yanvar ayına kimi bu komanda ilə nəyə ümid edirsiz?

- Ümidim minimum 9-12 xal toplamaqdır. Ola bilər ki, qış fasiləsinə kimi heyətə 1-2 futbolçu cəlb olunsun. Hücumçu axtarırıq. Kamran İbrahimov ağır zədə alıb. 2 ay yaşıl meydanlardan uzaq qala bilər. Məşqdə ağır beyin silkələnməsi yaşadı. Buna görə də qalıcı da axtara bilərik. Bu gün futbolçu tapmaq çətindir. Qışdan sonra transferlərlə turnir cədvəlində bizə lazım olan yerlər uğrunda mübarizə apara bilərik.

- Rauf Əliyevin taleyi necə olacaq?

- Hər insanın taleyi öz əlindədir. Mətbuatda oxuyuram, məni diktator kimi qələmə verirlər. Mən diktator deyiləm, öz futbolçularımın əməyi ilə yaşayıram. Özüm də futbolçu olmuşam. Onların meydançada nələr çəkdiyini bilirəm. Futbolçularla həmişə qardaş olmuşam. Mənim üçün ilk növbədə nizam-intizamdır. İntizam işin bünövrəsidir. Nə işçi heyəti, nə məşqçi heyəti, nə futbolçuları bağışlayası deyiləm. Hər kəs işlədiyi yerə məsuliyyətlə yanaşmalıdır. Futbolçu klubun dəyərlərini qorumalıdır. Komanda yoldaşına aqressivliyi mənim tərəfimdən bağışlanılmazdır. Məşq vaxtı yalnız baş məşqçi danışmalıdır. Heç köməkçilərinin nəyəsə müdaxilə etməyə ixtiyarları yoxdur. Özlərinə də demişəm. Çıx adam danışanda hər şey qarışar. Raufa gəldikdə isə, onun nə in işlədiyim komandaya qayıtmağı qeyri-mümkündür. Bunu rəhbərliyə də demişəm. O komandadan getməlidir. Futbolçu özünü apara bilmirsə, komandanı pis vəziyyətdə qoyursa, Mahmud Qurbanov kimi adama aqressivlik edirsə, kluba ziyan verirsə, bura qayıdışı mümkün deyil. Əvəzedici komandaya gəldikdə isə, mən ora qarışmıram. Əsas komandada olmayacaq. Demişəm ki, razılaşın, onu yola salın, getsin. Bəlkə qisməti başqa yerdədir, bəlkə özünə məşqçilik karyerası quracaq.

- Rauf Əliyevlə bağlı fikirlərini və təcrübəli futbolçuları ehtiyatda saxlamağınız. Sanki belə təəssürat yaranır ki, sizin gəlişinə qədər komandada dedovşina olub...

- Elvin Yunuszadənin zədəsi var idi, ona görə risk etmədik. Mənə sağlam futbolçu lazımdır. Əfran da "Turan Tovuz"la oyundan əvvəl zədə almışdı. Zədəsi yeni sağalıb. 90 dəqiqə oynamağa hazır deyil. Tural Axundova gəlincə "Turan Tovuz"la matçda Elçin Əlicanovu meydana buraxdıq, gördük ki, daha keyfiyyətli alınır. Yaşından, təcrübəsindən asılı olmayaraq, kim güclüdürsə, o oynayacaq. Mən komandanın uğuru üçün çalışıram. Ad mənim üçün önəmli deyil. Hər futbolçuya hörmətlə yanaşıram. Yaxın gələcəkdə Turalı da, Əfranı da əsas heyətdə görə bilərik.

- Növbəti oyunlarda da gənc futbolçuları əsas heyətdə meydana buraxmaq planınızda var?

- Ülvi Səmədov, Nihad Fərəci, Mahir Həsənovu əsas komandaya dəvət etdim. Əvəzedici heyətin "Araz Naxçıvan"la oyununu izlədim. Tam hazır deyillər. Qış fasiləsindən sonra bəzilərini meydanda görə bilərsiz.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"