"Turan"da ümid, "Kəpəz"də dərd, "Şamaxı" da...

9 Avqust 2022 23:40 Premyerliqa 1 591
"Turan"da ümid,  "Kəpəz"də dərd, "Şamaxı" da...

Azərbaycan Premyer Liqasında birinci tur arxada qaldı.

Demək olar bütün oyunlarda gözlənilən nəticələr qeydə alındı. Cütlərdə aşkar favorit görsənən bütün tərəflər sonda 3 xala sevinə bildi.

Əksəriyyətin daha böyük həvəslə gözlədiyi isə 3 klub – “Kəpəz”, “Şamaxı” və “Turan Tovuz” idi.

Ki, Qərb təmsilçiləri uzun illərdən sonra yenilənmiş heyətlə Premyer Liqaya üz tutmuşdusa, “Keşlə”nin varisi olan “Şamaxı”da da mənzərə fərqli deyildi.

Bir sözlə, 3 yenilənmiş, daha da dəqiqləşdirsək sıfırdan yığılmış komandanın necə mübarizə aparacağı maraq doğrurdu. "Rəng qata biləcəklər, yoxsa "qapazaltı" olacaqlar" sualı çoxumuzun beynində var-gəl edirdi. Düzdü, "bir oyunla nə fikir" deyə düşünə bilərsiz. Ancaq ilk təəssurat üçün bəzən bir oyun da yox, 5-10 dəqiqə belə yetərli olur. Aşağıdakı qəanətimiz isə təbii ki, yalnız arxada qalan 90 dəqiqəyə görə olacaq.

İlk olaraq “Kəpəz”i izləmək imkanımız oldu. Doğma şəhərdən didərgin salınan komanda məcburiyyətdən Mərdəkana – “Dalğa Arena”ya pənah gətirmişdi. Bütün çətinliklərə rəğmən Yaşar Vahabzadənin yetirmələri ilk matçda “Zirə” kimi komandaya qarşı sona kimi müqavimət göstərə bildi. Əslində turun surpriz nəticəsinə də imza ata bilərdilər. Əgər 90+5-də Sərkan Taşkının zərbəsi tora daxil olmasaydı. Bəli, 1-2 məğlubiyyətə rəğmən “Kəpəz” alqışa layiq oyun keçirə bildi. Amma onu demək mütləq lazımdır ki, bu komanda doğma azarkeşləri önünə qayıtmasa, xal xanasını tez-tez artırması çətin görünür. Elə bu oyun da Mərdəkanda yox, Gəncədə olsaydı minimum 1 xal vardı. Allah davamından qorusun...

“Kəpəz”dən sonra səhnəyə Cavid Hüseynovun “Şamaxı”sı çıxdı. Rəqib adlı-sanlı “Neftçi” idi. Bölgə klubu demək olar gənclərdən yığılmış heyətlə rəqibinə dirəniş göstərə bildi. Yalnız Emin Mahmudovun kuryoz qolu minimal hesablı məğlubiyyətə səbəb oldu. Hüseynovun qısa müddətdə müəyyən sistem yaradıb, futbolçulara öz oyun fəlsəfəsini aşılaya bildiyi gözdən qaçmadı. Qısası, komandada məşqçi izləri açıq-aşkar sezilirdi. Amma onu da mütləq unutmayaq ki, rəqibin start heyətində əsas onbirlikdən bir nəfər belə yox idi. Hətta ikinci heyəti üzvü sayılmayanlar belə Regekampf tərəfindən şans qazanmışdı. On görə də "Şamaxı" barəsində geniş nəsə demək üçün növbəti turları gözləmək mütləqdir.

Son olaraq isə “Turan Tovuz”u izləmək bizlərə müəssər oldu. Dolu tribunlar önündə “Qəbələ”ni qəbul edən Ayxan Abbasovun komandası təcrübəli rəqibinə qarşı ilk dəqiqələrdən heç də müdafiəyə qapanmaq fikrində olmadıqlarını göstərmiş oldular. Hətta müəyyən dəqiqələrdə sürətli futbol da görə bilirdik. İlk 30 dəqiqədən sonra özlüyümündə qərar da verdim ki, “Turan Tovuz” digər iki klubdan daha yaxşı formalaşıb və Tovuzdan xal aparmaq heç də hər kəsə asan nəsib olmayacaq. Elə “qırmızı qaralar” üçün də.

Amma bəxtsizlik qonaqların dadına çatdısa, Abbasovun bütün planlarını alt-üst etmiş oldu. Belə ki, elə 30-cu dəqiqədə meydanın yaxşılarından olan Piruzi Marakvelidze haqqlı qırmızı vərəqə alaraq meydandan qovuldu. Birtəhər hissəni yola verən meydan sahibləri ikinci yarının startında ikinci şokla qarşılaşdı. Bu dəfə Tovuz təmsilçisinin qapısına penal təyin olundu. Ardınca vurulan ikinci qol bərabərlik üçün olan-qalan ümidləri də puç etmiş oldu.

Ancaq azlıqda qalmasına rəğmən Qərb təmsiliçinin son 10 dəqiqədəki hücumları, yaratdığı təhlükəli epizodlar ilk 30 dəqiqənin tamamındakı firkimi daha da möhkəmləndirmiş oldu – “Turan Tovuz” həm “Kəpəz”dən, həm də “Şamaxı”dan daha bab komandadır. Təbii ki, daha dəqiqini zaman özü göstərəcək.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti