Gərgin mübarizənin darmadağınla bitən sonluğu

29 Noyabr 2021 19:40 Premyerliqa 578
Gərgin mübarizənin darmadağınla bitən sonluğu

"Zirə" çətin Sumqayıt səfərindən böyükhesablı qələbə ilə (0-3) ayrılmağı bacardı.

Hesab böyük olsa da, meydandakı mübarizə heç də asan keçmədi.

Düzdü, ilk hissə Rəşad Sadıqovun yetirmələri üçün münasib ssenaridə keçdi. Öncə 14-ci dəqiqədə Coşqun Diniyev Höccət Haqverdinin səbəb olduğu penalı dəqiq zərbə ilə qapıdan keçirdi.

Təxminən 10 dəqiqə sonra meydan sahibləri növbəti itki ilə qarşılaşdı. Oyunöncəsi cəmi 3 məşq edən və məcburiyyətdən risk alaraq meydana çıxan Elton Turabov oyuna davam edə bilməyəcəyini dedi.

Onsuz da, Elvin Bədəlov, Vurğun Hüseynov, Vüqar Müstafayev və Murad Xaçayev kimi əsas heyət üzvləri müxtəlif səbəblərdən sərəncamında olmayan Ayxan Abasova növbəti zərbə Turabovla gəldi. Gənc mütəxəssis çıxılmaz vəziyyətdə qalınca onu gənc Nəbi Məmmədovla əvəzlədi.

Məcburi əvəzetmədən cəmi 4 dəqiqə sonra "kimyaçılar" ikinci dəfə meydanın mərkəzinə dəvət olundu. Bu dəfə Qismət Alıyev fərqləndi. Ümumiyyətlə, bu dəqiqələrdə "Sumqayıt"da bir çaşqınlıq, xaos höküm sürürdü. Belə vəziyyət hissənin sonuna kimi davam edincə, komandalar fasiləyə bu hesabla yollandılar.

İlk hissədəki oyuna əsasən Ayxan Abbasovun komandasının ikinci yarı daha bir neçə qol buraxacağını proqnozlaşdırmaq olardı. Amma bu, heç də belə olmadı. Abasov fasilədən komandasına nə dedi, nə demədisə, futbolçular meydanda tam fərqli görünməyə başladılar.

Bunun nəticəsində ikinci yarı qonaqlar üçün daha ağır keçdi deyə bilərik. Meydan sahibləri meydanın rəqibə aid olan hissəsində pressinqlə top ələ keçirir, sürətli hücumlar qururdular. Gənc Səbuhi Abdullazadə, Rüfət Abdullazadə və Rəhim Sadıqovla Tellur Mütəllimov hücumlarda xüsusi fəallıqla seçilirdilər. Adı çəkilənlərin fərqi azaltmaq üçün bir neçə yaxşı fürsətləri olsa da, fərqlənməyi bacarmadılar.

Bu dəqiqələrdə Əli Qurbaninin ansabldan geri qalması, passiv oyun keçirməsi gözdən qaçmırdı. Abasov da bunu görüb, 58-ci dəqiqədə onun yerinə Səid Rızanı döyüşə atdı. Passivliyi fonunda Qurbani əvəzlənməsinə saniyələr qalmış fərqlənə bilərdi. O, Cəlal Hüseynovdan oğurladığı topu yaxşı zərbə ilə qapıya yönəltsə də Mehdi Cənnətov etibarlı oynamağı bacardı.

Ümumiyyətlə, Cəlal bu mövsüm bəlkə də ən pis görüşünü keçirdi. Gənc futbolçu ardıcıl səhvləri ilə yadda qaldı. Sadıqov da riskə getməyərək Cəlalı əvəzlədi. Onun yerinə təcrübəli Çantakias matçı davam etdirdi.

Meydan sahiblərinin ikinci yarıda fərqi azaltmaq üçün çoxsaylı cəhdləri boşa çıxınca, futbolun "vurmayana vurarlar" prinsipi işə düşdü. "Zirə"nin ikinci hissədəki ilk tutarlı hücumunda Coşqun Diniyev fərqi 3 topa çatdırdı. Bundan sonra təsəlli qolu üçün irəli atılan meydan sahibləri istəklərinə çatmayınca, görüşün final fiti ilə "Zirə"nin 3-0 hesablı qələbəsi rəsmiləşmiş oldu.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"