Hakimlərin "Sabah"a qərəzinin arxasında AFFA gizlənir? - VİDEO

3 Oktyabr 2021 15:00 Premyerliqa 689
Hakimlərin "Sabah"a qərəzinin arxasında AFFA gizlənir? - VİDEO

"Keşlə" yeni mövsümdə ilk qələbəsini 6-cı turda qazandı.

Komanda doğma meydanda "Sabah" üzərində inamlı qələbə (2-0) qazanmağı bacardı.

Sənan Qurbanovun yetirmələri matça qolla start verdi. Üçüncü dəqiqədə Merab Qiqaurinin qolu Masazır təmsilçisi üçün "soyuq duş" təsiri bağışladı.

Heç nə olmayıbmış kimi hücumlara atılan "Sabah"ın cəhdləri hakimin start fitinə kimi bir nəticə verməyincə növbəti məğlubiyyət rəsmiləşmiş oldu.

Sənan Qurbanov ardıcıl iki oyunda qazanılan 4 xalla yerini bir qədər möhkəmləndirmiş oldu. Zaman-zaman "bir qələbəyə ehtiyac var" deyən gənc mütəxəssisin arzusu, axır ki, çin oldu. İndi bu qələbənin davamı gələcək, ya yox, onu qarşıdakı turlar göstərəcək.

Ramin Quliyevin komandası isə "Neftçi" ilə matçdan fərqli olaraq, bu dəfə o qədər də yaxşı oyun göstərməyi bacarmadı. Kollektiv rəqibi yalnız topa sahib olma faizində qabaqlaya bilirdi ki, bu da hesabda geri düşməkdən irəli gələn üstünlük idi.

Amma "Sabah"ın məğlubiyyətində zəif oyunla bərabər, hakim səhvləri də öz sözünü dedi. Ən azı iki epizodda Rəşad Əhmədov kobud xətaları ilə yadda qaldı.

Öncə cərimə meydançasında Elvin Camalova qarşı edilən qayda pozuntusa göz yuman referi, bir qədər sonra Aleksey İsayevin cinahdan ötürməsinə "Keşlə"nin müdafiəçisi İlkin Qırtımovun əl qoymasını görməzdən gəldi.

Haqlı olaraq, Ramin Quliyev və futbolçuları baş hakimə ciddi cəhdlə etirazlar etməyə başladı. Narazılıq final fitindən sonra da davam etdi. Təbii ki, bu narazılığın bir faydası olmadı.

Beləliklə "Sabah" mövsümdə 5-ci məğlubiyyətini almış oldu. Bununla da, Ramin Quliyevli "Sabah"ın sabahı qaranlıq olaraq qalmaqda davam edir.

Artıq klub rəhbərliyi öz varlığını AFFA-ya göstərməlidir. Bəsdir, daha hakimlərin "oyunbazlıqlar"ına səssiz qaldılar! Öncəki turlarda təytnat alanlar, son olaraq isə Rəşad Əhmədov öz qərəzini çəkinmədən nümayiş etdirdi.

Bu, nə qədər çəkəcək? Sözsüz ki, bunun bir səbəbi var. Niyə "Neftçi", "Keşlə" və "Qarabağ" bu cür davamlı "səhvlər"lə qarşılaşmır?

Belə xətalarla üzləşmək elə "Sabah", "Sumqayıt" və "Zirə" kimi komandaların alnına yazılıb?

Susmaq həmişə qızıl qiymətini almır. "Sabah" hakimlərin qərəzli münasibətinə etiraz bildirməli, AFFA-nı hərəkətə gətirməlidir. Axı klubun sponsorları futbolun inkişafı üçün böyük işlər görürlər, xərclədikləri konfet kağızı deyil.

Buna qiymət və dəyər verilməllidir. AFFA obyektivlik göstərməli, sübut etməlidir ki, hakimlərin "Sabah"a qarşı düşmən mövqeyində dayanmasının arxasıında onların barmağı yoxdur.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"