Premyer Liqaya kim layiqdir: “Zaqatala”, yoxsa “Kəpəz”?

17 Fevral 2021 20:40 Premyerliqa 1 076
Premyer Liqaya kim layiqdir: “Zaqatala”, yoxsa “Kəpəz”?

Ölkə çempionatının 1-ci divizionunda mübarizə canlandı.

Gələn mövsüm elitada komanda sayının məhz aşağı dəstədən gələnlər hesabına artırılacağıyla bağlı söz-söhbət intensivləşib deyə, diviziona diqqət yönəltməyə məcburuq.

5 komandanın elitanın əvəzediciləri olduğunu nəzərə alsaq, faktiki 5 iştirakçı var. Bunlar “Turan”, “Kəpəz”, “Zaqatala”, “Qaradağ Lökbatan” və MOİK-di.

Məhdud maliyyə imkanlarına malik “Qaradağ Lökbatan”la MOİK-dən, xüsusən də “hərbçilər”dən danışmağa dəyməz. Birvaxtlar ölkə futbolunda bəlli çəkisi olan, infrastruktura malik MOİK artıq yerlərdə sürünür.

Nə qədər qəribə olsa da, ordunun maddi-texniki bazasının güclənməsi, maliyyə təminatının yaxşılaşması fonunda bu klub get-gedə zəiflədi, zəiflədi və indi faktiki heç kimə lazım deyil.

Halbuki şəhərin ən yaxşı yerlərindən birində bazası, stadionu vardı, hərbi xidmətə çağırılan futbolçular sayəsində heyəti komplektləşdirməklə bağlı problem görünürdü.

Amma bütün dünyada ordu klublarının yaşatdığı şanlı ənənələr Azərbaycanda torpağa gömüldü. Bir halda ki klub bu qədər aşağı səviyyəyə enib, məncə, elə birdəfəlik fatihəsini oxumaq, futbol səhnəsindən silmək də pis olmazdı. Kəsəsi, belə MOİK heç kimə lazım deyil!

Təbii, “Kəpəz”in yaşı daha çox, ənənələri daha möhtəşəmdi. Gəncə komandası ötən ay əvvəl “Sabah”ı ölkə kubokundan kənarlaşdırmaqla şəninə difiramblar oxuyanları bir qədər də həvəsləndirdi.

Düzdü, “Keşlə” ilə 1/4 final oyunları hər şeyi öz yerinə qaytardı, “bir güllə bahar olmaz” kimi klassik məsəlin “Kəpəz”in boyuna biçildiyini göstərdi.

Əlbəttə, kubokda mübarizəni dayandırdığına görə “Kəpəz”i qınamaq fikrindən uzağam. Hər halda, elita elitadı, 1-ci divizion da 1-ci divizion. Sadəcə, divizion oyunlarının nəticələrinə baxarkən bir məqam diqqətimi çəkdi.

Elitada oynamağa iddialılar sırasında adı daim öndə göstərilən “Kəpəz” mövsümdə 4-cü dəfə uduzdu. Özü də əvəzedicilərə-filana yox, gəncəlilər kimi elitaya layiq olanlar sırasında göstərilən “Zaqatala”ya. “Kəpəz”in cari mövsümdəki nəticələri elitaya iddialı komandaya qətiyyən yaraşmır.

Gəncəlilər daha 4 oyunda heç-heçə edib və 4 qələbə qazanıb.

Düzünə qalsa, “Zaqatala” ölkə kubokunun 1/8 final mərhələsində - “Səbail”lə dueldə daha baxımlı oyun sərgiləmişdi, nəinki “Kəpəz” “Sabah”la oyunda. Zaqatalılar həmin gün, sadəcə, təcrübəsizliyin qurbanı oldular.

Bu gün nə pulları “Kəpəz”in pulundan artıqdı, nə heyətləri güclüdü, nə də infrastrukturları möhtəşəmdi. Amma meydanda əllərindən gələni edirlər, həvəslə oynayırlar və elitaya yüksəlmək şansı onlardan yüksək qiymətləndirilən “Kəpəz”i iki cavabsız qolla məğlub edirlər.

Gəncəlilərin 1-ci dövrədə 4:2 hesabıyla qalib gəldiyini nəzərə alsaq, dünən həm də özünüməxsus qisas baş tutdu.

Bəs bundan sonra necə olacaq və ya necə olmalıdı? Sabah, yaxud bir neçə aydan sonra “aşağıdan elitaya kimlər gəlsin” sualı aktuallaşanda, heç şübhəsiz, ənənə aşiqi olan çoxluğun təsiri ilə AFFA “Kəpəz”i seçəcək və bununla da “Zaqatala”nın haqqı yeyiləcək.

Yaşar Vahabzadənin komandası mövsümün sonuna qədər qalan 15 turda inanılmaz sıçrayış edib, nəinki “Zaqatala”nı, hətta “Turan Tovuz”u da arxada qoyacaqsa, elitaya vəsiqə halal xoşları olsun.

Amma sonuncu titulu uzaq 2000-ci ildə qalan bir klubun istisnasız ənənələrə söykənməsi, yerli-yersiz ənənələrdən danışıb, öz gücünə elitaya vəsiqə qazana bilməməsi, əksinə, vəsiqə qazananların yerinə də göz dikməsi ən azı futbol etikasına sığmır.

Öz aramızdı, “Zaqatala” 2019-da da, 2020-də də mövsümü “Kəpəz”dən öndə bitirib. Ardıcıl 3-cü dəfə Zaqatalanın Gəncəni qabaqlaması tam realdı. Belədə elitada hansı komanda oynamalıdı? (Futbol+)

Digər Xəbərlər
Xəbər Lenti