"Omoniya"nı Bakıdan razı yola salan adam "Sportinfo"ya nələr danışdı? - FOTOLAR

30 Noyabr 2021 22:20 Maraqlı 2 771
"Omoniya"nı Bakıdan razı yola salan adam "Sportinfo"ya nələr danışdı? - FOTOLAR

Ötən həftə Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"la qarşılaşan "Omoniya" son dəqiqədə vurduğu qolla Bakıdan bir xalla ayrılmağı bacardı.

Kipr təmsilçisi qazanılan xalla bərabər, həm də xoş təəssuratlarla vətənə qayıdıb.

Belə ki, Kiprin "Omonoia24.com saytında klubun Bakı səfəri ilə bağlı paylaşımda ölkəmizdə gördükləri münasibətdən ağız dolusu danışılıb.

Mövzunun maraqlı olduğunu nəzərə alıb, rəqib komandaya Bakıda olduğu müddətdə bələdçilik elən Cümşüd Ələsgərovla söhbətləşdik.

"Pasha travel"in işçisi olan Ələsgərov Kipr klubu ilə keçirdiyi bir neçə gün haqqında saytımıza bunları danışdı: "Omonia - Bildiyimiz Kipr futbolunun başqa üzü.

Bildiyimiz kimi, "Qarabağ" Konfrans liqasının 5-ci turunda "Omoniya" ilə qarşılaşdı və hesab 2:2 olaraq bitdi. Mən isə ayın 24-dən etibarən 100 nəfərlik "Omoniya" heyətinin klub rəhbərliyi və azarkeşlərinin bələdçisi olaraq çalışdım.

Özümdə bir futbol azarkeşi olaraq əvvəldən həqiqətən bir qədər ön yarğılı yanaşırdım. Çoxlu tərəddüdlər var idi. Axı bunlar Kiprdən gəlir.

Axı onlar bizi bəyənmir. Həm də öncəki illərdə "Apoel" ilə qarşılaşmalarda baş verən xaşagəlməz hadisələr də bir tərəfdən insanı bunları düşünməyə vadar edirdi.

Ancaq reallıq tam fərqli oldu. Gəldikləri ilk gündən həm azarkeş, həm də rəhbərlik işçiləri çox sakit mülayim və dostca davrandılar.

Onlara Qarabağ klubunun acı tarixi, "İmarət", və keçən ilki döyüşlər haqqında danışdıqda səmimi təəssüflərini bildirdilər.

Növbəti günlərdə öyrəndim ki, əslində "Omoniya" klubunun adı Harmoniya sözündəndir. Və klub ölkəsində işci kəsimini təmsil edir.

Və milliyyətçilikdən çox uzaqdırlar. Siyasi olaraq sol cəbhəni təmsil edirlər. Hətta bəzilərinə yunan dedikdə xoşlarına gəlmir "biz kiprliyik" deyirdilər.

Əslində ən böyük rəqibləri olan "Apoel" ilə fərqləri də burdan yaranır. "Apoel"lilər hər oyunda Yunan bayrağı açdığı halda "Omoniya" azarkeşləri ancaq Kipr bayrağı açır.

Əslində onlar da ilk başda burada çox aqressiv reaksiya ilə qarşılaşacaqlarını hesab edirdilər. Məsələn, oyundan bir gün öncə azarkeşlərlə birlikdə "Omoniya"nın məşqini izləməyə getmişdik. Hava çiskinli və soyuq idi. Azarkeşlərlə məşqdən çıxarkən, Gündüz Abbaszadə ilə qarşılaşdıq ("Qarabağ"ın mətbuat xidmətinin rəhbəri) və qonaqlara təmənnasız çay təşkil etdilər. Bu onların həqiqətən çox xoşlarına gəldi.

Oyun günü stadionda onlarla eyni sektorda oturmalı idim. Polis və azarkeşlər arasında əlaqə yaratmaq üçün. Oyunda ilk qol vurulduqda belə 50-yə qədər azarkeşdən heç biri mənə dönüb qıcıqlandırıcı bir şey nə söylədi, nə də hərəkət etdi. Eyni ilə son qolda da.

Sonuncu gün yola salarkən onalar da eynisi ilə Azərbaycan haqqında təməl fikirlərinin dəyişdiyini, "Qarabağ"a uğurlar arzuladıqlarını bildirdilər. Klubun şərf forma və aksesualarını birbaşa klub idarə heyəti tərəfində mənə hədiyyə olundu.

Həqiqətən, şəxsən mən öz nəzərimdə bu günə qədər Kiprli azarkeşlərə həmişə çılğın, qıcıqlandırıcı və rəqibdən daha çox düşmən prizmasından yanaşırdım.

Ancaq "Omoniya" həqiqətən həm ideoloji, həm insani, həm də keyfiyyət olaraq Kipr futbolunda fərqli bir səviyyədir".

Xanoğlan / Sportinfo.az

Digər Xəbərlər
Xəbər Lenti