Sən bizi saymırdın, bax, indi gördün ki..?

3 Oktyabr 2021 17:00 Şamaxı 1 054
Sən bizi saymırdın, bax, indi gördün ki..?

«Keşlə» cari mövsümün ilk qələbəsinə dünən sevindi.

3 xalla 6-cı turda tanış olan paytaxt komandası bunu baş məşqçisiz əldə etdi.

Sənan Qurbanov ötən turdakı kimi, oyunu yenə tribunadan izləyirdi.

Bu, «Keşlə»lilərə motivasiya, əlavə güc verir. Zarafat-zarafat, özlərinə gəlirlər, dirçəlirlər.

Mövsümün ilk xalını «Qarabağ»dan qopardılar, ardıınca da «Sabah»ı üstələdilər.

Maraqlıdır, deyilmi: son həftədəki qolların hamısına legionerlər atıb. O legionerlər ki Sənan Qurbanov derbidə «Neftçi»yə 0:3 hesabıyla uduzduqları oyundan sonra «asıb-kəsmiş», az qalmış, «lazımsız tullantı» adlandırmışdı.

Birbaşa demişdi ki, seleksiyada ciddi səhvlərə yol verib, heç biri ələ su tökməyə yaramır.

Kimlərsə Qurbanovun bu açıqlamalarını legionerlərə sözbəsöz tərcümə edib, mənasını çatdırıb.

Hiddətləndikləri görünür. Aldair Neto fərqlənir, əli ilə özünü Qurbanova nişan verir. Merab Qiqauri toru silkələyir, tribunanıı kinayəli baxışlarla süzür. Felipe Santos adını tabloya yazdırır, arxasını VİP-lojaya çevirib, forma nömrəsini göstərir.

Görünən odur ki, «Keşlə»lilər Qurbanovu səhv çıxarmaq üçün toparlanıblar. Bu, baş məşqçinin texniki zonaya dönəcəyi turadək davam edəcək.

Nə vaxt ki o, həmişəki yerində əyləşəcək, qara buludlar da təkrar komandanın üzərinə çökəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti