Qorxaq rəqiblərinin müqavimətini qırdı: İndi o, hər kəsi istefa ilə şantaj edir

24 Yanvar 2021 16:50 Gündəm 1 103
Qorxaq rəqiblərinin müqavimətini qırdı: İndi o, hər kəsi istefa ilə şantaj edir

Ermənistan öz mövcudluğu dövründə ilk dəfə "dalana dirənmiş" kimi görünür. İlk dəfə tutacaqları "divar" yoxa çıxıb. Və yeni "divar"ın olub-olmayacağı da ciddi suallar doğurur.

Əslində, ermənilər üçün vərdiş etmədikləri situasiya olsa da, gözlənilməz deyil. Hər halda, əbədi olaraq, başqalarının əlindən tutub, yerimək ən təhlükəli həyat seçimidir. Hər kəs əvvəl-axır öz ayaqlarının üzərində durmağı, heç olmasa, özü yeriməyi öyrənməlidir.

Əgər, bir dövlət həmişə başqalarından yardım gözləyərsə, bir gün ortalıqda təkbaşına qala bilər. Kimsə yardım etməz və yalnız yolun sonu aydın görünər. Ermənistanın düşdüyü durum bu reallığı növbəti dəfə təsdiqləmiş oldu. Belə ki, ermənilər onilliklər boyu yaşadıqları coğrafiyada hər kəslə düşmənçilik ediblər. Zamanın bir gün tərsinə çevrilə biləcəyini isə ağıllarına belə, gətirməyiblər.

Çünki güclü himayədarları var idi. Himayədarların sayəsində həmişə toxunulmaz qala biləcəklərini düşünürdülər. Paraları xarici ölkələrdə fəaliyyət göstərən erməni diasporundan gəlirdi. Silah təchizatı Rusiyanın hesabına ödənişsiz əsaslarla təmin olunurdu. Geriyə qonşu dövlətlərə qarşı "meydan oxumaq" qalırdı.

Amma hər şeyin sonu olduğu kimi, bu müftəxorluq dövrü də yekunlaşdı. İndi tamamilə fərqli reallıqlarla üz-üzə qalıblar. 44 günlük savaşda biabırçı məğlubiyyətlə üzləşiblər. Ermənistan dövləti dağılma prosesinə qədəm qoyub. Himayədarların yardım və dəstəyi yoxa çıxıb.

Çünki vaxtilə Ermənistanı müdafiə edən dövlətlərin maraqları dəyişib. Yeni geopolitik şərtlər fərqli situasiya yaradıb və ermənilər hər kəs üçün əhəmiyyətsiz topluma çevriliblər. Ermənistanda dövlət mexanizminin dağılma prosesi o qədər sürətlə gedir ki, artıq erməni diasporunun maliyyə dəstəyi də işə yaramır. İqtisadiyyat öz mövcudluğunu dərin böhrana bağışlayıb. Ordu dağılıb, bunu gecə-gündüz baş nazir postunu ələ keçirməyin bütün yollarını sınaqdan çıxarmış müxalifət lideri Vazgen Manukyan da etiraf edir: "Ermənistan ordusunun qalıqları mövcuddur".

Yeni ordunun qurulmasına isə onilliklərlə zaman və milyardlarla dollar vəsait lazımdır. Çünki bu dəfə hər şeyi sıfırdan başlamaq və yeni silahları da parasını ödəyərək, almaq məcburiyyətində qalacaqlar. Hər halda, indiki beynəlxalq böhran dövründə Ermənistan ordusunun yenidən qurulmasına kimsə xeyriyyəçilik etməz. Ermənistan iqtisadiyyatı isə heç ölkə əhalisini çörək ilə təmin etməyə belə, qadir deyil.

Maraqlıdır ki, Ermənistanın mövcud durumunu bu ölkənin prezidenti Armen Sarkisyan daha əhatəli təsvir etmişdi: "Ermənistan ağır sosial-iqtisadi böhran içərisindədir. Səhiyyə iflasa uğrayıb, koronavirus baş alıb gedir, müharibədəki itkilər və onların ailələri də ayrıca bir problemdir. Çünki onlara pensiyalar lazımdır, psixoloji yardım göstərilməlidir".

Ermənistan prezidenti dövlətin gücsüz, aciz və çıxılmaz vəziyyətdə olduğunu da gizlətmir: "Cəbhədən qayıdan yaralılarla, hərbçilərlə kim məşğul olacaq? Onlar haradan iş tapacaqlar? Biz təkcə dövlətin deyil, ümumilikdə millətin böhranını yaşayırıq. Hazırda səhiyyə, maliyyə, iqtisadiyyat, milli psixoloya, hətta humanitar sahə də daxil olmaqla, demək olar ki, bütün istiqamətlər böhran içərisindədir”.

Bəli, bunu məhz Ermənistanın prezidenti deyir. Bir ölkədə yaranmış vəziyyəti isə onun prezidentindən daha yaxşı kimsə bilməz. Maraqlıdır ki, vəziyyətin pisdən də daha pis olduğunu, hətta dağılma prosesinin hələ davam edəcəyini də bilirlər. Ancaq çıxış yolları barədə ən xırda təsəvvürləri belə, yoxdur. Çünki, vərdiş etdiklərindən fərqli düşüncə tərzindən çox uzaqdırlar. Yeni həyat şərtlərini, fərqli reallıqları hələ də yaxına buraxmaq istəmirlər. Fərqli düşünməyə çalışanları isə dərhal linç etməyə hazırdırlar.

Məsələn, bir neçə gün öncə erməni ziyalısı İşxan Verdyan ölümlə hədələndiyini iddia edib. Səbəbsə, onun qonşu dövlətlərlə normal münasibətlər qurub, sülh və əmin-amanlıq içərisində yaşamaq şanslarının sınaqdan çıxarılmasına çağırış etməsi olub: "Mənə dedilər ki, Hrant Dinki türklər yox, ermənilər öldürüb. Dedilər ki, səni də öldürəcəyik. Çünki özünü onun kimi aparırsan".

Əgər, dedikləri doğrudursa, bu, yalnız bir toplumun milli faciəsindən başqa bir şey deyil. Adam xalqına tamamilə məhv olmamaq üçün yol göstərməyə çalışır, düşmənçilik əvəzinə sülhü seçməyi, savaşmağı deyil, anlaşmağı sınaqdan keçirməyi təklif edir. Qarşılığındasa, heç olmasa, adamın doğru və ya yanlış dediyini müzakirə etmək əvəzinə, ona qarşı savaş açırlar.

Təbii ki, bu, həm də Ermənistan cəmiyyətində dərin böhranın olduğunu və deqradasiya prosesinin yaşandığını göstərir. İndi erməni cəmiyyətinin parçalandığını hətta sübut etməyə belə, ehtiyac yoxdur. Çünki, bunu özləri təsdiqləyirlər.

Erməni cəmiyyəti fikir müxtəlifliyinə açıq və dözümlü olmasa da, hər halda, onilliklərin siyasi-ideoloji tezisləri artıq əhəmiyyətini itirmək üzrədir. İndi Ermənistan cəmiyyətində siyasi-ideoloji savaş yaşanır. Bunu silahsız, nisbətən dinc vətəndaş müharibəsi də hesab etmək olar. Çünki qarşıduran tərəflər siyasi-ideoloji, hətta bəzən mənəvi-psixoloji tezislərlə, arqumentlərlə "atəş" açırlar.

"Açılan atəş" ciddi müqavimətə tuş gəldikdə isə yeni reallıqların daha sərt ifadəsinə üstünlük verirlər. Və hələlik bu proses baş nazir Nikol Paşinyanın yaxın ətrafında daha aktualdır.

Məsələ ondadır ki, Ermənistanın necə bir təhlükəli situasiya ilə üzləşdiyini erməni baş nazir və onun yaxın ətrafı hamıdan yaxşı bilir. Bu siyasi cərəyandakılar rəqib düşərgənin mövqeyinin və bəyanatlarının Ermənistana zərər vurduğunu, ölkənin gələcək inkişaf şanslarını qapatdığını anlayırlar.

Ona görə də, bəzən öz arqumentlərini daha sərt məzmunda ifadə etmək məcburiyyətində qalırlar. Buna əmin olmaq üçün baş nazir Nikol Paşinyanın yaxın ətrafında yer alan politoloq Levon Şirinyanın dediklərinə diqqət etmək yetərlidir: “Ermənilər üçün başqa ölkənin, xüsusilə də Rusiyanın agenti olmaqdansa, türklərin iti olmaq daha yaxşıdır”.

Təbii ki, erməni politoloq burada Ermənistanın uzun illər boyunca Rusiyanın himayəsinə güvənib, Türkiyə və Azərbaycana qarşı düşmənçilik edilməsinin nəticələrini qabartmağa çalışır. Hər halda, Ermənistan bundan heç nə qazanmayıb.

Əksinə, Ermənistan regional iqtisadi layihələrdən kənarda saxlanılıb, sosial-iqtisadi inkişaf perspektivləri əldən qaçırılıb. Əvəzində isə qazanılan heç nə yoxdur. Rusiyaya onilliklər ərzində göstərilən xidmətə baxmayaraq, Kreml öz maraqları üçün Ermənistanı ən həlledici mərhələdə hərbi cəhətdən daha güclü Azərbaycan ilə təkbətək buraxıb. Və indi Ermənistan dağılma dövrünü yaşamaq məcburiyyətində qalıb.

Bu reallığı daha doğru anlayan baş nazir Nikol Paşinyan və yaxın ətrafı çıxış yolunun fəqrli istiqamətdə olduğunu artıq qəbul edir. Eyni zamanda Ermənistanı da həmin istiqamətə götürməyə çalışır. Və kəskin müqavimətlə üzləşir.

Üstəlik, hiss olunur ki, baş nazir N.Paşinyan zamanın böyük sürətlə keçməsinin də fərqindədir. İtirilən zamanın Ermənistanda böhranı daha da dərinləşdirdiyini bilir. Ona görə də, tələsir.

Son günlər baş nazir Nikol Paşinyanın bəzi açıqlamaları Ermənistan cəmiyyətini reallıqlarla üz-üzə buraxmaq cəhdi təsiri bağışlayır. Onun Şuşa şəhəri ilə bağlı xarici işlər naziri Ara Ayvazyanın sərsəmləməsinə dərhal reaksiya verməsi də təsadüfi deyil. Çünki, belə sərsəm açıqlamaların Ermənistana ziyan vurduğunu anlayır, ölkəni böhrandan çıxara biləcək önəmli prosesləri ləngidir.

Məsələ ondadır ki, hazırda rəsmi İrəvan üçün regionda kommunikasiya xətlərinin açılması, qonşu dövlətlər arasında ticari-iqtisadi əlaqələrin qurulması böyük önəm daşıyır. Hətta Paşinyan hakimiyyətinin bu prosesə ölkənin yeganə xilas şansı kimi yanaşdığı da hiss olunur.

Belə vəziyyətdə xarici işlər naziri Ara Ayvazyanın sərsəmləməsi Ermənistanın gələcək taleyində xüsusi rol oynaya biləcək qonşu dövlətləri - Azərbaycan və Türkiyəni qıcıqlandıra bilər. Bu isə daha sərt tələblərin gündəmə gətirilməsinə səbəb olmaqla yanaşı, "böhrandan çıxma pəncərəsi"nin açılmasını da ləngidər.

Təbii ki, indi bu səbəbdən də baş nazir Nikol Paşinyan bəzi açıqlamalarında üstüörtülü şəkildə erməni cəmiyyətinə "Mən sizə xilas ola biləcəyimiz yolu göstərirəm. Ancaq siz uçurama getməyi üstün tutursunuz. Əgər, başqa yol bilirsinizsə, gerisini özünüz həll edin" mesajını verməyə çalışır.

Maraqlıdır ki, indi baş nazir Nikol Paşinyan əvvəlki kimi, ara-sıra səslənən istefa tələblərinə müqavimət göstərmir. Əksinə, növbədənkənar seçkilərin vaxtının müzakirəsini təklif edir.

Məhz bu faktor indi baş nazir Nikol Paşinyanın xeyrinə işləyir. Çünki, müxalifət düşərgəsi baş naziri ittiham etsə də, artıq hakimiyyətin ələ keçirilməsində əvvəlki kimi cəsarətli deyil. Əksinə, cəmiyyətin dəstəyinin yetərli olmadığını anladığından məsuliyyətdən uzaq durmağa üstünlük verir.

Belə anlaşılır ki, baş nazir Nikol Paşinyan hakimiyyət uğrunda mübarizə meydanında tək qaldığına əmindir. Ona görə də, siyasi rəqiblərini ən zəif yerlərindən vurmağa başlayıb. Hazırda məsuliyyətin altına girməyə cəsarət etməyən müxalifət düşərgəsini istefa verə biləcəyi və növbədənkənar seçkilər ilə şantaj edir.

Elçin XALİDBƏYLİ,

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"