"Hər zaman küsəndə gəlib çoxlu - çoxlu öpür ki, bağışlayım onu"

30 İyul 2020 23:40 Digər növlər 1 123
"Hər zaman küsəndə gəlib çoxlu - çoxlu öpür ki, bağışlayım onu"

Müstəqil Azərbaycanı təmsil edən ilk olimpiya çempionu, dünya və Avropa çempionatlarında himnimizi səsləndirən bu xanım Azərbaycan tarixinin şanlı səhifələrindən olan Xalq Cümhuriyyətinin yarandığı gün, yəni mayın 28-də dünyaya göz açıb.

Uşaqlıqdan valideynləri ona tam sərbəstlik verib və seçimində daim dəstək olublar.

Sərbəst ruhda böyüyən bu xanım hədəfini düzgün nişan alaraq uğurlu atıcı olmağı bacarır. Söhbət 1993 - 97-ci illərdə stend atıcılığı üzrə Avropa, 1995-cu ildə dünya çempionu olan və karyerasının zirvəsinə 2000-ci ildə Sidneydə keçirilən XXVII Yay Olimpiya Oyunlarında qızıl medal qazanmaqla imza atan xanım Zemfira Meftahəddinovadan gedir.

Uğurları bununla bitməyən xanım idmançımız 2001-ci ildə yenidən dünya, 2003-cü ildə Avropa çempionu olmağı bacarır. 2004-ci ildə Afina Olimpiadasında isə bürünc medala sahib olur.

Sportinfo.az xəbər verir ki, o, 1994-cü ildən polis orqanlarında əzmlə çalışaraq polis polkovniki rütbəsinədək qalxır və 2015-ci ildən Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəhbəridir. Ailəlidir. Regina adlı qızı və Ruslan adlı bir oğlu var.

Beləliklə bir dəfə Olimpiya, iki dəfə dünya, üç dəfə Avropa çempionu, altı dəfə dünya, iki dəfə Olimpiya rekordçusu, “Şöhrət” ordenli Zemfira Meftahəddinovanın “Şərq”ə verdiyi özəl müsahibəsini təqdim edirik:

-Zemfira xanım, ilk olaraq bilmək istərdik, dünyanı cənginə alan koronavirus pandemiyası dövründə yaşantılarınız necədir?

-Təbii ki, hər kəs kimi mənə də çox çətin oldu. Bu müddət ərzində işə gedib, gəlirdim. Hər zaman Operativ Qərargahın qoyduğu şərtlərə riayət etməyə çalışmışam. Hazırda məzuniyyətdəyəm, indi də bütün tələblərə əməl edirəm. Bəzi vaxtlar ailəm ilə birlikdə SMS icazəsindən istifadə etməklə parklara gedirəm. İnanıram ki, tezliklə hamımız bu bəladan qurtulacağıq.

-Hər kəs sizi bir idmançı xanım kimi tanıyır. Bəs mətbəxdə hansı özəlliyiniz var?

-İlk olaraq deyim ki, özüm şirniyyatı sevmirəm, ona görə də hər zaman ailəmi də uzaq tutmuşam. Xüsusi olaraq qeyd edim ki, əsasən dieta yeməkləri hazırlamağa üstünlük verirəm. Süfrəmdə daha çox bu cür yeməklər üstünlük təşkil edir. Amma Azərbaycanın milli mətbəxinin özəl yeməklərini çox sevirəm. Bir çox ölkələrdə səfərdə olmuşam, amma bizim milli mətbəxin yeməkləri əvəzsizdir. Mən dadlı yeməklərə daha çox üstünlük verirəm. Ən çox xoşladığım yeməklər ət qutabı, yarpaq dolması, kələm dolması, bozbaş, düşbərədir.

-Ailə həyatınızda sevincli, özəl gününüz nə zaman olub?

-İlk dəfə ana və nənə olduğum günlər heç vaxt unudulmayacaq. Hər bir valideynin xoşbəxt günü övladının bəxtəvər günlərinə şahid olmasıdır. Əlbəttə ki, ən əsası cansağlığıdır. Amma onların özəl günləri indi mənim üçün də özəl günlərdir.

-Övladlarınızın tərbiyəsində daha çox sizin, yoxsa yoldaşınızın rolu böyükdür?

-Hər şey qarşılıqlıdır. Çalışırıq ki, heç zaman şəxsi həyatlarına müdaxilə etməyək. Verəcəkləri bütün qərarlarında onlara dəstəyimizi əsirgəmirik. Çünki onlara güvənim sonsuzdur. Övladlarımın hər ikisi də çox mehriban və istiqanlı uşaqlardır. Ən əsası oğlum daha mehribandır. Hər zaman küsəndə gəlib çoxlu - çoxlu öpür ki, bağışlayım onu.

-Bildiyimizə görə qızınız Regina sizin karyeranızın davamçısıdır. Onun da sizin kimi uğurlar əldə edəcəyinə inanırsınızmı?

-Bəli, qızım atıcılıqdan idman ustasıdır. Hazırda karantin olduğuna görə, məşqlər dayandırılıb. Təbii ki, bu yolu davam etdirmək qızımın öz şəxsi seçimidir. Əgər bu yolu davam etdirərsə, hər zaman bir ana kimi ona dəstək olmağa hazıram. Uğurlar əldə edəcəyinə isə heç bir şübhəm yoxdur. Çünki Regina çox dözümlü qızdır. Həm çalışır, həm də çox güclü və ağıllı qızdır.

-Bəs atıcı kimi heç heyvan ovuna çıxmısınızmı?

-Uşaqlıqdan heyvanları çox sevmişəm. Atıcı olsam da, heç zaman ova getmirəm, çünki heyvanlara xüsusi məhəbbətim var. Ona görə də, onları öldürməyə əlim gəlmir. Uşaqlıq vaxtı iki pişiyim olub, hər zaman onlarla oynamışam. Onları uşaq kimi bələyirdim, buna görə də məni görən kimi qaçırdılar.

-Boş vaxtlarınızda daha çox hansı filmləri izləməyi sevirsiniz?

-Ən çox komediya və sevgi, məhəbbət filmlərini sevirəm.

-Ən çox sevdiyiniz müğənnilər kimlərdir?

-Lirik və vakal mahnıları dinləməyi sevirəm. Brilliant Dadaşova, Flora Kərimova çox xoşuma gəlir.

-Belə deyirlər ki, idmançı xanımlar heç zaman dəblə maraqlanmır. Sizcə, düzgündürmü bu fikir?

-Uşaqlıqdan anam nə tikirdisə onu da geyinirdim. Həmişə də eyni formada geyim olurdu. Əvvəllər dəbə üstünlük verməmişəm. Əsasən rahat və isti geyim olmağına diqqət yetirmişəm. Amma indi daim dəbli geyimlərlə maraqlanıram.

-Özünüzü nə zaman tənha hiss etmisiniz?

-Atam çox tez rəhmətə gedib, yəni 1995-ci ildə. Anam isə 2002-ci ildə dünyasını dəyişdi. İlk tənhalığımı o zaman, yəni onları itirəndə hiss elədim. Valideynlərimi həyatda itirməyim dünyada ən acılı günlərim olub. Düzdür, hər kəs üçün bu günlər ən çətin günlərdir. Həyatda onlarsız çətin də, olsa yaşamağa çalışıram. Anamla çox bağlı idim. Artıq onları itirməyimdən uzun müddət keçib, onların yerini kimsə doldura bilməz. Amma çox şükür Allaha, qardaşlarım, övladlarım, dostlarım var. Qardaşımla bir-birimizi çox istəyirik, bir gündə bir neçə dəfə onla danışıram, yoxsa məndən küsür.

-Bugünə qədər həyatınızda ən vacib və yaddaqalan imzanızı nə vaxt atmısınız?

-Həyatımda ən vacib imzam qızım Regina, oğlum Ruslandır. Amma idman həyatına gəlincə isə olimpiadada qazandığım qızıl medalımdır.

-Karantin dövründə gənc xanımlarımıza uğurlu və güclü olmaları üçün hansı tövsiyələrinizi edərdiniz?

-Bizim qadınlarımız hər zaman öz güclü olmaqları ilə seçiliblər. Karantin dövründə ən böyük yük onların üzərinə düşdü. Dəqiq bilirəm ki, bu, xanımlarımız üçün o qədər də çətin olmadı. Bir söz deyim ki, hər zaman onların bu cür cəsur, mübariz, qayğıkeş olmalarından zövq almışam. Buna baxmayaraq, gənc xanımlarımıza məsləhətim bir az dözümlü və səbrli olsunlar. Bilirəm, çox çətin günlər astanasındayıq, amma hamımız bir-birimizi başa düşməliyik. Heç kim bu müddətdə bir-birinin qəlbini qırmasın. Operativ Qərargahın tövsiyələrinə, gigiyena qaydalarına qəti şəkildə əməl etsin. Tezliklə hər şeyin yoluna düşəcəyinə inanıram. Ayaq üstə möhkəm dayanmaq lazımdır, çünki uğur özü gələcək. Yenə deyirəm, həyatda “möhkəm” olun!

Aynurə Pənahqızı

Digər Xəbərlər
Xəbər Lenti