QURBANOV: "Bu il "Qarabağ"a çox çətin olacaq"

30 İyul 2020 10:38 Azərbaycan Futbolu 1 376
QURBANOV: "Bu il "Qarabağ"a çox çətin olacaq"

Gürcüstanın "Samtredia" klubunda çıxış edən Nicat Qurbanov live.ge saytına müsahibə verib.

Sportinfo.az 28 yaşlı futbolçunun müsahibəsini təqdim edir:

- Pandemiyadan sonra hansı formadasız?

- Karantindən sonra hər şey yaxşıdır. İlk matçda oynamaq çətin idi, amma indi bütün oyunçuların vəziyyətləri yaxşıdır. Məncə, pandemiya zamanı bütün insanlar çətin anlar keçirdilər, amma xoşbəxtlikdən hər şey başa çatdı.

- Nə vaxt və nə üçün "Samtredia"ya gəlməyə qərar verdiniz?

- Keçən yay agentim "Samtredia"dan bir təklif olduğunu söylədi. Klub rəhbərliyi ilə danışdım, hədəflərini bəyəndim, bu fürsəti əldən verməməyə qərar verdim və bu kluba keçdim. Məqsədimiz mövsümü ən yüksək səviyyədə başa vurmaq və hər matça qalib gəlmək üçün çıxmaqdır. İnşallah, hər şey bizim üçün yaxşı olar.

- 2014-cü ildə "Neftçi"nin heyətində "Çixura"ya qarşı oynadınız. Bu oyunu necə xatırlayırsınız?

- Yadımdadır, o zaman "Neftçi"də oynayırdım və Avropa Liqasının 3-cü təsnifat mərhələsində bu komanda ilə qarşılaşdıq. Düzdür, "Çixura"nın o vaxt daha güclü komandası var idi, amma biz daha yaxşı idik və növbəti mərhələyə yüksəldik.

- Artıq 1 ildir ki, Gürcüstanda oynayırsınız. Bu çempionatda hansı təcrübəni qazandınız və burada qol vurmaq asandır?

- Keçən il ikinci liqada 16 matçda 8 qol vurdum və 4 asist etdim. Bu il hələ 3 qol vurdum. Deyəsən, komandaya və çempionata yaxşı uyğunlaşmışam. Ümid edirəm ki, uğurlu oynamağa və qollarımla komandaya kömək etməyə davam edəcəyəm.

- Gürcüstan və Azərbaycan çempionatları arasında oxşar və fərqli cəhətlər nələrdir? Vətəninizin komandaları Avropa Liqası və Çempionlar Liqasının qrup mərhələsində sabit oynayır. Ancaq biz uzun illər bundan məhrum olmuşuq. Gürcüstan komandalarının Avropada uğurlu oynamaq şansı nə dərəcədədir?

- Gürcüstanda çox yaxşı və istedadlı oyunçular var. Avropada inamlı oynaya biləcək komandalar da var və ümid edirəm ki, tezliklə onları qrup mərhələsində də görəcəyik. Azərbaycana gəlincə, Avropada çox uğur qazanan "Qarabağ"ımız var, amma bu il onlar üçün çox çətin olacaq. Çünki pandemiya səbəbindən mövcud vəziyyət komandaya tam hazırlaşmağa imkan vermir. Bununla belə, ümid edirəm ki, Ağdam komandası bundan sonra da beynəlxalq miqyasda Azərbaycanı inamla təmsil edəcək.

- Azərbaycanda bir neçə klubda oynamısınız. Karyeranızın ən yaxşı dövrünü harada keçirmisiniz?

- Düşünürəm ki, karyeramda ən yaxşı dövrü "Simurq" və "Zirə"də keçirdim. "Simurq"dakı baş məşqçimizin gürcü mütəxəssis Giorgi Çixradze olması maraqlı amil idi.

- Çempionatda son qolu əsgər salamı ilə qeyd etdin. Bu qol sevinci nəyə və ya kimə həsr olunmuşdu?

- Vətənim Azərbaycanın Ermənistanla sərhədində vəziyyət gərgin idi. Mən bir azərbaycanlı olaraq ölkəmin əsgərlərinə dəstəyimi göstərdim. 3 gündə 12 hərbçi şəhid oldu və mən bu qolu döyüşdə həlak olmuş bütün qəhrəman əsgərlərə həsr etdim. Düşünürəm ki, bu, tamamilə təbii və normaldır. Gürcüstanda müharibə olsaydı və hər hansı bir gürcü oyunçunun belə bir hərəkəti haqlı qarşılanardı. Gürcülər öz vətənlərini sevdiyi kimi, biz də öz yurdumuzu sevirik.

- Bir il ərzində Gürcüstanda sizi nə valeh etdi?

- "Samtredia"ya keçməzdən əvvəl bir neçə dəfə Gürcüstanda olmuşam və ölkənizi çox sevirəm. İnsanların qonaqpərvərliyinə heyranam, gürcülər xüsusi insanlardır. Əgər bir şeyə ehtiyacınız varsa, həmişə kömək edəcəklər. Əlbəttə ki, mətbəxinizi qeyd etməliyəm. Xəngəl və xaçapurini böyük ehtimal ki, bütün insanlar sevir. Çünki çox dadlıdırlar.

- Karyeranızda çox qol vurmusunuz. Yadınızda xüsusi qalanlar hansılardır?

- Gürcüstan çempionatındakı ilk qolumu qeyd edərdim. "Zirə"nin heyətində "Kəpəz"ə vurduğum qollardan sonra "Qəbələ"ni qabaqlayıb, 2-ci olduq.

- Uşaqlıqdan bəri fanatı olduğunuz komanda və oyunçu kimdir?

- Lionel Messi və "Barselona"nın azarkeşiyəm.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"