"Böyük klublarda oynamaq istəyirsənsə, bu şeyləri qurban verməlisən"

4 Aprel 2020 23:00 Azərbaycan Futbolu 657
"Böyük klublarda oynamaq istəyirsənsə, bu şeyləri qurban verməlisən"

Bosniya Hersoqovinanın "Çelik" klubunda çıxış edən Elvin Yunuszadə Sportinfo.az -a müsahibə verib

- Elvin, vətənə nə vaxt qayıtmısan?

- Bu gün gəlmişəm. Türkiyədə aeroportda bir az qarışıqlıq, xaos var idi. Ona görə, qayıtmağımla bağlı bir qədər çətinliklər oldu.

- İşçi vizanla bağlı problem həllini tapdımı?

- Bu problem tək məndə yox, komandaya yeni qoşulan bütün əcnəbilərdə, hətta baş məşqçimiz Ümit Özatda belə yaranmışdı. Elə təzəcə sənəd problemim həll olundu ki, koronavirus məsələsi ortaya çıxdı (gülür). Ümit Özat hələ də işçi vizasını ala bilməmişdi. Orda bu proses bir az çətindi, deyəsən.

- Artıq neçə müddətdir "Çelik"dəsən. Komanda və ölkə ilə bağlı fikirlərin necədir?

- Orada futbola yanaşma çox fərqlidir. Ümumi götürsəm, buradan ora getməyimi özüm üçün müsbət addım sayıram. Orada Avropa futboluna yaxınlıq daha çoxdur. Fərqli çempionatdır. Deməzdim ki, çempionat çox güclüdür. Sadəcə, oradan Xorvatiya, İtaliya kimi ölkələrə çıxış çox rahatdır. Bu, oranın ən böyük üstünlüyüdür. Çünki Avropa menecerləri davamlı olaraq oradakı futbolçuları izləyirlər. Bura trampilin gözü ilə baxmaq olar.

- Neçə müddətdir komanda ilə məşqlərə çıxırdın. Sənədlərin vaxtında düzəlsəydi, səncə, əsas heyətə düşə bilərdin?

- Bosniyada olduğum müddət özümdə çox dəyişiklik hiss etdim. İstər futbola baxışımda, istər digər məsəllərdə. Getdiyim gündən məşqsiz qaldığım gün olanda özümü narahat hiss edirdim. İstirahət verilən günlərdə belə öz üzərimdə çalışırdım. Hiss edirdim ki, çox yaxşı formadayam. Baş məşqçi də bu məsələ ilə bağlı tez-tez mənimlə söhbətləşirdi. Oynamağımı özüm də, o da çox istəyirdi. Mənə güvəni çox idi. Bunu hər dəfə dilinə gətirirdi.

- Yerli futbolçuların səviyyəsi bizim futbolçulardan çox üstündü?

- Yox, azərbaycanlı futbolçuların istedadları nəinki Bosniyadan, hətta bir çox ölkələrdən üstündür. Həqiqətən, bizim yaxşı futbolçularımız çoxdur. Sadəcə, özünü doğrultmaq üçün ölkə xaricinə getmək lazımdır.

- Bəs yerli futbolçularımızın ölkə xaricinə çıxmasına nə mane olur?

- Bu barədə deyə bilmərəm, kimə nə mane olur. Amma bir şeyi ürək rahatlığı ilə deyə bilərəm ki, başda gənclər olmaqla kimə şans yaransa düşünmədən getməlidir. Ordan yeni qapılar açılır.

- Sənin üçün orda hansısa qapılar açılıbmı?

- Yoldaşlıq görüşlərində heyətdə olurdum. O oyunlara belə menecerlər baxmağa gəlirdi. Orda olduğum müddətdə, Türkiyədən, İtaliyadan olan menecerlər özləri mənimlə əlaqə yaradırdılar. Yenə deyirəm, burda futbolçuya diqqət daha çoxdur. Zaman-zaman fərqli qapılar açıla bilər.

- Elvin, formada olduğunu dedin. Belə bir fasilə yəqin ki, heç yerinə düşmədi?

- Bu, tək mən yox, hər kəs üçün 100% mənfi təsir edəcək. Ancaq fərdi məşqlərimdən qalmıram. Həftənin 6 günü məşq edirəm. Yalnız bir gün özümə istirahət verirəm.

- Məşq proqramları klub tərəfindən verilib?

- Klub tərəfindən proqram göndərilir. Amma mənim özüm şəxsi məşqçi tutmuşam. Onunla bir yerdə çalışıram. Həm də onun proqramlarından istifadə edirəm.

- Bosniyadan ayrıldıqdan sonra, klubdan sənin əlaqə saxlayırlarmı?

- Əlbəttə. İstər klubun direktoru olsun, istər baş məşqçimiz davamlı olaraq vəziyyətimizdən xəbər alırlar.

- Bosniyada koronavirusla bağlı vəziyyət necə idi?

- Mən orada olanda o qədər də güclü nəsə hiss olunmurdu. Hər yer işləyirdi. Virusa yoluxmalar yox idi. Ancaq sonra xəbər aldım ki, orada da karantin vəziyyət elan olunub. Çox yerlər artıq işləmir.

- Belə hiss etdim ki, ordakı vəziyyətdən çox razısan. Yəqin ki, vətənə qayıtmaq haqqında düşünmürsən ...

- Yox, hal-hazırda bu haqda heç düşünmürəm. Bosniyada futbola olan baxışı, yanaşmanı hiss edəndən sonra qayıtmaq istəməzdim.

- Ölkə xaricində çıxış edən futbolçularımız zaman-zaman ailədən uzaq qalmağın çətinliyindən gileylənirlər. Səndə bu vəziyyət necədir?

- Dünya səviyyəli futbolçuların da ailəsi var. Onlar da darıxır ailəsi üçün, dostları üçün. Amma peşəkar futbolçuya bu, mane olmamalıdır. Sən bu seçimi edirsənsə, buna gücün çatmalıdır. Böyük klublarda oynamaq istəyirsənsə, bu şeyləri qurban verməlisən. Həm də istəsən, ailəni də özünlə apara bilərsən. Çünki hansı ölkəyə getsən, klublar orda sənin üçün bu şəraiti yaradırlar. Demirəm ki, bütün dostlarını yığıb gələ bilərsən (gülür). Amma ailə üzvlərini aparmaq üçün bu imkan var.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!