"3-4 ildir futbolda yoxam, ancaq oyun "alver"i tüğyan edir"

21 Yanvar 2020 15:10 Azərbaycan Futbolu 1 499
"3-4 ildir futbolda yoxam, ancaq oyun "alver"i tüğyan edir"

AFFA-nın qərarı ilə 2017-ci ildə fəaliyyətini dayandırmış "Şərurspor"un prezidenti Sərdar Bağırov Sportinfo.az-a müsahibə verib.

- Futbola qayıtmaq fikriniz var?

- Özünüz də görürsüz, cənab prezident ölkədə məmurların islahatlarını aparır, cəmiyyəti rüşvətxorlardan təmizləyir. İnşallah, vaxt futbola da çatacaq. Bu sahədə korrupsiyanın, maxinasiyaların qarşısı alınandan sonra mən də qayıdaram.

- 2-3 il əvvəl demişdiz ki, korrupsiyanın, oyun alverinin başında AFFA-nın özü dayanır...

- Bəli, yenə də həmin fikrimdə qalıram.

- Bu yəqinlik sizdə haradandır?

- Bu yaxınlarda saytlarda oxudum, deyəsən, milli komandanın futbolçuları da artıq belə çirkin işlərlə məşğul olublar. AFFA onları gizlədir. Ölkənin milli komandasının futbolçuları danışılmış oyunlarda iştirak edirsə, deməli, onlara bu işə bulaşmaq AFFA rəhbərliyinin göstərişidir.

- Bəlkə ortada 2-ci, 3-cü "qüvvə"nin rolu var?

- Bu gün mafiya adamları, rüşvətxorlarla söhbət eləməyin heç bir mənası yoxdur. Yalnız ölkə başçısı onlarla mübarizə apara bilər. Bu məsələləri yalnız cənab prezident yoluna qoya bilər. Ölkədə kadr islahatları aparılır, cinayətkar məmurlar həbs olunurlar, inşallah, vaxt futbola da çatacaq.

- Əsl həqiqətlərin üzə çıxması üçün sizcə, nə qədər vaxt lazımdır və yaxud daha nə olmalıdır?

- Əvvəla, AFFA prezidentliyinə namizəd bir nəfər yox, bir neçə alternativ variant olmalıdır. Bu gün ora ən real namizəd kimi özümü görürəm. Vergilər naziri Mikayıl Cabbarovun da adını çəkə bilərəm. Çox uğurlu kadrdır, düzgün işləyir, vəzifəsinin öhdəsindən layiqincə gəlir. Nazirlər arasında işləyən, dövlətin mənafeyini qoruyan ən "təmiz" adamlardan biridir. Yəni, AFFA prezidentliyinə heç olmasa, 4 nəfər namizəd olmalıdır ki, ədalətli seçki keçirilsin. Yoxsa 1 nəfərin namizədliyinə görə hamı əl qaldırır, əl çala-çala yenidən onu prezident seçmək düzgün deyil.

- Federasiyada yeni icraçı vitse-prezident postu yaradılıb və çox güman, yanvarın 28-də baş tutacaq Hesabat-Seçki Konfransında baş katib Elxan Məmmədov bu vəzifəni ələ keçirəcək. Bunu Məmmədovun ümumilikdə AFFA-nı öz əlində birləşdirəcəyi kimi başa düşmək olar?

- Məncə də orada hamısı kampaniyadır. Qruplaşıb öz işlərini görürlər.

- Müstəqil iş adamlarının futbola yaxın buraxılmamasını nə ilə izah edə bilərsiz?

- Ona görə ki, AFFA rəhbərliyinin dediklərini eləmirlər.

- Onların dedikləri nədir?

- Hər seçmə mərhələ öncəsi yalan vədlər verirlər ki, milli komandanı Avropa, dünya çempionatının final mərhələsinə çıxaracağıq. Hər dəfə eyni hal təkrarlanır. Onların dedikləri yalnız və yalnız pul qazanmaq, çirkli pullları "silməkdir". UEFA-dan, dövlətdən ayrılan pulları mənimsəməkdən başqa istəkləri yoxdur. 2-3 il bundan qabaq həvəskar komandalar arasında keçirilən Banişevski turnirində AFFA uşaqlara bir dənə top da verməmişdi. Komandalar "Şərurspor"un topları ilə oynamışdılar.

- 4 il əvvəl böyük təhlükə yaşadız, həbs olunduz. Bu məsələyə konkret son verilib?

- Fikrimcə, bu müsahibədən sonra mənə yenə də təzyiqlər olacaq. Amma onlardan qorxacağım yoxdur.

- Deyirsiz, yenidən sizə təzyiq olacaq. Bəs onların sizdən ehtiyat etməsinin səbəbi nədir?

- Zamanında bu istiqamətdə konkret iş aparmışam, oyun alqı-satqısı kimi çirkin işlərinin üstünü açmışam. Onları ifşa etdiyimə görə mənim özümü günahkar çıxarmaq istədilər. Lakin haqq-ədalət var, mən 3-4 ildir futbolda yoxam, ancaq Azərbaycan futbolunda oyun alqı-satqısı əvvəlkindən də möhkəm tüğyan edir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"