Rövnəq Abdullayevin 4-cü prezidentliyi futbolumuza nə vəd edir?

19 Yanvar 2020 15:26 Azərbaycan Futbolu 1 601
Rövnəq Abdullayevin 4-cü prezidentliyi futbolumuza nə vəd edir?

AFFA-nın 6-ci prezidentinin kimliyi artıq məlumdur. Rövnəq Abdullayev Nizamnamənin 41-ci maddəsinin 3-cü bəndini rəhbər tutaraq, 2020-cı il yanvarın 28-də keçiriləcək növbəti Konfransda federasiyanın rəhbəri vəzifəsinə namizədliyini irəli sürüb.

O, ilk dəfə 2008-ci ildə, ikinci dəfə 2012-ci ildə, üçüncü dəfə isə 2016-cı ildə AFFA-nın prezidenti seçilib.

Bəli, Abdullayev seçkilərə alternativsiz gedir. Bu da yanvarın 8-də verdiyi "2020-ci il Azərbaycan futbolu üçün yaxşı olacaq" bəyanatının açmasıdır. Demək ki, 12 ilə yaxındır davam edən prezidentliyi dövründə 1 dəfə istefa vermək niyyətinə düşməmiş Rövnəq bəy ardıcıl dördüncü müddətə vəzifə başında qalacaq.

Kimliyindən asılı olmayaraq, AFFA prezidenti postu elədir ki, bura öz xoşuyla seçilən və gedən olmur. Hamısı razılaşdırılır. Gəlməsi də, getməsi də. Heç şübhəsiz, Abdullayevə "okey" verilib, o da daha 4 il AFFA-dakı missiyasını yerinə yetirəcək.

Biz günlər öncə Rövnəq bəyin bir layihəsindən bəhs etmişdik. Orada söhbət ondan gedir ki, SOCAR qapılarını rəsmən futbol ailəsinin üzünə açır. Belə ki, neft şirkətinin büdcəsindən növbəti mövsüm üçün 30 milyon manat ayrılır.

Göstərilən məbəğin 20 milyonu Premyer Liqa, qalan hissəsi I Divizion klublarına yönəldilir. Təbii, sayın indiki kimi qalması nəzərdə tutulmur. Elitada minimum 10, birinci dəstədə isə 16 komandanın iştirakı istənilir.

Klublara vəsait verilirsə, aydın məsələdir ki, bunun üzərində nəzarət olmalıdır. Güman ki, bir mexanizm işlənəcək və böyük ehtimalla, bu, "Futbolun İnkişafına Dəstək Fondu" adı altında fəaliyyət göstərəcək.

AFFA-nın yanvarın 8-də keçirilmiş növbədənkənar konfransında Nizamnaməyə edilən bir dəyişiklik, belə görünür ki, SOCAR-ın klubların maliyyə qaynağı olmasını təmin etmək məqsədi daşıyır. Belə ki, 14-cü maddənin 4-cü bəndi ləğv olunub.

“Tabelilik” bölümündə “Heç bir halda bir fiziki və hüquqi şəxs (o cümlədən holdinq şirkətləri və törəmə müəssisələri) birdən artıq kluba birbaşa və dolayı yolla malik ola bilməz” cümlələri ixtisara düşüb.

SOCAR 2011-ci ildən klub təsərrüfatına "baş vurub". Bu yolda ilk addım "Sumqayıt"ı yaratmaq olub. Birinci liqada mübarizə aparan "gənclik şəhəri" təmsilçisi çempion "Abşeron"un yerinə Premyer Liqaya buraxıldı.

SOCAR bu işi törəmə müəssisəsi "Azərikimya" hesabına həyata keçirdi. Ardınca isə klublar bir-bir neft şirkətinin tabeçiliyinə keçdi. İdarəçilik nəzarətini AFFA etsə də, maliyyəsi neft şirkətindən gələn komandalara bundan sonra "Qarabağ", "Zirə" və "Qəbələ"nin də qoşulması nəzərdə tutulub.

Xeyr, elə bilməyin ki, adıçəkilən klublar SOCAR-dan asılı vəziyyətə düşəcək. Onlar kimi, "Sabah" da müstəqilliyini qoruyacaq, hər birinin himayədarı öz yerində qalacaq. Sadəcə, SOCAR bu üçlüyə də əlavə maddi dəstək verəcək. Hər halda yeni planın konturları bu cür cızılıb və irəlidə kənar təsirlər olmasa, ideya indiki kimi gerçəkləşəcək.

Rövnəq Abdullayev AFFA ilə yanaşı, Azərbaycan Cüdo Federasiyasının prezidentidir. Hər iki təşkilatda formal rəhbərdir.

Cüdoda hər daşın altından Sadıq Sadıqov çıxır. "Neftçi"nin keçmiş prezidenti hazırkı işində vitse-prezident olaraq çalışır və qərarverici şəxsdir. Futbolda da de-fakto həmin vəziyyətdir.

Biz bundan sonra da - minimum 4 il ərzində Abdullayevi irəli gələn, AFFA ilə yaxından maraqlanan görməyəcəyik. O, vəzifəsində qalsa da, tezliklə arxa plana keçəcək, sadəcə, sponsor olaraq qalacaq.

Sadıq Sadıqovun cüdoda daşıdığı səlahiyyətlər futbolda rəsmən Elxan Məmmədova ötürüləcək. İcraçı vitse-prezident vəzifəsi sırf bu - baş katibin onsuz da gen-bol olan səlahiyyətlərini bir qədər də artırmaq məqsədiylə uydurulub.

AFFA-nın keçmiş baş katibi Fuad Əsədovun da dediyi kimi, dünya futbol praktikasında olmayan bir yenilikdir bu.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!