“İstəsəm, bu dəqiqə “Şəmkir“i bərpa edərəm, sponsor da taparam“ - İCRA BAŞÇISI

15 Yanvar 2020 18:35 Azərbaycan Futbolu 2 353
“İstəsəm, bu dəqiqə “Şəmkir“i bərpa edərəm, sponsor da taparam“ - İCRA BAŞÇISI

Şəmkirin İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bir neçə gün öncə Şəmkirdə futbolun, xüsusilə də uşaq futbolunun inkişafı məqsədilə rayonun futbol mütəxəssisləri, məşqçiləri ilə görüş keçirib.

Görüşdə çıxış edən Alimpaşa Məmmədov “Şəmkir” Futbol Klubunun küçdiyi şanlı tarixdən, qazandığı uğurlardan danışıb, futbolun Şəmkirdə çox sevildiyini, uşaqdan tutmuş böyüyə kimi hər kəsin futbolla nəfəs aldığını bildirib.

İcra başçısı bildirib ki, bu sevginin qarşılığında təməli möhkəm bir klub yaratmaq üçün diqqəti əvvəlcə uşaq futboluna yönəltmək lazımdır:

“Çünki rayonda futbolun inkişafına dəstək, böyüməkdə olan gənc nəslin sağlam ruhda tərbiyə olunması, futbol azarkeşləri və ümümilikdə bütün rayonda ictimai fəallığın təmin edilməsi üçün bu, vacib şərtlərdəndir”.

Sportinfo.az sözügedən icra başçısının futbola aid yeni planları haqda bir sıra məlumatlar toplayıb.

Məsələn, yerli futbol ictimaiyyətinin nümayəndələri A.Məmmədovdan “Şəmkir“in tezliklə fəaliyyətini bərpa etməsinə köməklik göstərməsini istəyib. O isə rayonun böyük futbola dönüşünün vaxtının hələ çatmadığını elan edib.

Başçı fikrini onunla əsaslandırıb ki, 2 il öncəyədək “Şəmkir“də baş verən hadisələr onda məyusluq yaradıb.

Elvin Səfərlinin prezident olduğu mövsümdə klubun adının danışılmış oyunlara qarışmasına eyham vuran Məmmədov bu kimi halların rayonun futbol imicinə ciddi zərbə vurduğunu bildirib:

“Mən istəsəm, bu dəqiqə “Şəmkir“i bərpa edərəm, sponsor da taparam. Bu, problem deyil. Problem ondadır ki, klubun kökü, dayaqları olmalıdır, bu isə yoxdur.

Biz işə uşaq futbolundan başlamalıyıq. Yadımdadır ki, “Şəmkir“ ölkə çempionatında çıxış elədiyi, çempion olduğu illərdə rayondan bir gənc futbolçu çıxmadı.

Vaxtilə heç kim buna diqqət yetirməyib. İndi biz köməkləşək, bir komanda yaradaq - Şəmkirin özündə bir futbolçu varmı ki, onu ora götürək? Məşqçisinə, futbolçusuna kimi hamısını gedib kənardan gətiririk. Onlar yalnız pula görə bura gələcək.

Sabah çıxıb gedəcəklər, “Şəmkir“ yenə olmayacaq. Elə iş görməliyik ki, klub daim yaşasın. Divizionda, Region Liqasında oynamağın öz vaxtı var. Bütün aşağı yaş qrupları üzrə komandaları yenidən formalaşdırmalıyıq.

Mən tapşırmışam, U-15 yaradılmalıdır. Rauf Mərdanovu ora baş məşqçi təyin edirəm. Futbolu bitirmiş gənclərə məsləhət görürəm ki, məşqçiliyə başlasınlar. Heç kim narahat olmasın, maaşları İcra Hakimiyyəti verəcək.

İki-üç il aşağı yaş qrupları üzrə ölkə çempionatında çıxış edək, sonra “Şəmkir“in bərpası barədə bir şey fikirləşərik".

Digər Xəbərlər
Xəbər Lenti