Klub prezidenti yeznəsinə də 1 milyon dollar "atıb"

14 Noyabr 2019 17:19 Azərbaycan Futbolu 685
Klub prezidenti yeznəsinə də 1 milyon dollar "atıb"

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan "Xəzər"FK-nın prezidenti və “GünayBank”ın keçmiş sədr müavini Emin Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sportinfo.az xəbər verir ki, iş üzrə zərərçəkmiş şəxslər məhkəməyə mülki iddialar təqdim ediblər. Zərərçəkmişlərin mülki iddiaları icraata qəbul edilib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, Emin Zeynalov 2012-ci ildən etibardan sui-istifadə etmə və aldatma yolu ilə müxtəlif şəxslərdən külli miqdarda pul alıb. Özgənin əmlakını ələ keçirmək məqsədilə “iş birliyi” adı altında sərmayə qoymağı təklif edəcəyi vətəndaşları inandırmaq üçün yalandan özünü daxili və xarici valyuta bazarında yüksək gəlirli valyuta mübadiləsi əməliyyatları həyata keçirən, uzun müddət bank sektorunda işlədiyi üçün bu sahədə geniş təcrübəyə malik tərəfdaş kimi təqdim edib.

Müxtəlif şəxslərə bu biznesin genişləndirilməsi üçün sərmayə şəklində verəcəkləri pulun müqabilində gələcəkdə özünün bankdan kənar müstəqil şəkildə həyata keçirəcəyi valyuta mübadiləsi əməliyyatlarından əldə ediləcək gəlirdən şişirdilmiş məbləğlərdə həftəlik və aylıq qazanc verəcəyinə, bu işdə heç bir zərər riskinin olmadığına, olduğu halda belə sərmayəçilərə dəyən zərərin özü tərəfindən ödəniləcəyinə dair yalandan vəd verməklə onların etibarını qazanıb. Bu məqsədlə Emin Zeynalov 2016-cı ilin sentyabr ayında Rəşad Qəribdən 200 min dollar alıb.

Həmçinin, 2017-ci yanvarında bacısının əri Fərid Məmmədovdan 1 milyon dollar, Tamerlan Şeyxzamanovdan 100 min dollar, Məmməd Nəzərəliyevdən 2,5 milyon dollar, Əmrah İldırımzadədən 300 min dollar, Rövşən Əlizadədən 200 min dollar, Eldar Abbasovdan 600 min dollar, Rüfət Kərimovdan 1,4 milyon, İlkin Nuriyevdən 750 min dollar, Orxan Vəliyevdən 4 milyon dollar, Vazeh Xələfovdan 20 min dollar, Elnur Talıbovdan 45 min dollar, Elgün Bağırovdan 1 milyon 850 min dollar, Türkiyə vətəndaşı Zivari Sərdar Mustafa oğlundan 4.5 milyon dollar, Araz Süleymanovdan 1.5 milyon dollar, Rahim Məmmədovdan 500 min dollar, Sahib Səfərovdan 3.5 milyon dollar, Tural Bağırovdan 1 milyon 460 min dollar, Heydər Süleymanovdan 134 min dollar alıb.

Məhkəmə prosesi noyabrın 19-da davam edəcək. İttihama görə, Emin Zeynalov bankdan kənarda qeyri-leqal pul dövriyyəsi sxemi qurub onlarla adamın milyonlarla pulunu mənimsəməkdə təqsirləndirilir. Bildirilir ki, Emin Zeynalov vətəndaşları aldadaraq on milyonlarla manat vəsait cəlb edib və bu qeyri-leqal depozitlərə görə sahiblərinə hər ay 3-6 faiz pul ödəyib. Lakin bir müddət sonra vəsaitlərlə birlikdə yoxa çıxan E.Zeynalovun pulları onlayn valyuta birjası “Forex”ə yatıraraq ziyana düşdüyü məlum olub. Qeyd edilir ki, E.Zeynalovun pulunu mənimsədiyi şəxslər arasında yüksək vəzifəli məmurlar da var.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"