"Kubokda divizion klubu iştirak edə bilmirsə, həvəskar komanda necə oynayacaq?"

9 Noyabr 2019 14:11 Azərbaycan Futbolu 563
"Kubokda divizion klubu iştirak edə bilmirsə, həvəskar komanda necə oynayacaq?"

"Region Liqasında çıxış edən 3 klubdan münasibət öyrənmişdilər. "Ağsu Siti" komadasından bildirmişdilər ki, kubokda oynamağa hazırıq. Klub prezidenti isə mətbuata müsahibəsində demişdi ki, bizim maddi problemlərimiz var, komandada vəziyyət yaxşı deyil. Ümumiyyətlə, bizə Region Liqasında oynayan klublardan heç bir müraciət daxil olmayıb".

Bu sözləri Sportinfo.az-a açıqlamasında Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev deyib. Qurum rəsmisi Region Liqasında çıxış edən bəzi klublar - "Ağsu Siti", "Uğur" və "Şahdağ" (Qusar) komandalarının ölkə kubokuna buraxılmaması ilə bağlı yayılan fikirlərə münasibət bildirib:

"Düzdür, mətbuat bu barədə yazır. Mən bir az təfərrüatı ilə məlumat verim. Bu işin rəsmi tərəfi var. Biz hamımız Azərbaycan futbolunun kütləviliyini, hər yerə yayılmasını istəyirik. Ancaq mövsümün əvvəlində təsdiqlənmiş Əsasnamədə yazılıb ki, Azərbaycan kubokunda yalnız Premyer Liqa və birinci divizion klubları iştirak edə bilər. Niyə yalnız onlar? Çünki kubok peşəkar bir yarışdır. Burada peşəkar statusu olan komandalar iştirak etməlidir. Region Liqasında heç məşqçilərin lisenziyası yoxdur. Bu, həvəskar yarışdır. Orada polis əməkdaşı, həkim, satıcı, usta olan insanlar yığılıb, futbol oynayırlar. Ümumiyyətlə, bu, hüquqi cəhətdən də düzgün deyil. Mövsümün ortasında Əsasnaməni dəyişmək olmaz. İndi biz orada yazılmayan bir şeyi edə bilərikmi?".

Şahgəldiyev ümumiyyətlə həmin klublardan PFL-ə kubokda iştirakla bağlı rəsmi müraciət daxil olmadığını söyləyib: "Birincisi, bizə rəsmi müraciət olmayıb, ikincisi, müraciət etsələr belə, absurd olar. Hər il bu məsələni qaldırırlar. Bəli, bunu növbəti mövsüm üçün müzakirə etmək olar. Burada Məşqçilər Komitəsi, Klublar Komitəsi, AFFA, AFFA İcraiyyə Komitəsi, Region Liqasını təşkil edən qurum var. Hamımız birlikdə müzakirə etməli, həmin klubların infrastrukturunu, stadionunu araşdırmalıyıq. Məşqçisi, futbolçusu buna uyğundursa, yarışda iştirak edə bilər. Bir işi görəndə onun hüquqi tərəfini də araşdırmaq lazımdır. Bu, peşəkar yarışdır. Həmin klubların lisenziya problemi də var. Onlar ümumiyyətlə, lisenziyalaşdırmada iştirak etmirlər. Məsələn, bizdə Əsasnamədə var ki, bu liqada iştirak edən klubun minimum A lisenziyası olmalıdır. Orada heç məşqçinin lisenziyası yoxdur. Bilinmir ki, adam məşqçi olub, ya yox. Hə, iyun-iyul ayında Əsasnamədə dəyişiklik edib, bunu gələn mövsümdən tətbiq etmək mümkündür. Yoxsa hər il çempionatın startına bir həftə qalmış bu məsələ müzakirə edilir, sonda heç nə olmur. Hamı deyir. Amma bu, sadəcə, söz yığınıdır. Mən bir dənə də məktub görməmişəm. Region Liqasının təşkilatçısının da açıqlamasını oxudum. O da deyir ki, bizə bununla bağlı müraciət yoxdur. Həmin klublar bunu harda deyiblər, kimə deyiblər? Belə olmur axı".

Yenə deyirəm, oynamaq istəyən çoxdur. Bəlkə həmin klublar da bu fikirdədirlər. Amma ciddi problemlər var. Region Liqası çox yaxşı yarışdır, bütün respublikanı əhatə edir. Lakin hiss edirsən ki, maddi problemlər var. Məsələn, komanda var, yaxşı gəlmişdilər, o gün oxuyuram ki, klub prezidenti istefa verib. Orada nə baş verdiyini bilmək olmur. Biz belə klubları kuboka buraxa bilmərik. Hamımız istəyərik ki, bütün region klubları kubokda iştirak etsin. Ancaq yarışın keyfiyyətini, səviyyəsini də aşağı salmaq olmaz. Bəzi məsələlər var ki, bunlar araşdırılmalı, yoluna qoyulmalıdır".

PFL rəsmisi söhbət əsnasında 1994/1995-ci illər mövsümündə Azərbaycan kubokunun 1/16 final mərhələsində yaşanmış maraqlı hadisəni də xatırlayıb: "Kubokda iştirak hüququ olan klubların mütləq yarışa qatılması ilə bağlı hər hansı mexanizm yoxdur. Heç bir divizion klubunu kubokda iştiraka məcbur edə bilmərik. Ümumiyyətlə, bu, doğru bir şey deyil. Tutaq ki, kimisə məcbur etdik, iştirak etdi, amma oyuna gəlmədi. Onda necə olacaq? Texniki məğlubiyyət. Bizdə kubokda elə bir hadisə baş verib ki, bəlkə dünya futbolunda olmayıb. Təsəvvür edin, “Azneftyağ” (Bakı) – “Daşqın” (Zaqatala) oyununa qonaqlar gəlmədiyi üçün texniki məğlubiyyət alıb. Cavab qarşılaşmasında da bakılılar iştirak etmədiyinə görə analoji qərar qəbul olunub. 1/8 final üçün ikinci oyun əsas götürülüb və mərhələni "Daşqın" keçib. Belə yarış keçirmək lazımdırsa, problem yoxdur. Kim oyuna gəlmədi, texniki məğlubiyyət verək, qurtarsın. Bu, könüldən gəlməlidir. Bu gün "Turan Tovuz" və MOİK kubokda iştirakdan imtina edib. Hər ikisi köklü komandadır. Onlar oynamaq istəmirlər. Divizion klubu iştirak edə bilmirsə, həvəskar liqa təmsilçisi necə oynayacaq?".

Elnur SALAHOV

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!