Emilin müdafiəsinə qalxdı: "Hər dəfə xilaskarlıq etmək olmur"

22 Oktyabr 2019 20:15 Azərbaycan Futbolu 892
Emilin müdafiəsinə qalxdı: "Hər dəfə xilaskarlıq etmək olmur"

Qazaxıstan çempionatında 30-cu turun oyunları keçirilib. Azərbaycan yığmasının qapıçısı Emil Balayevin formasını geyindiyi “Tobol” doğma meydanda “Ordabası” ilə qarşılaşıb və məğlubiyyətlə üzləşib - 1:2.

Emil bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. “Tobol” hazırda 59 xalla 12 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.

Qazaxıstan mətbuatı son qarşılaşmada qeydə alınan epizodları hələ də müzakirə edir. Həmkarlarımızın bir qismi “Tobol”un çıxışında eniş başladığını iddia edirsə, digərləri Balayev də daxil olmaqla, müdafiə xəttinin zəif təsir bağışladığını bildirir.

“Neftçi“nin sabiq vitse-prezidenti, Emilin futbolçu kimi üzə çıxmasında rolu olan Tahir Süleymanov bu haqda Sportinfo.az-a fikirlərini bölüşüb:

"Emil ilk vuruşda qapını xilas etdi. İkinci zərbə zamanı müdafiəçilər rəqib futbolçunu "bağlamadı". Halbuki Emil ilk qurtarışdan sonra mövqeyini tutmamışdı hələ. Bu da təbiidir.

Qapıçının qaytardığı topları müdafiəçilər sığortalamalıdır. Bu qolda Emilin heç bir günahı yoxdur, bəxti gətirmədi. İkinci qola gəlincə, "Tobol"da dayaq yarımmüdafiəçisi və müdafiə xəttində çıxış edənlər, ümumiyyətlə, bərbad idi.

Epizodlar onu göstərir. Mübarizə yox idi, "çatdırmırdılar". Rəqib cərimə meydanına "proxodnoy dvor" kimi girirdi. Belədə qapıçının "yükü" birə-beş artır, konsentrasiya itir, yayınma baş verir. Yenə də heç bir müdafiəçi və yarımmüdafiəçi rəqibi "bağlamırdı".

Rahat və sürətlə qapıya şığıyır, zərbə vurmağa imkan verirdilər. Bu qolda Emil xilaskar ola bilərdi. Amma alınmadı.

Niyə? Müdafiəçi rəqibin zərbəsinin qarşısını mütləq almalı, ən azından mane olmalıydı. Bu olmadıqda, zərbə yaxın məsafədən yerlə yaxın küncə vuruldu. Emilin geri dönüş etməsi çox çətin idi. Çalışdı, bacarmadı.

Qapıçının hansısa çox ciddi, kobud səhvlərindən söhbət gedə bilməz. Xilaskar ola bilərdi, bu dəfə alınmadı. Bütün oyunlarda xilaskarlıq etmək olmur, mümkünsüzdür.

Ümumiyyətlə, qolların azı yarısı bərbad müdafiə xəttinin üzərindədir. Hətta son epizodda Emil mərkəz müdafiəçisi kimi önə çıxıb, rəqibi "bağlayır", zərbə vurmağa, düşünməyə imkan vermədi".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"