Final öncəsi ab-hava necədir? - Millinin vacib fiquru "Sportinfo"ya DANIŞDI

11 İyun 2022 20:00 Azərbaycan Futbolu 762
Final öncəsi ab-hava necədir? - Millinin vacib fiquru "Sportinfo"ya DANIŞDI

Bu gün minifutbol üzrə Azərbaycan millisi Avropa Çempionatının finalında Rumıniya yığması ilə qarşılaşacaq.

Tarixi qarşılaşmadan saatlar öncə komandadakı ab-havanı öyrənmək üçün komandamızın vacib fiqurlarından sayılan, finala kimi aktivində 7 asist və 2 qol olan Elvin Əlizadə ilə danışdıq.

O, Sportinfo.az-a açıqlamasında bunları dilə gətirdi:

"Rəqib yaxşı komandadır, 6 qat Avropa Çempionudur. Düzdü, qrupda bu rəqibə uduzmuşduq. Amma onda hələ bura tam adaptasiya olmamışdıq. İlk oyun olduğu üçün də müəyyən çətinlik yaşadıq. İndi şükür Allaha vəziyyət daha yaxşıdır, öz oyunumuzu tapmışıq və qələbə üçün bütün gücümüzü meydanda qoyacağıq. Rumıniya millisi bizdən bir baş üstün rəqib deyil. Başa-baş rəqibdir, hətta deyərdim ki, bizim gücümüz onlardan çoxdur. İnşallah, yaxşı oyun gözlənilir.

Finala saatlar qalmış ab-hava əladı. Uşaqlar arasında möhtəşəm mehribançılıq var. Yaxşı dincələ bilmişik. Zədəli və cəzalı oyunçumuz yoxdur. Bəli, ağır oyun olacaq. Amma rəqib daha çox penaltilər seriyası ilə finala kimi gəlib. Biz isə əsas vaxtda qazandığımız qələbələrlə bura kimi gəlmişik. Bu, həm bizə rahatlıq verir, həm də daha az güc itirməyimiz anlamına gəlir. Motivasiyamız superdir. Bura kimi gəlməyimiz belə möhtəşəm nəticədir. Axşamkı qarşılaşmada itirəcəyimiz heç nə yoxdur. İnşallah, hər şey biz istəyən kimi olar".

Azərbaycan - Rumıniya arasındakı qarşılaşma 22:15-də start götürəcək və "İdman TV" vasitəsi ilə canlı yayımlanacaq.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti