“Neftçi”dən bir neçə söz və ya Zirədə topun unudulduğu MATÇ

21 Aprel 2022 20:20 Azərbaycan Futbolu 842
“Neftçi”dən bir neçə söz və ya Zirədə topun unudulduğu MATÇ

Ölkə kubokunun yarımfinal mərhələsinin ilk matçları dünən baş tutdu.

Günün ikinci görüşü Zirədə keçirildi. Burada yerli komanda son çempion "Neftçi"ni qəbul etdi.

Bu matça həm də iki gənc mütəxəssis - Rəşad Sadıqov və Samir Abasovun dueli prizmasından baxanlar çoxluq təşkil edirdi.

Futbolçuların yox, onların bir-birinə təklif edəcəyi, qarşı qoyacağı taktikanın icrası sonda yekun nəticəni təyin edəcəkdi. Bir sözlə, meydanda taktiki savaş, güc futbolu daha önə çıxacaqdı.

Əsəbləri möhkəm olan, erkən qolu vuran və ya ilk qolu vuran sonda güləcəkdi.

Amma 90 dəqiqənin sonunda məlum oldu ki, nəinki qol vurmaq, demək olar heç qol epizoduna girmək belə tərəflərə qismət olmadı.

Öncədən proqnozlaşdırılan, ehtimal edilən bir 90 dəqiqəyə şahidlik etdik. Komandalar son saniyəyə kimi amansız mübarizə apardılar.

Düzdü, baxımlı futboldan söhbət gedə bilməzdi. Bəzi dəqiqələr cansıxıcı keçdi də deyə bilərik. Topun yaddan çıxdığı bir qarşılaşma izlədik.

Hətta heyəti bunun üçün yetərli olan qonaqlar belə baxımlı oyuna "yox" demişdi. Amma meydanın hər qarışı uğurunda gedən güzəştsiz mübarizə də alqışlanası məqam idi.

Top bir tərəfdə olanda digər tərəf anında pressinqlə rəqibinin normal hücum qurmasını mane olurdu. Bunun üçün yüksək fiziki imkanların olması mütləqdir. İnsafən, hər iki tərəfdə 90 dəqiqə oxşar mübarizəni sürdürə bildilər.

Rəşad Sadıqov yalnız 63-cu dəqiqədə dağıdıcı futbolçulardan sayılan İlkin Muradovu əvəzləyib, quruculuğa meyilli Mohamed Hamadouni meydana buraxmaqla bir növ qələbəni daha çox istədiyini büruzə vermiş oldu.

Cəmi 6 dəqiqə sonra buna cavab olaraq onun həmkarı cinahda çıxış edən Azər Əliyevi Sezar Meza Kolliyə dəyişməklə orta xəttdəki balansı yenidən qorumuş oldu.

Startdakı mübarizə sona kimi oxşar senaridə də davam edincə matçda hesab açılmadı. Bu isə daha gərgin matçın cavah görüşünə saxlanmasına şərait yaratmış oldu.

Görünən odur ki, bu dueldə qolu vuran finala addımını atmış olacaq. Həmin qolu vurmaq isə heç də asan görünmür. Gözləyək cavab matçını...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"