TOKİO-2020: Azərbaycan cüdosunun son ümidi

29 İyul 2021 19:40 Paris-2024 1 159
TOKİO-2020: Azərbaycan cüdosunun son ümidi

Tokio Olimpiadasının 7-cü günündə - iyulun 30-da Azərbaycanın 3 idmançısı yarış meydanlarında olacaq.

Ardıcıl uğursuzluqlar yaşayan cüdo üzrə milli komandamızın son üzvləri də sabah mübarizəyə qoşulacaq. Hər 2 cüdoçumuz ən ağır çəki dərəcəsində çıxış edəcək.

Kişi cüdoçuların yarışında gürcü legioner Uşanqi Kokauri (+100 kq) tatami üzərinə çıxacaq. O, ilk qarşılaşmada Polşa idmançısı Matsey Sarnacki ilə üz-üzə gələcək.

Qadın cüdoçuların yarışında isə Azərbaycanı +78 kq çəki dərəcəsində mübarizə aparan İrina Kindzerskaya təmsil edəcək. Bu çəkidə iştirakçı az olduğundan İrina mübarizəyə birbaşa 1\8 finaldan başlayacaq.

Boksçumuz Alfonso Dominges (81 kq) isə 1/4 final döyüşünə çıxacaq. Kubalı legionerimiz bu mərhələdə Türkiyə təmsilçisi Bayram Malkanla döyüşəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 13:24-də başlayacaq.

Boksçumuz bu görüşdə qalib gələrsə, yarımfinala vəsiqə alacaq. Bununla da özü üçün azı bürünc medalı təmin edəcək.

Xatırladaq ki, Tokio Olimpiadasında artıq Azərbaycanın 21 idmançısı çıxışını başa vurub. Onlar arasında ən yaxşı nəticəni 5-ci yeri tutan cüdoçu Rüstəm Orucov göstərib.

SPORTİNFO.AZ

Xəbər Lenti