Hacıyev şübhəli danışdı: "Buraxdığımız ilk qol mənim üçün müəmmalıdır"

16 Oktyabr 2021 18:10 Səbail 706
Hacıyev şübhəli danışdı: "Buraxdığımız ilk qol mənim üçün müəmmalıdır"

"Oyun haqqında çox danışmaq istəmirəm. Məğlub olduq.

Düşünürəm ki, danışılası çox şey yoxdur. Belə qarşılaşmalarda xal qazana bilmiriksə, işimiz getdikcə çətinləşəcək".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev evdə "Keşlə"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis futbolçuların əziyyətinə görə heyfinin gəldiyini bildirib:

"Ardıcıl olaraq üçüncü dəfə süni ot örtüyündə oynamaq və məşq etmək çətindir. Bundan sonra "Qarabağ"la oyun da burada olacaq.

Çempionatdakı fasilədə bir neçə futbolçunun zədələnməsi və məşqi buraxmasına görə əziyyət çəkdik.

Problemlərimizdən çox danışmaq istəmirəm. İlk hissə bizə siqnal verildi ki, müdafiədə boşluqlar var.

Oyunçuların verilən tapşırığı düzgün yerinə yetirməməsi asanlıqla sezilirdi. Fasilədə düzəliş etmək istədik. İkinci hissənin əvvəlində oyuna nəzarət etdik.

Buraxdığımız ilk qol mənim üçün müəmmalıdır. Orada cərimə zərbəsi var idimi? Buna baxmaq lazımdır".

Hacıyev oyunun sonlarında rəqibin müdafiədəki boşluqlardan istifadə etdiyini söyləyib:

"Keşlə"nin hücum xəttində kifayət qədər geniş seçim var. Biz isə Rauf Əliyev sarı vərəqə alsa da, meydanda saxlamağa məcburuq.

İkinci hücumçumuz yoxdur. Oyunumuzda fərq hiss etdirməməyə çalışdıq. Amma rəqib keyfiyyət baxımından üstün idi. Onları təbrik edirəm".

Baş məşqçi yığma komandanın oyunları ilə əlaqədar yaranan fasilənin komandanın işinə yaramadığını sözlərinə əlavə edib:

"Adil Nağıyev "Neftçi" ilə oyunda zədələndiyi üçün bir həftə məşq etmədi. Əslində, "Neftçi" ilə görüşün yerinin dəyişdirilməsində narahat idim.

Amma başqa əlac da yox idi. Onların meydanı təmirə bağlanmışdı. Ardıcıl süni ot örtüyündə oynamaq oyunçular üçün çətin olur".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"