Yenilənmiş “Qarabağ”la “Neftçi”ni yaxından tanıyaq

6 Avqust 2020 21:00 Qarabağ 2 672
Yenilənmiş “Qarabağ”la “Neftçi”ni yaxından tanıyaq

Açığı, Qəbələ səfərini əvvəlki həftəsonlarına planlaşdırmışdıq.

Komandaların düşərgəsinə baş çəkib, yoldaşlıq görüşlərini yerində izləməyi həm bizim, həm də siz oxucular üçün faydalı olacağı qənaətindəydik. Lakin hər dəfə bizdən asılı olmayan bir səbəb Bakını tərk etməyə imkan vermirdi.

Emillə Xayme yox idi
İyulun 31-də “Qarabağ”la “Neftçi”nin üz-üzə gələcəyini biləndən sonra Qəbələ səfərini təxirə salmağın nə mənası vardı, nə də mümkünlüyü. Son illərin ən iddialı komandalarından sayılan, həm də avrokuboklarda əsas ümid yerimiz olan əzəli rəqiblərin qarşılaşmasını iş başında görmək mütləq idi. Hazırlığa təxminən iki həftə vaxt ayrılmış, yeni transferlər Qəbələyə yollanmış və ən əsası, hər ikisi buna qədər yoldaşlıq görüşlərində oyun təcrübəsinin yoxluğunu qismən də olsa, aradan qaldıra bilmişdilər. Deməli, çətinliklər əvvəlki qədər deyildi. Yəni bu oyunu izləməklə hər ikisi haqda müəyyən qənaətə gəlmək olardı. Tam olmasa da...

Həm bakılıların, həm də ağdamlıların yeni futbolçularla güclənmək ehtimalını nəzərə alsaq, baş məşqçilərin iyulun son günündə güvəndiyi “11-lik”lər bu gün üçün ideal sayıla bilərdi. Qurban Qurbanov zədəli Xayme Romero ilə “Sabah”la görüşdə start heyətində yer alan Emil Balayevi ehtiyatda saxlasa da...

Qarabağ: Şahruddin Məhəmmədəliyev, Vild-Donald Gerye, Kevin Medina, Bədavi Hüseynov, Maksim Medvedev, Qara Qarayev, İsmayıl İbrahimli, Abdulla Zubir, Filip Ozobiç, Ovusu Kvabena, Mahir Əmrəli.
Neftçi: Səlahət Ağayev, Tallison Dias, Mamadu Mboc, Voislav Stankoviç, Cabir Əmirli, Mamadu Kane, Emin Mahmudov, Stiven Jozef-Monroz, Sabir Buqrin, Yusuf Laval, Mirabdulla Abbasov.

Ay səni, Ozobiç...
Fasilədən sonra ehtiyatda qalan digər oyunçular da meydana çıxdı və demək olar ki, hamı özünü göstərmək şansı qazandı. Nəticəyə gəlincə, ilk yarısı qolsuz bərabərliklə bitən görüşün ikinci yarısının ortalarında Bədavi Hüseynovun ???? – kimin? künc zərbəsindən qapı qarşısına havalandırdığı topu başla qapıdan keçirməsi oyunda həlledici oldu. Düzdü, az sonra hesab arasındakı fərq arta bilərdi. Di gəl ki, “Qəbələ”də oynadığı dönəmlərdə penalti zərbələrinin mahir ifaçısı kimi tanınan Ozobiç bu dəfə 11 metrlik zərbədən yararlana bilmədi. Dəqiq desək, topu qapının üstündən vurdu.

Oyunun dəqiqələr etibarilə necə keçməsi, komandalardan hansının topa daha çox sahib olması, ya da hansının daha çox qol vəziyyəti yaratması bu gün üçün ciddi önəm daşımır. Status yoldaşlıq görüşüdüsə, başqa suallar üzərində “gəzişməliyəm”. Lap maraqlıdısa, onu deyə bilərəm ki, “Qarabağ” həmişə olduğu kimi topa daha çox yiyələndi, rəqibinə qol imkanları yaratmadı, ən vacibi, hesabı açandan sonra qorumağı bacardı.

Matiçin durumu necədi?
Bəs “Qarabağ”ın bugünkü durumu necədi? Yeni transferləri necə təsir bağışlayır? Bir çox futbolçuların komandanı tərk etməsinə baxmayaraq, oyun planında ciddi əskiklər görünmür.

Razıyam, Qara – Miçel - Riçard “üçlüy”ünün orta sahədə top saxlamaq keyfiyyəti Qara, İsmayıl və Ozobiçin bacarığına nisbətən üstün idi. Amma buna görə təəssüflənməyə dəyməz. Çünki Qurban Qurbanovun Avroliqa görüşlərində yarımmüdafiənin mərkəzində fərqli “üçlük”dən istifadə edəcəyi gözlənilir.

Uroş Matiç özünə gələndən sonra İsmayıl, heç şübhəsiz, ehtiyatda qalacaq. Xayme Romero “11-liy”ə qayıdandan sonra Ovusunun da hücumçunun arxasında çıxış edəcəyi gözlənilir.

Ümumi mənzərəyə baxmalı olsaq, “Qarabağ”da yorğunluqdan, xüsusən də fasilədən sonra müəyyən mənada müşahidə olunan ağırlıqdan başqa ciddi problem nəzərə çarpmadı. Belə deyim, dəyişən adlardı, “Qarabağ” elə həminkidi.

Yenilərə gəlincə, Emil Balayev ikinci 45 dəqiqədə şans qazandı ki, işi elə də çox olmadı. Yaxından tanıdığımız qapıçının nəyə qadir olduğunu yığmanın oyunlarından görmüşük deyə, uzun-uzadı izaha ehtiyac yoxdu.

Eyni sözləri aşağı-yuxarı Gerye haqda da söyləyə bilərik. Düzdü, “Qarabağ”da gördüyümüz Vild-Donald deyil. Fiziki plandakı nöqsanları özünü açıq-aşkar göstərir. Lazım olan formasını yığandan sonra faydalı olacağına şübhə yoxdu.

Medina oyun üslubuna görə vaxtilə “İnter”, “Qəbələ” və yığmanın şərəfini qorumuş Vladimir Levini xatırladır. Cüssəlidi, hava toplarında qalib olmağı bacarır, sol ayağı işləkdi, ikili mübarizələrdə sərt davranır, yeri gələndə kobudluğa əl atır. Levindən üstün tərəfi topla yaxşı rəftarıdı.

Amma sürət baxımından axsaması və olduqca ağır görünməsi avrokuboklarda özünü göstərəcək. Ümid edək ki, o vaxta kimi müəyyən mənada düzələcək. Hə, əsas sual – Matiç nə ilə yadda qaldı?

Komandaya “Neftçi”ylə görüşdən 3 gün əvvəl qoşulan serb meydana ikinci yarının ortalarından daxil oldu ki, uzun müddətdi kollektiv məşqlərdən kənar qalması özünü göstərirdi.

Çəki mənasında başıuca olsa da, sürət və mübarizə planında gerilədiyi göz qabağındadı. Amma ötürmələrini görən istənilən futbol adamı Uroşun səviyyəsinə rahat “5” verər. Ona da 10-15 gün vaxt lazımdı.

Tallison seçilir
Eyni mövzuda “Neftçi” haqda danışmalı olsaq, təəssüf ki, xoş sözlər deyə bilməyəcəyik. Təəssüratımın nəticə ilə qəti əlaqəsi yoxdu. O qədər komandalar olub ki, yaxşı oynayıb uduzublar. Sadəcə, bu gün “Neftçi”də oyun adına yaxşı heç nə yoxdu.

Belə olmasının başlıca səbəbəbi bəzi aparıcı futbolçularla yolların ayrılması və onların yerinə Azərbaycan futbolundan xəbəri olmayan yenilərin gəlməsidi. Yəni Talissonla Geryeni müqayisə etməli olsaq, təbii, haitili bir addım öndə olacaq.

Həm komandanı yaxından tanıyır, həm mühitə alışıb. “Ağ-qaralar”ın əsas heyətində 5 yeni futbolçudan dördü – Tallison, Cabir, Sabir və Yusuf meydana çıxmışdı. Bu isə komandanın üçdəbirinin yenilənməsi deməkdi.

Ona görə də əsas problem xətlərarası əlaqənin zəif olması idi. Orta sahədə Eminlə Kane hər nə qədər fəal görünsələr də, cinahların aktivliyinin aşağı olması zəhmət çəkənlərin əziyyətinin yerə vurulmasıyla nəticələnirdi. Ona görə də nə düz-əməlli hücum qura bilirdilər, nə də top saxlamağı bacarırdılar.

Füzuli Məmmədov 90 dəqiqə boyunca boğazını yırtır, ayrı-ayrı futbolçulara istəkli oynamağı, mübarizə qoşulmağı, “açılmağı” tapşırırdı. Amma nə fayda? Hazırlıqsızlıq və bəzilərinin yeni olması özünü göstərirdi.

Tallisonun “Neftçi” üçün tapıntı olduğunu çəkinmədən deyə bilərik. Müdafiənin sol cinahında çıxış edən braziliyalı olduqca sürətli və istəklidi. Özünü sanki uzun illərdi bu komandada oynamış kimi aparır, rahat görünürdü. Asmaları və keçidləri ilə bakılılara xeyir verəcəyini nümayiş etdirdi.

Yeganə mənfi cəhəti hücumlara qoşulanda cinahını boş buraxmasıdı. Yusuf sürəti hesabına yarımmüdafiənin sağında nəsə etməyə çalışsa da, yalnız ilk hissədə nisbətən gözə dəyirdi ki, onda da Geryenin təzyiqi ilə üzləşirdi.

Fərdi keyfiyyətlərinə əsasən Dario Federikodan üstün olmayacağını əminliklə deyə bilərəm. Səviyyəsinə görə öyünənlərdən deyil, adamın əzmkarlığı və sürəti var. Sabir haqda nəsə demək, ümumiyyətlə, mümkünsüzdü. Adamı yarımmüdafiənin mərkəzinə sanki say doldurmaq üçün qoymuşdular.

Yerində qaçır, ara-sıra ayağına top düşən kimi də yox olurdu. Sonra necə olacaq – zaman göstərər. Bugünkü Sabirin digər sabirlərdən ciddi fərqi görünmür. Cabirə gəlincə, nəyə qadir olduğunu hamımız bilirik. Ona görə də onun haqda xüsusi bəhs etmək artıqdı.

Ömər Buludovla Tural Axundovdan üstün olduğunu iddia etmək ağılsızlıq olar. Cabirdi də, işini ora-bura qaçmaqla bitmiş sayırdı. Bir-iki epizodda Abdullanın fintlərlə onu keçməsinin qarşısını almağı bacarsa da, “Neftçi” səviyyəsində olmadığı danılmaz faktdı.

Qəbələ varsa, Avropaya gərək yoxdu
Bir maraqlı xəbəri də diqqətinizə çatdırım. Hər nə qədər bu oyunla əlaqəsi olmasa da, məlumatı matçı izləyən zaman öyrəndim. Deməli, “Qəbələ” 8 komandanın Qəbələdə keçirdiyi toplanışla bağlı süjet hazırlayır. Hətta bu məqsədlə “Qarabağ” – “Neftçi” qarşılaşmasında ağ rəngli dron havaya qaldırıldı. Süjetin yaxın 10 gün ərzində tam hazır olacağı gözlənilir.

Üçgünlük Qəbələ səfərim, daha doğrusu, “Qəbələ”nin bazasında və yoldaşlıq görüşlərində gördüklərim haqda uzun-uzadı nəsə yazmağı artıq sayıram.

Bilirsiz, niyə? Çünki hər şey o dərəcədə mükəmməl təşkil olunub ki, toxunacağım hər məqam haqda “əla” sözünü yazmalıyam.

“Qəbələ” rəsmiləri bir qədər fəal davranıb 3-5 Avropa komandasını turistlərin də çox sevdiyi Azərbaycanın dilbər guşəsinə cəlb edə bilsələr, bizimkilərin xaricə getmələrinə ehtiyac qalmayacaq. Sadəcə, bunu istəmək lazımdı, başqa heç nə (Futbol+)...

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!