Fasilə "Keşlə", "Sabah" və "Zirə"ni dəyişə biləcəkmi?

11 Sentyabr 2021 16:40 Premyerliqa 416
Fasilə "Keşlə", "Sabah" və "Zirə"ni dəyişə biləcəkmi?

Bu gün 3 həftəlik fasilədən sonra Azərbaycan Premyer Liqasında üçüncü tura start verilir. İlk oyun gününə 2 matc nəzərdə tutulub.

"Keşlə" doğma meydanda "Zirə"ni, "Sabah" isə Qəbələ"ni qonaq edəcək.

Yaranmış fasiləni "Qəbələ" xaric digər 3 komanda üçün göydən düşmə saymaq olar. Çünki hər üç kollektiv də mövsümə uğursuz start vermişdi.

"Sabah" və "Keşlə" fasilədən öncəki hər iki turu da məğlubiyyətlə başa vurub. Nəticədən əlavə "Keşlə" və "Sabah"ın göstərdiyi oyun da futbol ictimaiyyətində xoş qarşılanmamışdı.

"Zirə" isə ilk iki turda aktivinə cəmi 1 xal yazdırmağı bacarıb. Rəşad Sadıqovun komandası insafən hər iki görüşü də çempionluğa əsas namizəd "Qarabağ" və "Neftçi"yə qarşı keçirib.

Amma istənilən halda komandanın startındakı oyunu gələcəyə ümid verməmişdi. Bir sözlə, Rəşad Sadıqovun "Zirə"si hələ də ondan olan gözləntilərin altındadır.

Fasilə yenidən toparlanmaq, əskikləri aradan qaldırmaq baxımından yaxşı fürsət oldu. İndi bu fürsətdən kimin necə istifadə etdiyini axşamkı görüşlərdə biləcəyik.

"Zirə" həm də onu sübut edə bilər ki, ilk iki oyundakı bədbin futbol rəqiblərin səviyyəsi ilə bağlıdır. Əks halda növbəti məğlubiyyət "Zirə" ilə bərabər "Keşlə" və "Sabah" üçün dərin uğursuzluğun başlanğıcı ola bilər.

"Qəbələ" ilə bağlı vəziyyət isə tam fərqlidir. Yuxarıda haqqında bəhs etdiyimiz komandalardan fərqli olaraq Elmar Baxşıyevin yetirmələri mövsümə əla start verdi.

Son çempion "Neftçi"dən səfərdə 1 xal alındısa, son ölkə kubokunun qalibi "Keşlə" doğma meydanda məğlub edildi.

İndi əksəriyyəti düşündürən sual da budur ki, bölgə klubu fasilədən sonra eyni tempi qoruya biləcəkmi? Bütün suallara isə axşamkı iki 90dəqiqələrdən sonra aydınlıq gələcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti