"Neftçi”nin prezidenti bunu açıb-ağartmasa da…

11 İyul 2020 22:40 Neftçi 1 311
"Neftçi”nin prezidenti bunu açıb-ağartmasa da…

İyulun 9-da "Neftçi”nin məşqçilər korpusuna yeni təyinat gerçəkləşdi.

Vadar Nuriyev əsas komandada Füzuli Məmmədova köməkçi təyin olundu.

47 yaşlı mütəxəssislə 1 il müddətinə müqavilə bağlanıb. 1998-2001-ci illərdə "Neftçi”nin heyətində 46 oyun keçirmiş Vadar Nuriyev 1999-cu ildə Azərbaycan kubokunun qalibi adını qazanıb.

2018-ci ildə bakılıların "dubl"unu çalışdırmış Nuriyev "İnter”in əvəzedici və U-19 komandalarında, eləcə də "Olimpik-Şüvəlan”ın əvəzedicilərində baş məşqçi, 19 yaşlılardan ibarət Azərbaycan millisində, AZAL, MOİK və "Keşlə”də isə baş məşqçinin köməkçisi vəzifəsini tutub.

Taleyin işinə bax, Füzuli Məmmədov aylardır vakant qalmış posta öz qardaşını gətirmək istəyirdi. "Qəbələ"dən ayrılan Xaqani Məmmədovun bura təyinatı xəbər mətbuata sızandan sonra reallaşmadı. Yoxsa burada indi o idi.

Amma Vadar Nuriyev də yanlış seçim deyil. öz işini bilən, məsuliyyətini başa düşən və səlahiyyət dairəsindən kənara çıxmayan azsaylı məşqçilərdən biridir. Füzuli Məmmədov bu seçimində yanılmayıb. Həqiqətən də məşqçi korpusunda belə adama ehtiyac vardı və o, bir xeyli gözləyəndən sonra doğru qərar verdi.

Nuriyev ötən həftəyə kimi "Keşlə"də Tərlan Əhmədovun köməkçilərindən biri idi. "Neftçi"yə təyinat almamışdan 3 gün öncə buradan ayrılmaq məcburiyyətində qalıb.

Əhmədov 35 illik dostunu heç bir səbəb göstərmədən işindən uzaqlaşdırıb. Nə səbəb göstərəsidir guya? Əhmədov ətrafında təmiz insanların olmasını istəmir, hərəsini bir bəhanəylə özündən uzaqlaşdırır.

Ona Mehman Babayev kimi «yardımçılar» lazımdır. Elələri ki, məşqçiyə, futbola yaraşmayan hərəkətləri ilə gündəmə gəlib, AFFA tərəfindən fəaliyyətinə qadağa qoyulub. Nə sirdirsə, Tərlan Əhmədov keçmişi ilə qara nöqtələrlə zəngin adamları öz çevrəsinə toplamaq istəyir.

Zaman göstərdi ki, Kamran Quliyevin onu «Neftçi»dən uzaqlaşdırması düzgün qərardır. Görünür, klub prezidenti nələrdənsə duyuq düşübmüş… Hansıları ki, ötən müddət ərzində hələ bircə dəfə də üstünü vurmayıb, açıb-ağartmayıb.

Amma bilinəcək. Bir gün bilinəcək. Mütləq şəkildə. Kamran Quliyev Tərlan Əhmədovdan imtinanın gerçək səbəblərini ictimailəşdirməsə də, yəqin ki, bunu başqası edəcək.

Məsələn, «Keşlə»nin Müşahidə Şurasının sədri Zaur Axundov.

Axı o, istəməz ki, klubunun adı növbəti dəfə xoşagəlməz söz-söhbətlərdə, hadisələrdə hallansın. Hər halda buna inanırıq. Deyim var, doğruların üzə çıxması bəzən heç 40 gün də çəkmir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"