Çempionu "Neftçi"yə dəyişməsinə peşman deyil ki?

3 Mart 2020 09:28 Neftçi 996
Çempionu "Neftçi"yə dəyişməsinə peşman deyil ki?

“Neftçi”nin sabiq baş məşqçisi Roberto Bordin Moldova mətbuatına geniş müsahibə verib.

Sportinfo.az xəbər verir ki, vaxtilə “Şerif”lə Moldova çempionu adını qazanan italiyalı mütəxəssis bu komandanı “Neftçi”yə dəyişdiyinə peşman olmadığını bildirib.

Bordin Tiraspol təmsilçisi ilə Çempionlar Liqasının təsnifat mərhələsində “Qarabağ”la keçirilən matçları da yada salıb.

- “Şerif”in baş məşqçisi olarkən Çempionlar Liqasının təsnifat mərhələsində “Qarabağ”la oyunları xatırlayırsınızmı? Evdəki bərabərliyə baxmayaraq, mərhələ keçə bilmədiniz. Səbəb nə idi?
- Avropa yarışlarında oynamaq təcrübəsi olan çox yaxşı bir klubla düşmüşdük. “Qarabağ” ondan sonra Çempionlar Liqasının qrup mərhələsinə yüksəldi. İlk görüşdə uduzmasaq da, bizim üçün çox çətin olmuşdu. Düzünü deyim, həmin vaxt bu heç-heçə üçün çox çalışmalı olduq. Çünki “Qarabağ” qələbəyə daha yaxın idi, nəinki matçın bərabərə bitməsi. Cavab matçında iki yaxşı qol imkanımız oldu. Kim bilir, həmin şanslardan yararlansaydıq, bəlkə daha fərqli olardı. Belədə rəqib bütün gücü ilə hücuma atılacaqdı, bizə də sürətli əks-hücumlar imkanı yaranacaqdı. Əvəzində ilk hissənin sonlarında kobud səhvə yol verərək, qol buraxdıq.

- “Şerif”də aparıcı müdafiəçiniz olan Petru Rakunu “Neftçi”yə dəvət etsəniz də, orada oyunu alınmadı. Bu nədən qaynaqlandı?
- Raku kimi futbolçu hər bir məşqçi üçün tapıntıdır. O, işinə həmişə ciddi yanaşan əsl peşəkardır. "Şerif"də mənə çox kömək etdi, hər şey üçün ona minnətdaram. O, təkcə yaxşı futbolçu deyil, həm də kömək etməyə çalışan insandır. Hər vəziyyətdə ona güvənə bilərsiniz. O ki qaldı oyununa, həm müdafiənin mərkəzində, həm sağında, həm də dayaq yarımmüdafiəçisi mövqeyində oynatdım. Onun oyununa və insani keyfiyyətlərinə bələd olduğum üçün “Neftçi” rəhbərliyini 6 aylıq müqaviləyə inandıra bildim. Altı aylıq sözləşməsi var idi və rəhbərlik onu yeniləməməyə qərar verdi. Ancaq onu izləyirəm. Bilirəm ki, oradan Rumıniyaya yollandı, hazırda isə Moldovada başqa klubda çıxış edir.

- Ailəvi səbəbdən “Şerif”dən ayrılsanız da, İtaliyadan uzaqda yerləşən Azərbaycana yollandınız. Moldovadan ayrılmağınızın əsl səbəbi nə idi?
- Rəhbərliklə heç bir münaqişəm yox idi. Əslində İtaliyada həll etməli olduğum bəzi məsələlər var idi. Bəli, bu, ailəmlə əlaqədar idi. Bir aydan sonra problem yoluna qoyuldu və ölkədə qalmağa ehtiyac qalmamışdı. “Şerif”lə müqavilə müddətim artıq başa çatmışdı, azad agent idim və aldığım bütün təklifləri nəzərdən keçirirdim. Onlar arasında ən çox “Neftçi” variantı xoşuma gəldi. Nəticədə “Neftçi” ilə anlaşmaq qərarına gəldim.

- Moldova çempionunu "Neftçi"yə dəyişdiyinizə görə peşman deyilsiniz?
- Heç vaxt heç nəyə peşman olmamalısınız. "Neftçi"də də yaxşı vaxtlarımız oldu. Avropa Liqasında Tula “Arsenal”ını hər iki oyunda məğlub etdik, hətta evdə 3:0 hesablı qələbə qazandıq. Azərbaycan klubu ona qədər heç vaxt avrokuboklarda Rusiya təmsilçisini qəbul etməmişdi, biz buna nail olduq. Moldovadakı işlərimə gəlincə, düşünürəm ki, “Şerif” mənə çox şey qazandırdığı kimi, mən də bu kluba çox şey verdim.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"