“Neftçi”nin qeyri-sabit çıxışının səbəbini içəridə axtarmaq lazımdır"

15 Dekabr 2019 11:06 Neftçi 1 285
“Neftçi”nin qeyri-sabit çıxışının səbəbini içəridə axtarmaq lazımdır"

Premyer Liqa qış fasiləsinə yollandı. Açığı, gözlənilməz nəsə baş vermədi desək, yanılmarıq. Çünki aşağı-yuxarı hər il olduğu kimi, bu mövsüm də “Qarabağ” fasiləyə lider kürsüsündə yollandı.

Avroliqanın təsnifat mərhələsində müəyyən ümidlər yaradan “Neftçi” isə yenə də əzəli rəqibi ilə bacara bilmir. Ağdamlıların cari mövsümdə kifayət qədər xal itkisini flaqman üçün heç də üstünlük saymaq olmaz. Çünki “ağ-qaralar” bundan heç cür yararlana bilmədi.

“Qarabağ”ın yanvardan sonra avrokubok oyunlarının olmadığını nəzərə alsaq, fasilədən sonra da qeyri-adi nəyinsə baş verəcəyinə ümid etmək çətindi. Mövsümün ən gözlənilməz başlanğıcını edən isə “Keşlə” oldu.

“Qırmızılar” ötən mövsüm çempionatı sonuncu bitirsə də, bu il yüksəliş dövrünü yaşayırlar. Ümumilikdə kimlərin gözləntiləri qarşıladığını, kimlərin xəyal qırıqlığı yaşatdığını mütəxəssislərdən soruşduq (Futbol+).

Ağasəlim Mircavadov: “Qarabağ” yenə də liderdi. Belə başa düşürəm ki, yenə çempion olacaqlar. Çünki geridən gələn klublar sabit oynamırlar. Hələ “Qarabağ” əsasən Avroliqaya fikir verdiyinə görə bəzi oyunlarda xal itirirdi. Buna rəğmən, komanda yenə də çox qabaqdadı. Başqa klublara gəlincə, mən bir çoxundan çox şey gözləyirdim. Birincisi, elə “Neftçi”dən gözləntilərim böyük idi. Çünki bu komanda Avroliqanın təsnifat mərhələsində, xüsusən də “Arsenal”la çox yaxşı oyunlar keçirmişdi. Hər iki qarşılaşmada üstün idi. Nəzərə alaq ki, həmin “Arsenal” Rusiya çempionatında 7-8-ci pillədədi. “Neftçi”nin onlara qarşı oyunu təsadüf ola bilməz. Təsadüf bir oyunda olur. Ancaq iki matçda da qazanılan nəticə təsadüf ola bilməz. Çempionatda isə sabit çıxış etmədilər. Sabitlik olmayanda isə ya hazırlıq prosesində, ya da məşq ərəfəsində nəsə zəiflik ola bilər. Adətən, komanda sabit oynamayanda problem yaranır. Və bu problemi həll etmək lazımdı. Başqalarına baxanda mənim üçün yaxşı çıxış edən klublardan biri “Keşlə” oldu. Nəzərə alaq ki, maliyyə imkanları da azdı. Ancaq komanda çox istəkli oynayır. İstəkli oynayanda isə nəticə gəlir. İstəkli olanda səhv də az olur. Səhv olanda belə, bunu aradan qaldırmaq üçün istək lazımdı. Hər oyuna belə çıxmaq lazımdı. Məncə, qış fasiləsindən sonra da yaxşı oynayacaqlar. Yəni qış fasiləsi o demək deyil ki, gedin istirahətə, sonra gəlib oynayın. İstirahətdə də oyunçularda bəlli bir plan olmalıdı. Əsasən də fiziki cəhətdən. Yaddan çıxarmayaq ki, fasilədən sonra ortaya kubok da gəlir. Hansısa komanda kubok üçün də mübarizə aparır. Bu üzdən əlavə güc də tələb olunur. Fasilə həm də çempionatın davamıdı. Necə hazırlaşacaqsansa, o cür də davam edəcəksən. “Qəbələ” üçün isə heyfsilənməmək olmur. Onların vəziyyət ağırdı. Ancaq bu komandanı qorumaq lazımdı. Çünki çox yaxşı şəraiti, akademiyası var. Mən özüm də dəfələrlə orda olmuşam. Ümumilikdə klublarımız sabit oynamırlar. Bir oyun yaxşı, bir oyun pis oynamaqla alınmır bu işlər. Yaddan çıxarmasınlar ki, klublar yığma üçün də oynayırlar. Milliyə oyunçular klublardan gəlir. Onlar mütləq öz üzərində işləyib, inkişaf etməlidilər. Ki, həm yığma üçün hazır olsunlar, həm də azarkeş gəlib onların oyununa baxsın. Bunlar bir-birinə zəncirvari bağlı şeylərdi”.

Samir Abasov: “Çempionatın ikinci dövrəsində aşağı-yuxarı gözlənilən kimi oldu. Birinci yer uğrunda iki komandanın mübarizə aparacağı gözlənilirdi. Hazırda da vəziyyət elədi. “Neftçi” ilə “Qarabağ”ın çempionluq üçün yarışacağı bəlli idi. Ancaq “Qarabağ”ı çempionluğa daha yaxın görürəm. Ümidləri doğrultmayan komanda “Sabah” oldu. Ancaq şansları yoxdu demək də olmaz. Ümumiyyətlə, çempionatda yığılan xallardan görünür ki, komandaların gücü aşağı-yuxarı eynidi. Sadəcə, heyətdəki oyunçuların keyfiyyəti baxımından “Neftçi” onları üstələyir. Bir qədər “Qarabağ”la baş-başa oynaya bilirlər. Qalanlarının isə neçənci yeri tutacağı bəlli deyil. “Neftçi”nin sabit çıxış etməməsinin səbəbini komandanın içində axtarmaq lazımdı. Bunun səbəbini kənardan baxmaqla demək olmaz. Ən yaxşısını məşqçilər heyəti, oyunçular bilər. Digər tərəfdən, “Qəbələ” məsələsi var. Həqiqətən də “Qəbələ”nin dağılmasına çox üzülərik. Həmişə çempionluğa namizəd deyəndə, ağla “Qəbələ” də gəlib, Avroliqada mübarizə aparıblar. Bundan əlavə, “Qəbələ”nin gözəl infrastrukturu var. Bunun tarixdə qalmasını istəmərik. Yoxsa çox şey itirə bilərik. İnanıram ki, bir şey fikirləşib komandanı saxlayarlar. Fasilədən sonra isə transferlərdən çox şey asılı olacaq. Oyunçuların hansı səviyyədə olmasına baxıb dəqiq nəsə demək olar. Özünüz də bilirsiz ki, çempionatda çox da yüksək səviyyəli legionerlər yoxdu. Ancaq yenə deyirəm, qışdan sonra “Qarabağ”ın Avroliqada oyunlarının qalmadığını düşünəndə, çempionun bəlli olduğunu demək mümkündü. Çünki bu çempionat “Qarabağ” üçün çox asandı”.

Elxan Abdullayev: “Açığı, turnir cədvəlində hər şey görünür. Ancaq mən həmişə demişəm ki, bu çempionatda “Qarabağ” və başqaları var. Bir az “Neftçi” digərlərindən üstündü. Ancaq qalanları aşağı-yuxarı eyni gücdədi. Bu gün üçüncü yerlə dördüncü pillədə qərarlaşanlar çox tez dəyişə bilər. Çünki onlar eyni səviyyədədilər. “Keşlə”nin gözlənilməz çıxış etdiyi deyilir. Nəyə görə? Şəxsən mən gözləyirdim. Birinci yerdə olsaydılar, gözlənilməz olardı. Dediyim kimi, bu çempionatda “Qarabağ”, “Neftçi” və qalanları var. Üçüncü yerdə “Keşlə” də ola bilərdi, “Qəbələ” də, bir başqa komanda da. Əlbəttə, hamımız istərdik ki, “Qəbələ” yaşasın, Qəbələdə futbol olsun. Hazırda yeganə akademiya Qəbələdədi. Məncə, bu gün “Neftçi” də öz yerindədi. Ordan nə aşağı düşə, nə də yuxarı qalxa bilərlər. “Neftçi”nin çempion olmasını hamı istəyir, şəxsən mən də çox istərdim. “Neftçi” hamı üçün doğma komandadı. Ancaq özümüzü aldada bilmərik, ortada reallıq var. Məndən soruşanda ki, “Neftçi”nin çempion ola bilməməsinə səbəb nədi, deyirəm ki, “Qarabağ”ın varlığı. Bu gün “Neftçi” nə qədər istəsə də, “Qarabağ”la rəqabət apara bilməz. Çünki “Qarabağ” hər cəhətdən üstündü”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"