"Belə biri olsa, deyərdim ki, "Neftçi" rahat çempion olacaq"

12 Aprel 2021 22:20 Neftçi 1 533
"Belə biri olsa, deyərdim ki, "Neftçi" rahat çempion olacaq"

"Son iki turda "Neftçi"nin oyununda eniş hiss olunur. "Qarabağ"da isə bunun əksi baş verir. Bu o demək deyil ki, çempionluq mübarizəsi bitdi və ya "Neftçi" çempion olmayacaq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Neftçi"nin sabiq baş məşqçisi Füzuli Məmmədov deyib.

Hazırda "Qaradağ Lökbatan"da çalışan mütəxəssis "Neftçi"nin "Qarabağ"la oyuna kimi mütləq xal itkisi olmadan irəliləməli olduğunu bildirib: "Mən düşünürəm ki, qarşıda hələ çətin oyunlar var. "Neftçi" qarşıdakı oyunları mütləq udmalıdır. Çünki son turda "Qarabağ"la oyun var. Aradakı xal fərqinin böyüməyinə imkan vermək olmaz. Fərq böyüdükcə "Qarabağ" daha rahat oynayacaq".

Məmmədiov "flaqman"ın ardıcıl xal itkisini belə dəyərləndirib: "Azərbaycan Premyer Liqasında bütün komandalar digərlərindən xal almaq keyfiyyətindədir. "Neftçi"nin "Sumqayıt"la oyunları hər zaman çətin keçir. Açığı, bilirdim ki, həmin oyun çətin olacaq. Amma "Qəbələ" ilə oyunda "Neftçi"dən qələbə gözləyirdim. Ancaq əksi baş verdi. "Qəbələ" daha əzmkar oynadı. "Neftçi"nin müdafiədə yol verdiyi səhvlər qolla nəticələndi".

Gənc mütəxəssis Hondanın çıxışına da toxunub: "Honda bura gələndə durumunu bilmirdik. Ola bilər fiziki cəhətdən meydanda az hərəkət edir. Bunu digər futbolçular əvəz edir. Amma ötürmələri və keyfiyyəti göz önündədir. "Qəbələ" ilə oyundakı ötürmələri çox təhlükəli idi. Düşünürəm ki, qarşıdakı çətin oyunlarda Honda son vuruşları, ötürmələri ilə fayda verə bilər. Sadəcə onun verdiyi ötürmələrin dəyərini yüksəltmək üçün yaxşı hücumçu lazımdır ki, qola çevirsin. Belə bir hücumçu olsaydı, mən deyərdim ki, "Neftçi" rahat çempion olacaq".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"