Bəsdir, bu futbolu proqramlaşdırıb kökləməyincə, nəsə dəyişməyəcək!

3 Oktyabr 2021 17:40 Köşə 1 119
Bəsdir, bu futbolu proqramlaşdırıb kökləməyincə, nəsə dəyişməyəcək!

Portuqaliyaya uduzmaq istər səfərdə olsun, istər bitərəf meydanda, istərsə də dogma divarlar arasında, heç ayıb deyil.

Bu cümlədəki "heç"in yeri var və heç də əbəs işlədilməyib.

Çünki Azərbaycan milli futbol komandasının bu mərhələdəki oyununa, lap elə boyuna-buxununa görə, ümumiyyətlə, qarşıya çıxan hər rəqibə uduzmaq olar, əlbəttə, ayıb deyil.

Məsələn, Lüksemburqa uduzub, sonra bir hissədəki oyuna tərif vermək olar. Belə olanda, Portuqaliya kimi as komandaya uduzmağın özündə və sözündə ayıblıq nə ola bilər ki?! Uça-uça gəldilər, gəzə-gəzə üç qol vurdular, halalca üç xalla qaça-qaça getdilər.

Doğrudur, lap azacıq zəhmət çəkdilər: soyunub-geyinmişdilər axı, üstəlik, meydana çıxıb top qovmuşdular, nə az, nə də çox, 90 dəqiqə üstəgəli ilə.

Millinin oyununa ikrah dolu kinayə və eyhamla söz açmağın özü də indiki halda bir lütfdür. Əlbəttə, yəqin Portuqaliya ilə Bakıda məşhur bir oyunu bir az stajlı azarkeşlər yaxşı xatırlayırlar. Arenadakı işıqlanma sistemi probleminə görə iki gün davam edən matçda Luiş Fiqu və komandasından qoparılan bir xalın Azərbaycan millisinə nəyə başa gəldiyini həmin tamaşaçılar yəqin çox yaxşı bilirlər. Əzm, iradə, mətinlik, istək, həvəs, coşğu və s. və i. Sonra bir neçə il davam edən ümid qığılcımı. Hərçənd hamı bilirdi ki, bu, od törətməyəcək qığılcımdır, hələ odunu yaşdır. Amma öldürəni olmayınca, ümid isitməsə də, ovunduran həmin ümiddir.

Bəli, bu dəfə heç oyundan söz açmağa dəyməz. Qüvvələr nisbəti heç müqayisə oluna bilməz, heç maraqlı da deyil. Amma tarix, təcrübə isbat edir ki, sadəcə, istək, quruca həvəs olan yerdə nailiyyət mümkündür. Elə buna görə arenaya "COVID-19" pandemiyası səbəbilə icazə verilən limit həddinə qədər toplaşan azarkeşlər, həvəskarlar, heç olmasa, futbolçulardan azacıq, kiçicik, bircə damla boyda həvəs gözləyirdilər.

Bu komanda məğlubiyyətlə barışmışdısa, niyə meydana çıxırdı görəsən? Belə uduzmaq üçün meydana, kimi desən, buraxmaq da olardı.

Əsla, qınamıram. Futbolçuları məzəmmət etmək fikrindən çox uzağam. Bilirsiniz niyə? Lüksemburqla oyundakı heyət, İrlandiya ilə matçdakı tərz, Portuqaliya ilə görüşdəki həm heyət, həm də elə oyunun özünü quranlar var axı.

Söz sahibi olanlar, görəsən, həqiqətənmi bu 3 oyunu belə görür və ona belə hazırlaşırdılar? Qəfil ildırım vurması effektindənmi, ya verilməyən sual kimi əyildiyimizdən, soruşmağı da ayıb bilirəm. Bax, hələ qarşılaşmaya qədər məşqçi korpusunun heyəti bu mat-məəttəl vəziyyəti yaratmışdı, elə o anda qarışıq hissli həvəs yoxa çıxmalı idi ki, bayrağın üç rənginə bürünmüş "Azərbaycan milli komandası" ifadəsi, heç olmasa, teleekran qarşısına dikilməyə məcbur edir.

Gör nə qədər bu heyətdəki oyunçuları öyrənməyəsən, rəqibi nə qədər tanımayasan ki, belə qərar çıxarasan! Çox yumşaq dedim axı, deyilmi?!

Söz yox ki, taktiki seçimdən, texniki tapşırıqlardan heç danışmağa dəyməz. Kim kiminlə əlbir olub hansı oyunu aparmalı idisə, yaxşısını məşqçi bilir, pisini isə meydanda əyani müşahidə etdik. Meydandakı hərc-mərcliyi arxadan ta önə qədər təsəvvür edib, qapıdan çıxarılan 3 topa şükür etmək lazımdır. Bunu portuqalların yorğunluğuna yazaq, yoxsa olimpiya stadionuna toplaşan o qədər azarkeşi, heç olmasa, estetik qollar şousunun tamaşaçısına çevirmək savab iş olardı.

Elə buna görə futbolçuları qınamağa dəyməz. Futbolçuya ruh verən yoxdursa, üstəlik, heyət belə alayarımçıq qurulursa, oyuna gəlib məşqçilər qarışıq mükafat və məvaciblər onsuz da paylanacaqsa, həvəsə nə ehtiyac, istəyə nə, cürətə nə! Çıx, pulunu al, get işinin dalınca. Oktyabrda doğma divarlar arasında yenə oyun var, toplaşarsınız "Allaha təvəkkül" deyib, bəlkə 6, olmasa, 4, lap olmasa, 3 xal ümidi par-par parıldayır axı.

Əlqərəz, qalan oyunları yola verib, mərhələni birtəhər danlaqsız, hələ bəlkə sonuncu olmadan qurtarmaq da olar. Yox, əlbəttə, hələ mövsümü bəh-bəhlə başa vurmaq üçün Bakıdakı iki oyuna ümidlər həqiqətən ölməyib. İkicə qələbə reallıqdır və dünyanı tərsinə dövran etdirmək olar. Lüksemburqa məğlubiyyəti bir kənara qoyub, komandanın ikinci hissədəki oyununa şərh vermək istəyənlər ordusunun buna ehtiyacı var.

Biz biçarələrsə meydanda komanda, bu olmasa da, iynə ucu boyda ümid, ya da bircəcik qığılcım gözləyirik. Hələ demirəm ki, bu komandanın sabaha ümidi Azərbaycanda yetişən futbolçularla olmayacaqsa, əvvəlki iki oyun üçün söylədiyimiz o nağılların sonu gəlməyəcək. Yəni ki, o üç almadan yerə düşəni olmayacaq. Almanın ağacda qalmayacağı bəlli olduğundan, haralara və kimlərə qismət olacağı isə məlum deyil. Naməlum sferada havada qalıb fırlana, yaxud kimsə onu elə havada qapıb gizlədə və özü ilə götürüb apara da bilər.

Həvəsdir bəsdir. Onsuz da bilirik ki, lap elə Byazi də gedib, kim gəlsə də, qayda və qayə dəyişməyəcək. Bu futbolu proqramlaşdırıb kökləməyincə, nəsə dəyişməyəcək.

BATI YAR

Xəbər Lenti