Sifətini bayraqlarının rəngi ilə boyayan avropalılar, patriotluğa görə xəcalət çəkən biz

15 İyun 2021 21:00 Köşə 912
Sifətini bayraqlarının rəngi ilə boyayan avropalılar, patriotluğa görə xəcalət çəkən biz

Avropa çempionatının bu günləri yarışa qatılmış ölkələrdə insanların vətənpərvərlik, hətta millətçilik hissini kütləvi şəkildə coşdurub.

Sifətinə müxtəlif rəngli boyalarla vətəndaşı olduqları ölkənin bayrağının rəsmini həkk edənləri, eyni rəngli köynəklər geyinənləri, başlarına milli atributları əks etdirən yumşaq dəbilqələr qoyanları, ölkəsinin adını, himnini hər dəqiqə bağıranları təkcə oyunların keçirildiyi stadionlarda yox, eləcə də matçlara ev sahibliyi edən şəhərlərin küçə və meydanlarında görmək mümkündür.

Hanı bəs Avropa ölkələri kosmopolit idi, dövlət, millət, bayraq mövzusunda loyallıq nümayiş etdirir, bunları gözə soxmurdular?

2.JPG (43 KB)

Açıqca görünür ki, elə deyilmiş. Aydın olur ki, hər ölkənin kosmopolitləri ilə yanaşı, vətənpərvərlər kontingenti də var, üstəlik, neofaşistləri də.

Bu çempionat günlərində vətənpərvərlərlə faşistlərin təbii müttəfiq olduğu görünür. Öz millətini, dövlətini sevənlərlə yanaşı, bu sevgini başqa dövlət və millətləri aşağılamaq, xor görmək müstəvisində yaşayanlar da var.

Özüm izləməmişəm, dostlar danışır ki, Türkiyə millisi İtaliya yığmasına uduzan günü Rusiyada fəaliyyət göstərən Matç TV telekanalının şərhçiləri türklərin zəif oyununu ələ salır, italyanları öyürmüş, hətta ironik şəkildə belə ifadələr işlədirmişlər ki, guya italyan mafiozları hazırda meydanda rəqiblərini zorlayır.

Bir idman oyununu düşük məişət, məhəllə, çayxana, qaraj ritorikası ilə şərh etmək, qurşaqdan aşağı səviyyələrə enmək, öz millətini təmsil edən bir komandanı aşağılamaq, təhqir etmək, əlbəttə ki, faşizm əlamətidir. Özü də bunu kimlər edir? Bir gün sonra öz ölkələrinin komandası da eyni hesabla başqa bir Avropa komandasına (Belçikaya) uduzan ölkənin şərhçiləri.

Araşdıranda aydın olur ki, Matç TV Rusiyada fəaliyyət göstərsə də, telekanalın aparıcı simaları və şərhçiləri ermənilərdir və onlar türklərlə bağlı məsələlərdə özlərini faşizmə yuvarlanmaqdan, jurnalistika etikasını pozmaqdan, neytral şərhçilik ənənəsinə xəyanət etməkdən saxlaya bilmirlər.

5.jpg (136 KB)

Unutmayaq ki, eyni günlərdə bizim şərhçilərin Rusiya millisindən söz gedərkən “bizimkilər” ifadəsi işlətməsi də ictimai müzakirəyə səbəb olmuşdu. Sovet dövrü olsaydı, aparıcının belə bir ifadə işlətməsi qalmaqala səbəb olmazdı. Çünki SSRİ de-yure olaraq təkcə rusların dövləti deyildi, ittifaqın tərkibində yaşayan bütün xalqların dövlətiydi və onlar özlərini bu dövlətin tamhüquqlu üzvləri sayırdılar.

Ona görə də Latviyadan tutmuş Laptevlər dəniziinin sahilində yaşayan neneslərə qədər bütün sovet xalqları SSRİ yığmasına “bizimkilər” deyə bilərdi. İndi isə demək olmur. 30 ildir Azərbaycan müstəqil dövlətdir və onun Rusiyadan ayrılığı rəvan olmayıb, qan-qada və ərazi itkisi ilə müşayiət olunub. Bu baxımdan “bizimkilər” öz millimizdir, onlar bu yarışmada yoxdursa, “dost, qardaş, müttəfiq” dediyimiz, irqi, milli, dini baxımdan eynilik daşıdığımız ölkənin komandasına “bizimkilər” deyə bilərik.

Baxaq, görək, ermənilər bu saat hansısa ölkənin komandasına “bizimkilər” deyərlərmi? Bəlkə də yalakalıq üçün, üzdə deyərlər, amma səmimiyyətə qalsa, əsla deməzlər, içlərindən gəlməz.

6.jpg (108 KB)

Sovet vaxtı Bakıda, Gəncədə, Qarabağda doğulub-böyümüş, ömürlərində bir dəfə olsun Ermənistan, İrəvan üzü görməmiş ermənilər vardı, “Neftçi” və “Ararat” oynayanda məhz ikinciyə azarkeşlik edirdilər. Onlar üçün yaşadıqları ölkənin, şəhərin təəssübünü çəkmək ikinci dərəcəli iş idi, onları tərpədən, hayıqrdan milli təəssübkeşlik hissiydi. “Ararat” Ermənisyanın komandasıdır, bu klubda oynayan ermənilərdir, biz də erməniyik, başqasına necə azarkeşlik edə bilərik? – düşüncə buydu.

Yəqin ki, bu hiss başqa xalqlarda da güclüdür. Məsələn, ola bilməz ki, əslən Argentinadan olan və Amerikada yaşayan bir azarkeş Argentina-ABŞ matçında tarixi vətənini qoyub, hazırda yaşadığı ölkənin komandasına azarkeşlik etsin. Yaxud İsveçdə, Hollandiyada doğulub böyümüş azərbaycanlılar bu ölkələrin yığması ilə bizimkilərin qarşılaşdığı təqdirdə mütləq Azərbaycan millisinə azarkeşlik edirlər. Ancaq burası dəqiqdir ki, həmin adamların nəvəsi, nəticəsi artıq Azərbaycan təəssübü çəkməyəcək, vətəndaşı olduğu ölkənin tərəfində duracaq. Ermənilərdə isə elə deyil. Onlar 7 nəsildən sonra da erməni olduqlarını unutmur, milli təəssübkeşlik hissini gözardı etmirlər. Ermənilərdə manqurtluq təmayülü zəifdir.

8.jpg (12 KB)

Uzun sözün kəsəsi, vətənpərvər olmaq, öz millətini sevmək, onunla qürur duymaq ayıb bir şey deyil. Hər məsələdə örnək götürməyə çalışdığımız Avropa dövlətlərində də belədir, hamı öz dövlətini sevir, təəssübünü çəkir.

Əslində klassik dövlət millətçiliyi ənənəsi dünyaya məhz Avropadan yayılıb. Ona görə də israrla bizə kosmopolitizm ideyasını sırımağa çalışan avropalılara yeri gələndə demək lazımdır ki, millət, dövlət təəssübü çəkmək pis şeydirsə, bəs özünüz niyə sifətinizi bayrağınızın rənginə boyayırsınız.

Xalid KAZIMLI

Xəbər Lenti