Onlara niyə icazə verilmir?

29 Avqust 2020 17:52 Digər növlər 754
Onlara niyə icazə verilmir?

Qapalı məkanlarda məşq ilə yarışların keçirilməsinə qadağa qoyulan idman növləri arasında təmassızları da var.

Sportinfo.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah hələlik açıq havada məşq və idman yarışlarının keçirilməsinə icazə verib.

Əsasən, qapalı məkanlar üçün nəzərdə tutulan stolüstü tennis, badminton və qılıncoynatma kimi növlər isə bu qadağanın tərkib hissəsinə çevrilib.

Halbuki belə yarışlar zamanı idmançılar arasında sosial məsafə gözlənilir, bir-biri ilə yarışan oyunçuların sayı fərdi mübarizələrdə 2, qoşa və qarışıqda isə 4 nəfər olur.

Yəni, belə idman növlərində məşq və yarışların təşkili koronavirus infeksiyasının yayılması baxımından ciddi təhlükə törətmir. Bunları güləş, boks, cüdo və sambo kimi təkmübarizəli idman növləri ilə eyniləşdirmək əsla mümkün deyil.

Badminton üzrə Azərbaycan millisinin sabiq üzvü və “Volan” klubunun rəhbəri Orxan Qələndərov “Report”a açıqlamasında bildirib ki, bu növdə idmançılar arasında təmas qeyri-mümkün olduğundan, badmintonçuların bir-birilərini yoluxdurma ehtimalı yoxdur: “Biri torun bu, digəri isə o biri tərəfində olur. Onlardan birinin digərinə xəstəlik ötürmə ehtimalı sıfıra bərabərdir. Badmintonda həm qoşa, həm də fərdi mübarizələrdə yarışlar, məşqlər keçirmək mümkündür. Qoşada iki nəfər yan-yana dayanır, fərdi yarışda isə idmançılar bir-birilərindən uzaq olurlar. Hazırkı şəraitdə ən azı bir meydançada iki idmançının oynamasına icazə verilməsi yaxşı olar”.

Orxan Qələndərov

Orxan Qələndərov

Qələndərov martdan bəri məşq edə bilmədiklərini söyləyib: “6-7 aydır ki, əlimizə raketka dəymir. Demək olar ki, məşq yoxdur. Badmintonçu raketkanı hiss etməlidir. Çöldə qaça bilər, amma badmintonsuz məşq olmur. Açıq havada badminton oynaya bilmirik, Bakı küləklər şəhəridir. Qapalı məkanda olanda volanı bir sm məsafədə də hiss edirsən. Amma açıq havada volanı hiss etmək qeyri-mümkündür. Şəxsən mənim çəkim karantin dönəmində 7-8 kq artıb. Fiziki zəifləməm var, texnikadan isə danışmağımın mənası yoxdur".

İdman Veteranları İttifaqının sədri və Azərbaycan Qılıncoynatma Federasiyasının sabiq vitse-prezidenti Yaşar Məmmədov "Report"a bildirib ki, bütün idmançılar normal qaydada məşq edəcəkləri günü səbirsizliklə gözləyirlər: “Qılıncoynadanlar da digərləri kimi açıq havada məşq edirlər. Onlayn məşqlərə də üstünlük verirlər, amma bu, istənilən səviyyədə deyil. Ümid edirəm ki, sentyabrdan idmançılara icazə veriləcək".

Yaşar Məmmədov

Yaşar Məmmədov

Federasiyada məsləhətçi olan Məmmədov qılıncoynatma üzrə məşq və yarışların da təmassız keçirildiyini vurğulayıb: “Bu idman növünə də icazə versəydilər, yaxşı olardı. Hamımız gözləyirik ki, sentyabrın 1-dən zallar açılacaq. Hər hansı təmas olmadan yarışlar da keçirə bilərik. İdmançılar məşqsiz qalmır, amma açıq havada yalnız formada qalmaq mümkündür. Hələ ki, qılıncla məşq etmirlər. Qılıncla məşq etmək üçün zalların açılmasını gözləyirik. Düşünürəm ki, bu kimi idman növlərini nəzərə almaq olardı. Ümid edirik ki, növbəti ay üçün karantin bitəcək və idmançılar əziyyət çəkməyəcəklər”.

Azərbaycan Stolüstü Tennis Federasiyasının idman şöbəsinin müdiri Könül Mikayılova "Report"a açıqlamasında bildirib ki, bu idman növü ilə məşğul olanlar yalnız qarşılaşma bitdikdən sonra bir-birilərinin əlini sıxır. Onun sözlərinə görə, belə halları aradan qaldırmaq tam mümkündür: “İstərdik ki, idmançılarımız məşq etsinlər, formada qalsınlar. Peşəkar səviyyədə stolüstü tennis oyunu açıq havada keçirilə bilməz. Təmassız və məsafələrin gözlənildiyi növlərə məşqlər və yarışlar üçün icazə verilə bilər. Biz də bunu istəyirik".

Federasiya rəsmisi stolüstü tennisçilərin mart ayından evdə otduqlarını xatırladıb: "Açıq havada yalnız ümumi fiziki hərəkətləri etmək mümkündür. Dövlət icazə versə, başlayacağıq. Hər halda onlar bizdən yaxşı bilirlər ki, bu, nə dərəcədə təhlükəlidir. Çünki yarışın və ya məşqin keçirildiyi yerin paltardəyişmə otağı var. Orada istər-istəməz yaxın məsafə yarana bilər. Amma biz də istəyirik ki, təhlükə yoxdursa, məşqlər başlasın. Soyunub geyinmə otağı bir az qaranlıq məsələdir, idmançıları ora bir-bir buraxmaq da olmur. Bu bəla bitsəydi, daha yaxşı olardı".

Qeyd edək ki, açıq havada məşqlərin və yarışların keçirilməsinə avqustun 10-da icazə verilib. Hazırkı karantin müddəti avqustun 31-də başa çatacaq. İdmançı sayının 5-dən az olduğunu və sosial məsafənin tam gözlənildiyini nəzərə alaraq təmassız növlərə də sentyabrın 1-dən analoji icazənin veriləcəyinə ümid etmək olar.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"