Koronavirusdan qorxmayan baş katib

2 Aprel 2020 15:32 Azərbaycan Futbolu 626
Koronavirusdan qorxmayan baş katib

Alimlər, uzaqgörən münəccimlər uzun araşdırmalardan sonra bu qənaətə gəliblər ki, koronavirusun ortaya çıxmasının və sürətlə inkişaf etməsinin kökündə futbol dayanır.

Yəni xəstəlik mühüm dəyişikliklər üçün bəhanədi.

Gördüyünüz kimi, dünyanın bir çox ölkələrindəki çempionatlarla yanaşı, Azərbaycan premyer-liqası da təxirə salınıb. Fasilənin hansı zamana təsadüf etməsi də alimlərin gəldiyi qənaətə inanmaq əsası verir.

Baxın, bu ay AFFA-nın İcraiyyə Komitəsinin iclası baş tutmalı, bu ayın sonuna qədər millinin yeni baş məşqçisinin adı açıqlanmalı, yığmanın təlim-məşq toplanışı baş tutmalı, yoldaşlıq oyunları keçirilməli və ən əsası, üç3 aydan sonra ölkəmizdə Avropa çempionatının final mərhələsinin 4 oyunu baş tutmalıydı.

Avropa çempionatından başqa hamısı qeyri-müəyyən vaxta təxirə salındı. Bunun kökündə nə dayanır? Niyə məhz indiki anda?

Alimlər düşünür ki, bu, AFFA-da Elxan Məmmədov erasının başa çatması deməkdi. FİFA-da və UEFA-da oturanlar, eləcə də assosiasiyaya pul ayıran SOCAR-ın rəhbərləri həm icraçı vitse-prezident, həm də baş katib olan bu şəxsi göndərmək üçün təxminən 1 aylıq fasiləyə ehtiyac duyub. Hazırda Elxan Məmmədovun postundan yola salınmasının planları cızılır, onu gülərüzlə göndərmək üçün sürpriz proqram hazırlayırlar.

Məsələdən duyuq düşən Məmmədov isə heç bir vəchlə AFFA-dakı işindən ayrılmaq istəmir. 12 il ərzində gördüyü işlərin siyahısını tutub, futbolumuzdakı məqsədyönlü inkişafının hesabatını hazırlayır ki, dəyib-dolaşmasınlar. Hətta adama öz xoşu ilə kreslosunu təhvil verməyəcəyi halda koronavirus xəstəliyindən yaxa qurtara bilməyəcəyini də deyiblər. O isə heç kimdən və heç nədən qorxmadığını deyir, həyatının sonuncu saniyəsinə qədər AFFA-da aparıcı fiqur olacağını deyir.

Heç kimin ölkəni tərk edə bilmədiyi vaxtda Məmmədov gözlənilmədən İsveçrəyə yola düşüb. UEFA-nın Nyondakı mənzil-qərərgahındakı dostlarına minnətçi düşməsinin səbəbi postunun əlindən alınmaq təhlükəsidi. Ordakılara and-aman edəcək ki, kreslodan ikiəlli yapışmaqda başqa niyyəti yoxdu. Bir məqsədi var, o da ən qısa zamanda Azərbaycan futbolunu Avropanın “top-10”una yüksəltmək, millini dünyada adından söz etdirən komandalardan etmək. Məhz buna görə də Azərbaycan futbolu fəaliyyətini müvəqqəti dondurub, bütün məşq və oyunlar təxirə salınıb.

Biləcəridə yaşayan və illərdi baxıcılıqla məşğul olan Gülöyşə adlı qadın koronavirusun da Elxan Məmmədova təsir etməyəcəyini deyib. Onun fikrincə, dünyadakı 8 milyard insanın yarısı həyatdan köçsə belə, baş katib AFFA-nın binasındakı kabinetindən köçməyəcək. Yəni məlum xəstəlik də Elxan bəyi tərpətmək gücündə deyil. Vitse-prezident yalnız bir şərtlə otağından çıxa bilər, koronavirus AFFA-nın qapısından içəri girəndə. Gülöyşə xanım ehtimal edir ki, hətta bu baş verəcəyi halda belə, Məmmədov postundan getməyəcək. Baxıcı xanım Elxan bəyin pəncərədən tullanacağını, koronavirus AFFA-dan çıxan kimi baş katibin yenidən kabinetinə qalxıb kreslonu qucaqlayacağını iddia edib.

Təbii, bu bir zarafatdı. Amma hər bir azərbaycanlı futbolsevərin ürəyində daşıdığı arzu. İnanır və ümid edirik ki, futbolumuzdakı bu durğunluğun nəticəsi hamımız üçün uğurlu olacaq. Futbol Elxan Məmmədovsuz bərpa olunacaq və bu oyunun incəliklərindən xəbərdar olanların sayəsində futbolumuz ağ günə çıxacaq. Amin! İnşallah! (Futbol+)

Xəbər Lenti