
Medallar uğrunda mübarizədə «Zirə»nin dirənişi davam edir.
«Neftçi»nin uduzduğu, «Sabah»ın 2 xal itirdiyi, «Qəbələ»nin qazandığı hesabat həftəsində bir qələbə də onlardan gəldi.
«Turan Tovuz» Premyer Liqanın «yüngül» olmayan iştirakçılarından biridir. Hər rəqibə baş əyməz. «Zirə» debütantı üstələmək üçün az əziyyət çəkmədi.
Hamidu Keytanın ilk yarımsaatda qaçırdığı penalti epizodu ev sahiblərində üzgünlük yaratdı, lakin boş oturmadılar.
Hücumların arasını kəsmədilər, topla rəftarı itirmədilər. Hücumları gah ortadan, gah kənarlardan təşkil etdilər.
Qol epizodları bir-birini əvəzlədi. Hesab açılanda dəqiqələr artıq 74-ü göstərirdi. Və 10 dəqiqə keçmiş daha bir qol…
Mohammed Hamdui və Andriya Lukoviç adını tabloya yazdırmadı, fəqət qələbədə mühüm pay sahibi oldular.
Toplu-topsuz epizodlarda xeyli fəallıq nümayiş etdirdilər, yarımmüdafiənin dörd bir tərəfini «diri» tutdular.
«Kaş bu legionerlər rəqiblərdən asılı olmayaraq həmişə belə oynayardı» - yəqin ki, o anlarda Rəşad Sadıqovun ürəyindən bu sözlər keçirdi…
MUSA