“Onda qətiyyət görmədim, sanki qorxur ki... “

5 May 2021 19:00 Premyerliqa 921
“Onda qətiyyət görmədim, sanki qorxur ki... “

“Pro” kateqoriyalı məşqçi Ramiz Məmmədov Premyer Liqanın 25-ci turunun "Keşlə" - "Neftçi" (0:3) və "Səbail" - "Qəbələ" (1:0) qarşılaşmalarını Sportinfo.az üçün dəyərləndirib.

"Keşlə" - "Neftçi"
Səbrsizliklə gözlənilən oyun idi. "Keşlə" ardıcıl iki oyun qələbə qazanmışdı. "Səbail" üzərindəki qələbədən sonra demişdim ki, bu nəticə "Zirə" ilə oyunöncəsi "Keşlə"yə motivasiya verə bilər.

Elə də oldu və komanda yaxşı qələbə qazandı. "Neftçi" ilə matça da yaxşı motivasiya ilə çıxdılar. Qələbə və ya ən azı heç-heçə əldə edəcəkləri gözlənilirdi.

Təəssüf ki, "Keşlə" böyükhesablı məğlubiyyətə uğradı. Ancaq bu, o demək deyil ki, "Keşlə" çempionat oyunlarına köklənməyəcək.

Ən azından futbolçular özlərini ən yaxşı tərəfdən göstərməlidilər ki, yeni mövsüm üçün onlarla müqavilə imzalansın. Kubokun finalına kimi hələ 3 çempionat oyunu var.

Burada futbolçular özlərini yaxşı tərəfdən göstərməlidilər. "Neftçi" istədiyi nəticəni qazandı. Bilirdilər ki, "Qarabağ"ın "Zirə" ilə ağır oyunu var. Bu baxımdan, qələbə hava-su kimi lazım idi.

Hakim bir qədər qətiyyətsiz görsənirdi. Əliyar Ağayev bir neçə epizodda artıq vərəqələr verdi. Artıq Azərbaycan futbolunda bu, “dəb” halın alıb.

Hakimlər futbolçuları susdurmaq üçün lazımsız vərəqələr verirlər. Təcrübəli hakim öz hərəkəti, sözü ilə oyunu sakitləşdirməyi bacarmalıdır.

Əliyar Ağayevi bir qədər qətiyyətli olmağa cağırıram.

"Səbail" - "Qəbələ"
"Səbail" futbolçu baxımından əziyyət çəkən klublardan biridir. Qışda və ondan sonra aparıcı simalarını itirdilər.

Amma yerli futbolçular özlərini yaxşı tərəfdən göstərirlər. Dəfələrlə qeyd etmişəm ki, "Səbail"in oyunu stabildir.

Bütün oyunlarda komanda sona kimi vuruşur və baxımlı futbol oynayır. Əfran İsmayılov, Urfan Abbasov və Amil Yunanovun adını qeyd edərdim.

Əfranın ötürməsindən sonra Amil Yunanov fərqlənməyi bacardı. Vurduğu qolla Amil milli komandaya boş yerə çağrılmadığını göstərmiş oldu.

Aftandil Hacıyevin onu qışda komandaya cəlb etməsi "Səbail"in çox dadına çatdı. Layiqli qələbə qazandılar.

İnqilab Məmmədovun oyunu pis idarə etdiyi deməzdim. Amma az təyinat almasından və ya nədəndisə bir qədər inamsız görünürdü. İnqilab Məmmədovda əvvəlki qətiyyəti görmədim.

Sanki qorxur ki, yalnış qərar çıxarar və ona növbəti oyunlar təyinat verilməz. İnqilabı qətiyyətli hakim kimi tanımışıq və sona kimi bunu davam etdirməlidir.

Digər Xəbərlər
Xəbər Lenti