Dabonun vəkili “Neftçi”yə məktubunda nə yazıb?

1 İyul 2020 20:40 Neftçi 995
Dabonun vəkili “Neftçi”yə məktubunda nə yazıb?

“Neftçi”nin fransalı hücumçusu Baqali Dabonun FIFA-ya şikayət etdiyini xəbər vermişdik.

Sportinfo-az-ın məlumatına görə, o, vəkili vasitəsilə paytaxt təmsilçisindən beynəlxalq quruma narazılığını bildirib.

Buna səbəb klub rəhbərliyinin onu böyük məbləğdə cərimələməsidi. Söhbət Dabonun həyat yoldaşı tərəfindən sosial şəbəkədə yerləşdirilən video və fotodan gedir.

Həmin görüntülərdə futbolçunun “Qarabağ”ın formasını geyməsi əksini tapıb və “Neftçi” rəsmilərini də elə bu hiddətləndirib. İctimailəşən həmin kadrlardan sonra idarəçilərlə Dabo arasında münasibətlər bir qədər də gərginləşib və nəticədə sərt qərar qəbul olunub.

2018-ci ilin yayında komandaya cəlb olunan forvard iyunun əməkhaqqından və onun üçün müəyyənləşdirilən bonuslardan məhrum edilib. Cərimənin ümumi məbləği isə üst-üstə 41 min dollardı, təxminən 70 min manat.

“Ağ-qaralar”la müqaviləsinin müddəti iyulun 1-də bitəcək Dabo son ayın maaşının tam tutulmasına əsas vermədiyini FİFA-ya məktubunda xüsusi vurğulayıb.

O, görüntüləri özünün çəkmədiyini, xanımının sosial şəbəkədə yaydığı kadrlara görə isə məsuliyyət daşımadığını da məktubda qeyd edib.

Xəbərlə bağlı “Neftçi”nin mövqeyini öyrəndik. Ki, Baqalinin məktubundan klub rəhbərliyinin xəbəri varmı? Başbilənlər futbolçunun narazılığını əsaslı sayır?

Klubun Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyevin mövqeyi belə oldu (Futbol+): “Ötən dəfə demişdim, yenə qeyd edirəm, narazi tərəf olaraq Baqali Dabonun aidiyyatı qurumlara məktub yazmaq, müraciət etmək hüququ var.

Heç kim bu hüququ onun əlindən ala bilməz. Klub rəhbərliyi futbolçunu daxili intizam qaydalarına uyğun cərimələyib və bu, sənədlərdə əks olunub. O ki qaldı FIFA-ya məktubuna, bundan xəbərimiz yoxdu.

Bir müddət öncə vəkili “Neftçi”yə məktub göndərmiş, cərimənin səbəbini öyrənmişdi. Klubdan da ona lazım olan cavab verilmişdi.

FIFA-ya göndərilən məktuba görə qurumdan kluba və ya futbolçuya cavab məktubunun gəlməsi müəyyən qədər vaxt aparır. Bu gün hansısa yenilik yoxdu. Gələcəkdə nəsə olsa, deyərik”.

Hə, onu da qeyd edək ki, son 10 gündə istər Baqalinin özü, istərsə də xanımı Tuğba Dabo ilə danışmağa cəhd etsək də, heç biri əlaqə qurmaqda, müsahibə verməkdə maraqlı deyil. Hər halda zəng və mesajların cavabsız qalmasından adamın ağlına başqa heç nə gəlmir.

Digər Xəbərlər
Xəbər Lenti