Samir Abasov "Neftçi"də qalmalı idi, amma...

12 May 2022 13:00 Neftçi 2 391
Samir Abasov "Neftçi"də qalmalı idi, amma...

Samir Abasov ötən mövsümün yarısında götürdüyü "Neftçi"ni sonda çempionluğa daşımışdı.

Amma avrokuboklardakı uğursuzluq ona olan münasibətdə soyuqluğa yol açmışdı. Ancaq çempionluğun adı Abasovun hələ bir müddətdə "Neftçi"də qalmasına rəvac vermişdi.

Enişli-yoxuşlu mövsümün sonu çatmamış "ağ qaralar" Abasovun rəhbərliyi altında ikinciliyi özləri üçün təmin etdi.

Təbii ki, bu nəticə, göstərilən oyun, klub ətrafında başverənlər tərəfdarların ürəyincə deyildi. Bunu da hamı gözəl bilir ki, hazırkı "Neftçi"nin yeganə problemi baş məşqçi deyil. Bəlkə də ümumiyyətlə baş məşqçi deyil.

Hər halda çempionatda yalnız "Qarabağ"dan geri qalmaq fiasko sayılmamalıdı. Lakin istənilən halda yekun fikir bu idi ki, komanda avrokuboklara Abasovla getməlidir. Bir sözlə, Samir Abasov hələ "Neftçi"də qalmalıydı. Mənim şəxsi fikrimcə də onun barəsində son qərar avrokuboklardakı nəticələrdən sonra verilməliydi.

Amma və lakin çalışdırıcı Qəbələdə elə açıqlama verdi ki, onunla da bütün "olmalıdı"lar "olmayacaq" statusu daşımağa başladı.

Samir Abasov azarkeşlərlə bağlı dilinə elə kəlmələr gətirdi ki, bəraətə yer qoymadı. Göndərilməsinə zəmin yaratdı, səbəb verdi. Artıq bundan sonra kimsə buna görə "Neftçi" rəhbərliyini qınamayacaq. Halbuki açıqlama olmasa, Abasovun ikinciliyə görə göndərilməsi ciddi tənqidlərə, müzakirələrə yol açacaqdı.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti