"Neftçi" bez deyil - Bir bezin neçə qırağı olar?

28 Aprel 2021 15:00 Neftçi 793
"Neftçi" bez deyil - Bir bezin neçə qırağı olar?

Turun Masazırdakı qarşılaşması digər oyunları kölgədə qoydu.

Matç tək Vüqar Həsənlinin hakim biabıçılığı ilə yadda qalmadı. "Neftçi"nin acizliyi, "Sabah"ın görüşə daha yaxşı hazırlaşması diqqət çəkdi.

Samir Abasov mətbuat konfransında bunları unutdurmağa çalışsa da, alınmadı. AFFA İntizam Komitəsinin qərarı ilə baş məşqçinin özü cəzalandırıldı. 2 oyun texniki zonada, brifinqlərdə görünməyəcək. 4000 manat cəriməni ödəməklə bərabər.

İndi istirahət edib psixoloji durumunu düzəltməyə yetərincə vaxt tapacaq. Elə "Sabah"la oyunu sakit başla analiz etməsi də pis olmaz.

"Neftçi" qış fasiləsindən sonra 4 tur ərzində 1 məğlubiyyət, 2 bərabərliklə üzləşib. "Zirə"ylə oyunda bəxtləri gətirdi: rəqib kubok oyununu düşünürdü.

Matçdan sonra Rəşad Sadıqov bunu açıq dilə gətirmişdi. Bu qarşılaşma kubokun yarımfinal mərhələsinə dəng gəlməsəydi, hələ bilmək olmazdı ki, «Neftçi» bu oyunda qələbə çalacaqdı, ya yox.

12 mümkün xaldan 7-i itirilib. Keçirilmiş oyunların mümkün 50% xalı eləmir. Bu, çempionluğu hədəfləyən komanda göstəricisi deyil. Özü də finişdə, xal ehtiyatın olmaya-olmaya.4 matçın da 3-ü evdə oynanılıb.

"Neftçi" fanatları da nəticələrdən narazıdır. Pafosla "doyuzdurulan" azarkeşlər klubun təqdimatı ilə kənarda ancaq "qərəz" axtarırlar. Hamısına aid deyil.

Elə son oyundan sonra "Forza Neftçi"nin kluba yönələn etirazı səbr kasasının daşdığını göstərir. Pandemiya araya girib, amma nə qədər boş vədlərlə fanatların başını aldatmaq olar?

"Neftçi"sevərlərin xəbərdarlıq etdiyi kimi: həyat həmişə belə davam etməyəcək ki…

"Zirə" üzərində böyükhesablı qələbə Samir Abasovla futbolçularının başını gicəlləndirib. Matçdan sonra jurnalistin sualına baş məşqçinin "ən yaxşı oyunumuz idi" cavabı "Sabah"la oyunun necə nəticələnəcəyini öncədən şərtləndirirdi.

"Zirə"nin "Neftçi"yə qarşı yarıcanla oynamasından ayılmaq əvəzinə, aldadıcı nəticədən şad-xürrəm olub qəsəbəyə "qələbə cibimizdədir" eyforiyasıyla gedilmişdi.

Hakimlik, hər iki tərəfə ədalətsizliklə bağlı oyundan nə qədər desək, epizod çıxarıla bilər. Bu haqda hələ də geninə-boluna müzakirələr gedir.

Bəs oyun, oyuna hazırlıq, komandaların komanda və fərdi şəkildə çıxışı? Bunlar unudulur.

Mövcud proses daha çox da Samir Abasova, "Neftçi"yə sərf edir. Son 4 matça 7 xal toplayan komanda azarkeşlər qarşısında əzilmiş, haqsızlığa uğramış cəfakeş "Neftçi" kimi göstərilir.

Masazırdakı görüşdə daha çox əzilmiş, haqqı taptalanmış komanda var idisə, o da "Sabah"ın özüdür.

Yusuf Lavalın yoxluğunda "Neftçi"nin yarımmüdafiəsinin sol cinahı iflic vəziyyətə düşüb. Ayağı top tutmayan Tallison Dias "Neftçi"nin həndəvərində görünə biləcək legioner deyil, nəinki əsas heyətdə meydana çıxa biləcək biri.

Bir Keysuke Hondaya görə mərkəz və dayaq yarımmüdafiəsi mövqeləri yerdəyişmələrlə iflic olunub. 35 yaşlı yaponiyalı orta sahədə nəsə etməyə çalışır, hətta güc sərf edib, geri də qayıdır. Elə ona görə penalti qazanıldı.

O, «dala-qabağa» oynayacaq halda deyil. heç elə həvəsi də yoxdur, sadəcə, məcburdur. Oyunun əvvəlindən gəzişməklə kifayətlənsə, onu Tokio-2020-yə heç kim dəvət etməyəcək.

Hər halda bilir ki, ölkəsindən uzaqda yerləşən Azərbaycanda nə etməsini internet vastəsilə izləyənlər var.

Fiziki durum imkan verməyəndə, yorulanda, beyin işləmir, bədənin, əl-qol, ayaqların refleksiv hərələtləri çoxalır. Bu da adi halda penaltiyə səbəb olur. Mamadu Kane mövqeyindən çıxarılıb və Hondanın araba daşıyanına çevrilib.

Hakim orada saxlamadı, burada saxlamadı, Fofana belə gəldi, Kanenin dirsəyi belə getdi...

Bilinmirdi ki, Ramil Şeydayevin ən üstün cəhəti əks-hücumlardır? Bunu Azərbaycanda yox, Uels, Xorvatiya, Almaniya millilərində də bilirlər. Təkcə Samir Abasovdan savayı.

"Sabah" azlıqda qalıb, Ahmed Ahmedov hakimin final fitini eşitmək üçün meydana buraxılır. Stiven Monroz naz-qozla oyuna çıxır. Rəqib 8 futbolçuyla qalıb, amma "Neftçi" qapısı qarşısında yüz faizli qol epizodları yaradır.

Ramin Quliyev demiş, "Neftçi" 1 xal qazandı, "Sabah" 2 xal itirdi.

Vüqar Həsənli öldürdü oyunu, günahı özünüzdə görün də. Fasiləyə 0:2 hesabıyla gedilsəydi, sonda heç 1 xal da olmaya bilərdi. Hondanın vurduğu qol sayılmadı.

Ona qədər "Sabah"a qarşı nələr edilmədi. Sınmadılr, sona kimi oynadılar. Elə bil, çempionluğa oynayan komanda "Sabah"dır, "Neftçi" yox. Bir xal «ağ-qaralar»ı xilas etdi.

Liderlər arasında 4 xallıq fərq son turdakı qarşılşmanı əhəmiyyətsiz edəcəkdi. Kamran Quliyev də deyir, baş məşqçimizə kəsilən cəzayla bağlı AFFA-ya şikayət olunacaq.

"Neftçi" bəz deyil, bir bezin neçə qırağı olar? Son 4 oyuna bir qələbə qazanan komanda AFFA-ya şikayət etməz.

Məşhur mahnıda oxunduğu kimi: Səndən sənə şikayətim var.

Prezidenti olduğu klubundakılar tərəfindən sevilməyən Kamran Quliyevin bir əlacı qalıb - dosta zəng.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti