MİLLİ GÜNDƏMİ - ümid işığının ucu görünürmü?

11 Oktyabr 2019 16:22 Köşə 873
MİLLİ GÜNDƏMİ - ümid işığının ucu görünürmü?

Milli oktyabrın 13-də Macarıstanın qonağı olacaq. Dünən onlar seçmə mərhələdə növbəti məğlubiyyəti səfərdə Xorvatiyadan aldılar. Həmin xorvatlar ki ötən tur Bakıda 2 xal itirmişdilər.

Əlbəttə, bu heç-heçə ilə eyforiyaya uymaq olmaz. Çünki güclü və favorit rəqiblərlə görüşün bir xüsusiyyəti olur: inad, istək və həvəs. Onu da yalnız ikinci hissədə - əvəzləmələrlə az-çox sabitqədəm heyət qurulduqdan sonra görməyə yaxın olduq.

Amma bu ümidin, sadəcə, ilğım olmadığını hələ komanda qarşıdakı oyunlarda sübut etməlidir. Çünki Xorvatiya ilə oyun milli komandanın həqiqi gücü və imkanlarını qiymətləndirmək üçün əsas deyil, təsadüf də ola bilər.

Qanunauyğunluq üçünsə davamlı normal oyun və nəticələr lazımdır.

İllərdir həvəsdən, həvəskarlıqdan uzağa getməyən bu ilğımdan qurtulmaq lazımdır. Səbəb çox sadədir - bu vaxta qədər milli komanda üçün doğru-dürüst strateji hədəf müəyyən edilmir. Millətlər Liqasının təsis edilməsi daha bir ümid formatının başlanğıcı olsa da, onun sonunda qəribə qərarla ölkənin ən uğurlu baş məşqçisi komandadan uzaqlaşdırıldı. Yığma ta yeni yarış ərəfəsinə qədər naməlum duruma salındı.

Ənənə üzrə bu əcnəbi məşqçi Nikola Yurçeviç də nə bir plan, nə bir strategiya, nə bir vəzifə, nə bir məqsəd olmadan işinin başındadır. Qarşısına heç bir vəzifə, hətta minimal olsa belə, öhdəlik qoyulmayan məşqçidən, açığı, nəsə gözləməyə də dəyməz.

Belə olduqda, məşqçili-məşqçisiz komandaya iki fərqli oyuna görə qiymət vermək lazım gəlir. Məncə, Bakıdakı oyun deyil, Britaniya səfəri lap yerinə düşmüşdü. İlğım təəssüratlarından ayılıb reallığa qayıtmaq üçün fürsət idi.

Söz yox ki, yayın əvvəlində qəti zərbə aldığı iki matçla müqayisədə kimin üçünsə Britaniyada bir qədər toparlanmış komanda var idi. Buna görə hətta dalbadal 4-cü məğlubiyyətə baxmayaraq, hardasa ümid işığının ucu Bakıdakı heç-heçədə göründü.

Lakin obyektiv və subyektiv səbəbləri araşdıranda, Yurçeviçli komandaya hələ də bel bağlamaq olmur. Səbəblər də çoxdur. Birincisi, tənəzzül dövründə olan Qaret Beylli Uels millisinin özü idi. Bu komanda tarixində bir-iki dəfə parlayıb və qısa müddətdən sonra sönməyə başlayıb.

Beylkimilər peyda olanda bir uğurlu yarış dövrü yaşayır. Giqqz özü də komandaya yaradıcı ruh gətirə bilməyib. Yəqin razılaşarsınız ki, odu sönmüş və külü ilə oynayan komandanın qələbəsinin "günahkar"ı Azərbaycan millisi oldu.

Uelsin qələbəsinin təsadüf olması qapımıza vurulan qollardan əyani görünürdü: birincidə qapıçı ilə müdafiəçinin bir-birini anlamaması, digərində mövqe səhvləri ilə səviyyə fərqləri, "taktiki çiyliklə" funksional natamamlıq sözünü dedi.

BATI YAR

Xəbər Lenti