"Azərbaycanda Rəşad kimi oyunçular tək-tükdür"

28 İyun 2020 19:00 Şamaxı 748
"Azərbaycanda Rəşad kimi oyunçular tək-tükdür"

"Keşlə"nin yarımmüdafiəçisi Əfran İsmayılov Sportinfo.az-a müsahibə verib.

- Ölkə çempionatının bərpa olunması gözlənilsə də son anda dayandılmasına qərar verildi. Bu qərarı avrokuboklara hazırlaşan "Keşlə" üçün faydalı saymaq olar?

- Bu qərar bizdən asılı olan səbəbdən verilmədi. Hazırkı durum bütün dünyada yaşanır. Biz avrokubokları getməyi qarşımıza məqsəd qoymuşduq. İstənilən halda bunun üçün oynayacaqdıq. Bu qərarla bir qədər vaxt qazanmış olduq. İşimizi davam etdirib Avropa Liqasında çıxışımıza hazırlaşırıq.

- Transfer bazarında ən aktiv klub "Keşlə"dir. Komanda bir neçə futbolçu ilə yolları ayırdı və yeni transferlər həyata keçirdi. Səncə, yeni gələnlər köhnələri unutdura biləcək?

- Bunu zaman göstərəcək. İndi heç nə deyə bilmərəm. Şəhriyarla "Sumqayıt"da birgə oynamışıq. İstedadlı futbolçulardandı. Tural daim "Neftçi"də əsas heyətdə oynayırdı. İnşallah komanda üçün faydalı olarlar. Kim gəlir gəlsin əsas odur ki, komanda üçün faydalı işlər görsünlər.

- Hazırkı mövsüm avrokuboklarda təsnifat mərhələləri bir mərhələdən ibarət olacaq. Bunun komandanın çıxışına çətinlik yaradacağını düşünmürsən?

- Əlbəttə, çətin olacaq. Amma hər iki komanda üçün çətin olacaq. Əsas odur ki, bu qaydalar hər iki komandaya eyni olacaq. Püşkatmadan çox şey asılıdı. Evdə və ya səfərdə oynayacağımız önəmli məsələdi. Yəni bəxt amili də burda çox rol oynayacaq.

- "Keşlə" əvvəlki "İnter" adı ilə avrokuboklarda daha uğurlu çıxış edirdi. Amma yeni adla biz bunu görmürük. Bəs bu il komandanın potensialı hansı nəticəyə imkan verir?

- İndiki vəziyyətdə düşünürəm ki, iki mərhələ keçsək yaxşı nəticə sayıla bilər. Çünki hazırda pis vəziyyətdir. Düzdü hamı üçün belədir. Nə vaxtdandı futbol oynamırıq. Amma düşəcək rəqibdən də çox şey asılı olacaq. Ki, görək onlar məşq edirlər ya yox. Biz 3 aydan artıqdır futbolu dayandırmışıq. Püşkdən sonra biləcəyik ki, rəqibin vəziyyəti bizdən yaxşıdır ya yox. Bu amilləri nəzərə alıb qiymətləndirmək olar ki, nəyə gücümüz çatacaq

- Əfran, sənin də yaxından tanıdığın və uzun müddət bir yerdə çıxış etdiyin Rəşad Sadıqov kayerasını başa vurdu. Bu qərarı gözləyirdin?

- Məncə, bir müddət hələ çıxış edə bilərdi. Azərbaycan çempionatında Rəşad kimi oyunçualar tək-tükdür. Qərarına hörmətlə yanaşıram. Ən uğurlu azərbaycanlı futbolçulardan birdir. Sevindiricidir ki, ölkəmizdə Rəşad kimi futbolçu yetişib. Əminəm ki, özü kimi də futbolçular yetişdirə biləcək.

- Rəşad Sadıqovun milli komandaya baş məşqçi gəlməsi çox müzakirə olunur. Zaman-zaman milli üzvləri də bu variantı doğru hesab edirlər. Səncə, Rəşad millidə nəsə edə bilər?

- Məncə, özünü millidə də isbatlaya bilər. Həm "Qarabağ"ın 19 yaşlılarında, həm də 21 yaşlılardan ibarət millimizdə işləyib. Vaxt versələr özünü göstərə bilər. Layiqli namizəddir.

Digər Xəbərlər
Xəbər Lenti