"Futbolçuların da, baş məşqçinin də günahı var"

2 Noyabr 2019 18:52 Şamaxı 778
"Futbolçuların da, baş məşqçinin də günahı var"

"Keşlə"nin hücumçusu Vüsal İsgəndərli "Səbail"lə qarşılaşmadan (0:0) sonra Sportinfo.az saytına müsahibə verib.

- Oyun barədə nə deyə bilərsən?

- Çətin oyun olacağını bilirdik. Külək də bir tərəfdən maneçilik yaradırdı. "Səbail"lə görüş asan keçmir. Neçə turdur qalib gələ bilməmələrinə baxmayaraq, onlara qarşı oynamaq ağır oldu. Aramızdakı xal fərqini artırmaq istəyirdik. Ancaq həqiqətən külək oynamağımıza, qalib gəlməyimizə mane oldu. Buna da şükür, məğlub olmaqdansa, 1 xal da kifayət edir.

- Bundan əvvəlki görüşlərdə "Keşlə" topla yaxşı oynayırdı. Bu gün sizdə demək olar, heç nə alınmadı. Qələbə qazana bilməməyinizi tamamilə küləyin üstünə atmaq nə dərəcədə düzdür?

- Orta sahə futbolçularımız əsasən topla oynamağı sevən oyunçulardır. Bu gün topla rəftar etməyimizə konkret külək imkan vermədi. Ona görə çətinlik çəkirdik.

- İlk yarıda külək rəqibin əleyhinə idi, onda da istifadə edə bilmədiz axı...

- Külək topu aparırdı, ötürmələr verməyə imkan vermirdi. Külək o zaman bizim xeyrimizə olardı ki, qapıya doğru zərbələr vurardıq. O da alınmadı. Çünki rəqib yaxşı müdafiə olunurdu, qapıya zərbə vurmağımıza imkan vermədilər.

- Bir neçə epizodda baş məşqçiniz Tərlan Əhmədov sənə və komanda yoldaşlarından bəzilərinə əsəbləşdi, "məni infarkt edəcəksiz" dedi...

- (Gülür). Baş məşqçimizdir, onu başa düşürük. Keçən mövsüm Premyer liqada sonuncu olmuşduq. Bütün komanda ilə qarşımıza məqsəd qoymuşuq ki, yuxarı yerlərdən birini tutaq. Keçən il sonuncu yerdə olmağımız səhvlərimizin nəticəsi idi, bunun içində hamının - futbolçuların da, baş məşqçinin də günahı var. İndi ona görə baş məşqçi də, biz də günahımızı "yumaq" istəyirik. Demirəm, üzərimizdə böyük təzyiq var. Rəhbərlik sağ olsun, bizi çox dəstəkləyir. Sadəcə, o məsuliyyəti özümüz hiss edirik ki, "Keşlə" son yerlərdə olmalı komanda deyil.

- Tərlan Əhmədov oyun qurtarandan sonra sanki sizi acıqladı, əsəbləri soyumamışdı?

- Yox, vallah. Necə deyim, inanasız? Paltardəyişmə otağına daxil olub bizə ürək-dirək verdi, yaxşı oynadığımızı dedi. Oyundur da, qələbə də, məğlubiyyət də olur. Rəhbərlik də, baş məşqçi də sağ olsunlar, bizi dəstəkləyirlər. Neçə oyundur məğlub olmuruq. Deməli, biz də asan rəqib deyilik.

- Növbəti turda rəqibiniz "Neftçi" olacaq. Onlara qalib gəlməyiniz nə qədər real görünür?

- Deyərdim ki, "Neftçi"yə qarşı qeyri-adi planımız, hazırlığımız olmayacaq. Çünki bizim üçün bütün rəqiblər eynidir. "Səbail", yaxud digər rəqiblərlə görüşə necə hazırlaşırıqsa, onlara qarşı da eyni. Bizim üçün "Neftçi" və ya "Qarabağ" - fərq eləmir. Əlbəttə, hər ikisi yaxşı, güclü komandadır. Amma biz də zəif deyilik. Məsqədimiz yüksək yer tutmaqdırsa, bu komandalarla başabaş oynamalıyıq. İnşallah, o vaxta qədər stadionumuz da hazır olar. Sizə söz verirəm ki, çox maraqlı oyunun şahidi olacaqsız.

- Bu gün qalib gəlsəydiz, turnir cədvəlində yenidən "Neftçi"ni geridə qoya bilərdiz.

- Hər şey öz əlimizdədir. Bu gün qələbə qazana bilmədiksə, səbəbkar özümüzük. Nə olur-olsun, futbolda zəhmət çəkmək lazımdır. Bu zaman uğur da gələcək. Mövsümün başa çatmasına hələ çox var, biz də sona qədər mübarizə aparacağıq. Növbəti turda hədəfimiz, təbii ki, "Neftçi"yə qalib gəlməkdir.

Mir BAĞIR

Digər Xəbərlər
Xəbər Lenti