"Yerli oyunçuları da “Neftçi”yə cəlb edəcəyik"

18 Fevral 2021 20:00 Neftçi 955
"Yerli oyunçuları da “Neftçi”yə cəlb edəcəyik"

Yaxınlarda "Neftçi”nin strukturunda yenilik olub.

Sportinfo.az xəbər verir ki, artıq klubda seleksiya şöbəsi fəaliyyət göstərəcək.

Rhbərliyin qərarına əsasən, bu qurum əsas komanda ilə yanaşı, aşağı yaş qrupları üçün də istedadlı futbolçuların tapılıb üzə çıxarılması, eləcə də komandaların formalaşdırılmasını daha effektli şəkildə həyata keçirməkdən ötrü işlər görəcək.

Seleksiya şöbəsində veteran futbolçular - İqor Getmanla Vadar Nuriyev yer alıb. Hər iki mütəxəssis ötən ilin noyabrına qədər “Neftçi”nin əsas komandasında köməkçi-məşqçi vəzifəsini yerinə yetirib.

Seleksiya şöbəsinin fəaliyyəti ilə bağlı daha geniş bilgi almaq üçün Vadar Nuriyevlə əlaqə saxladıq. Veteran futbolçu yeni qurumun zərurətdən yarandığını bildirdi (Futbol+):

“Əsas məqsədimiz “Neftçi” üçün futbolçu tapmaqdı. Həm aşağı yaş qrupları, həm də əsas komanda üçün oyunçu axtaracağıq.

İstiqamətimiz təkcə Azərbaycan çempionatı olmayacaq. Hazırda koronavirus pandemiyası səbəbindən ölkə xaricinə çıxmaq problemi yaşayırıq.

COVID-19 infeksiyasının yaratdığı problemlər aradan qalxdıqdan sonra əcnəbi futbolçular da axtaracağıq. Fəaliyyətimiz dünya praktikası əsasında olacaq.

İqor Getman və mən baş məşqçinin ehtiyac duyduğu mövqelərə uyğun 10-15 futbolçuluq siyahı tərtib edəcəyik. Onlar haqda ətraflı məlumat toplayıb, 3 nəfəri seçəcəyik.

Həmin şəxsləri rəhbərliyə və baş məşqçiyə təqdim edəcəyik. Yekun qərarı onlar verəcək. Bu qış “transfer pəncərəsi” dönəmində çox problem yaşadıq.

Lazım olan futbolçuları tapa bilmədik. Belə problemlər yaşanmasın deyə, rəhbərlik seleksiya şöbəsi yaratmağa qərar verdi.

Zərurətdən bu addımı atmalı olduq. Çünki lazımdı. Kimlərdənsə asılı olmayacağıq. Şöbəmizdə mən və İqor Getman işləyəcək. Gələcəkdə lazım olacağı təqdirdə əməkdaşlarımızın sayını artıra bilərik.

Düşünürəm ki, bir müddət sonra yeni qüvvəyə ehtiyac yaranacaq. Yalnız əcnəbi futbolçu axtarışında olmayacağıq. Yerli oyunçuları da “Neftçi”yə cəlb edəcəyik.

Təkcə Bakı ilə kifayətlənməyəcək, bütün ölkə üzrə fəaliyyət göstərəcəyik. İstedadlı futbolçuların tapılması, onların yetişməsi üçün əlimizdən gələni edəcəyik.

“Neftçi” həmişə öz yetirmələri ilə öyünüb. Həmin ənənəni davam etdirmək niyyətindəyik. Bu səbəbdən də hələlik yerli futbolçuların axtarılması istiqamətində fəaliyyətə başlayacağıq.

Pandemiyadan sonra seleksiyamız başqa ölkələri də əhatə edəcək. Düşünürəm ki, buna ehtiyac var idi. Tezliklə seleksiya şöbəsinin “Neftçi”yə kifayət qədər xeyri dəyəcək.

Yenə deyirəm, ən azı “transfer pəncərəsi” dövrlərində məşqçinin və rəhbərliyin əlində istənilən sayda futbolçunun siyahısı olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti