"Neftçi" "Qarabağ"ı qabaqlayıb çempion olsa...

17 Fevral 2021 00:42 Neftçi 1 189
"Neftçi" "Qarabağ"ı qabaqlayıb çempion olsa...

Azərbaycan Premyer Liqasının XV turunda Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ"la qarşılaşan "Neftçi" əzmkar qələbə qazanıb.

Sportinfo.az xəbər verir ki, 3 futbolçusu qırmızı vərəqə alan flaqman azlıqda qalmasına baxmayaraq, rəqibini 2:1 hesabı ilə məğlub edərək liderliyə yüksəlib.

Samir Abasovun baş məşqçi postuna gəlişindən sonra inamlı təsir bağışlayan "ağ-qaralar" derbidəki qalibiyyətlə cari mövsümdə çempionluğa iddialı olduğunu ortaya qoyub.

Düzdür, qarşıda hələ 13 tur var və turnir cədvəlində vəziyyət dəyişə bilər. Amma nəzərə alaq ki, artıq hər şey paytaxt təmsilçisinin öz əlindədir.

"Neftçi" qalan oyunlarının hər birini qələbə ilə başa vursa, qızıl medalları təmin edəcək. Bu isə artıq UEFA Çempionlar Liqasının təsnifat mərhələsinə vəsiqənin qazanılması deməkdir.

"Qarabağ" artıq bir neçə ildir Azərbaycanı avrokuboklarda layiqincə təmsil edir. "Köhlən atlar" son 7 ildə 1 dəfə Çempionlar Liqasının, 6 dəfə isə Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb. Burada ortaya belə bir sual çıxır: "Neftçi" bu missiyanı üzərinə götürməyə və ölkəni beynəlxalq arenada uğurla təmsil etməyə hazırdırmı?

"Neftçi" ən pis halda Konfrans Liqasının qrupuna düşə bilər"

Futbol agenti Səbuhi Səfiyarlının fikrincə, "Neftçi"nin çempionluğu barədə danışmaq hələ tezdir: "Qarşıda 13 oyun var. Bu müddətdə hər şey ola bilər. Futbolçuların vəziyyəti, formasının necə olacağı çox vacibdir. Məhz bu amil nəticələrə təsir edəcək. Çempionluq aparıcı oyunçuların yaxşı formada olmalarından asılıdır. Onlardan birində eniş yaşansa, bu, komandanın nəticələrində də özünü göstərəcək. Finişə hələ 3 ay var".

Sabiq klub rəsmisi bildirib ki, mövsümün qalan hissəsində futbolçuların performansı və komandanın sabit çıxışı da mühüm rol oynayacaq: "Maraqlıdır, futbolçular həmin müddətdə sabitliyi qoruya biləcəklərmi? Məsələn, biz Sabir Buqrini Samir Abasovun gəlişindən sonra bir daha kəşf etdik. Əvvəllər daha geridə qalırdı, hücuma yaxın oynamırdı. Onun formada olması "Neftçi"yə bir neçə oyunda vacib xallar qazandırdı. Aydındır ki, komanda sonadək mübarizə aparacaq. "Qarabağ"ın əsas üstünlüyü odur ki, futbolçularının fərdi ustalığı yüksək səviyyədədir. "Qarabağ" ortabab komandalarla oyunlarda nadir hallarda xal itirir. "Neftçi" isə bu cür matçlarda tez-tez büdrəyir. Hazırda hücum xəttində problem var, qol vurmaqda çətinlik çəkir. Bu çatışmazlığı aradan qaldıra və digər komandalarla görüşlərdə xal itirməsələr, çempionluq haqqında danışmaq olar. Əslində çempionluğu belə oyunlar, gözlənilməz nəticələr, bu cür yüksək motivasiya gətirir. Bunlar çox vacib keyfiyyətlərdir".

Səbuhi Səfiyarlı

Səbuhi Səfiyarlı

Səfiyarlının sözlərinə görə, "Neftçi" "Qarabağ"ı qabaqlayıb çempion olsa, bu, komandanın səviyyəsini qaldırması demək olacaq. Amma o, avrokuboklarda uğurlu oynamaq üçün heyətə əl gəzdirməyin vacibliyini vurğulayıb: "Bu iş rəhbərliyin üzərinə düşür. Həm büdcə artırılmalı, həm də bunun nəticəsində bir neçə mövqe gücləndirilməlidir. Xüsusilə hücuma daha güclü oyunçu alınmalıdır. Orta xətt yaxşıdır, lakin müdafiəyə yaxşı transferlər lazımdır. Bunlar olsa, avrokubokların qrupunda çıxış etmək olar. Bilirsiniz ki, yeni mövsümdən Konfrans Liqası keçiriləcək və bu da Avropa Liqası ilə təqribən eyni səviyyədədir. Çempion olan komanda üçün bu turnirə düşmək asandır. Buradan gələn gəlir də Avropa Liqasındakına yaxındır. Yəni, "Neftçi" çempion olsa, ən pis halda Konfrans Liqasının qrupuna düşə bilər. Bu səbəbdən Azərbaycan Premyer Liqası kimi çempionatlarda birinci yeri tutmaq vacibdir. Çünki bu cür komandalar üçün xüsusi çempionlar xətti olur və bu yolla irəliləyə, öz səviyyəsində olan ölkə çempionları ilə qarşılaşa bilirlər".

Keçmiş klub funksioneri onu da vurğulayıb ki, təcrübə baxımından "Neftçi"nin qrupa düşməsi daha çətin olacaq: "Amma haradansa başlamaq lazımdır. Komanda nəyəsə nail olmaq istəyirsə, daha səviyyəli oyunçular almalıdır. Səviyyəli futbolçu həm də təcrübəli oyunçu deməkdir. Hazırda "Neftçi"də bu cür futbolçular var. Onlarla yanaşı, 2-3 nəfər yaxşı oyunçu da alınsa, bu, artıq heyətin yarısı deməkdir. Təcrübə oynaya-oynaya qazanılır. Elə bir şey deyil ki, gedib haradansa alasan".

Ağasəmir Mircavadov: "Bu heyətlə avrokuboklarda çıxış etmək çətin olacaq"

AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov da hesab edir ki, "Neftçi"nin bu heyətlə avrokuboklarda uğur qazanması çətin görünür: "8 komandalı çempionata keçəndən sonra "Qarabağ" daim qızıl medallara sahib çıxır. İstərdim ki, artıq "Neftçi" də öz təsirini göstərsin. Samir Abasov hələ istədiyi heyəti qura bilməyib, komanda öz oyununu axtarır. Bu oyunla "Neftçi"yə avrokuboklarda uğur qazanmaq ağır olacaq. Amma öz üslubunu və buna uyğun yaxşı futbolçular tapandan sonra vəziyyət dəyişə bilər. Hələ fevral ayıdır, mövsümün sonuna vaxt var. Çempionluq uğrunda "Zirə" də mübarizə apara bilər. Komandalar arasında xal fərqi çox azdır".

Mircavadovun fikrincə, "Neftçi" çempion olmaq istəyirsə, oyun planında sadə səhvlər etməməlidir: "Top-klublar inkişafda olmaq üçün heyəti daim gücləndirməli, eyni zamanda istedadlı yerli gəncləri hazırlamalıdırlar. Bu, tək "Neftçi"yə yox, "Qarabağ"a da aiddir. Baxın, bu komandada əvvəl hansı oyunçular çıxış edirdi, indi kimlər oynayır. Vaxt itirmək lazım deyil. Yenə deyirəm, bu heyətlə avrokuboklarda çıxış etmək çətin olacaq. Komanda mütləq güclənməlidir. Qarabağ" hər il beynəlxalq arenada oynadığı üçün təcrübəsi çoxdur və bunun da köməyilə nəticə qazanır. "Neftçi"nin isə beynəlxalq təcrübəsi azdır və bu amil komandaya problem yarada bilər".

Kamran Quliyev: "Bütün turnirlərdə hədəf maksimum nəticə olacaq"

"Neftçi"nin prezidenti Kamran Quliyev isə bildirib ki, hazırda komandanın qarşısında duran əsas hədəf çempionatda maksimum yaxşı nəticə qazanmaqdır: "Amma bu dəqiqə sonda hansı nəticəni deyil, hər tur qalib gəlmək haqqında düşünürük. Ona görə də inididən nə isə deməyimiz düzgün çıxmaz. Təbii ki, hansı turnirə qatılsaq, maksimum yaxşı nəticə göstərmək və ölkə futbolunu flaqman olaraq ən yaxşı şəkildə təmsil etmək üçün əlimizdən gələni edəcəyik".

Quliyev “Qarabağ”la oyunda “Neftçi”nin öz adına layiq oyun sərgilədiyini və sonadək mübarizə apardığını da vurğulayıb: "Bu oyunda qələbə bizim üçün çox vacib idi. Bunun öhdəsindən gələ bildik. Gərgin mübarizə şəraitində keçən görüşdə qalib gəldiyimizə görə çox şadıq. Amma bu nəticə komandanı arxayınlaşdırmamalıdır".

K.Quliyev baş məşqçi Samir Abasov və futbolçulara güvəndiyini vurğulayıb: "Bu görüş artıq arxada qaldı. Növbəti oyuna hazırlaşmaq lazımdır. Baş məşqçimizə və futbolçularıma inanıram. Ümid edirəm ki, onlar "Neftçi" ailəsini növbəti qarşılaşmalarda da qələbələri ilə sevindirəcəklər" (report).

Digər Xəbərlər
Xəbər Lenti