”Xan Lənkəran”ın prezidenti nazirin təklifinə dəstək verdi: “Onunla görüşmək istəyirik”

14 May 2022 17:40 Hadisə 1 571
”Xan Lənkəran”ın prezidenti nazirin təklifinə dəstək verdi: “Onunla görüşmək istəyirik”

“Cənab nazirin iş adamlarının futbola, ümumiyyətlə, dəstək verməli olması haqda fikirləri ilə tamamilə razıyam”.

“Xan Lənkəran”ın prezidenti Pərviz Hüseynov Sportinfo.az-a açıqlamasında gənclər və idman naziri Fərid Qayıbovun təşəbbüsünü dəstəklədiyini bildirib.

Söhbət GİN başçısının ölkədə yeni klubların yaradılması yönündə təklifindən gedir. Qayıbov bu barədə deyib:

"Yeni komandalar yaranmalı, püxtələşməlidir. Dövlət hər şeyi yavaş-yavaş edir. Gənclərə deyirəm ki, hər şeyi dövlətdən gözləməyin.

Regionlarda da aktiv, imkanlı insanlar var. Özümüz nəyisə edə biliriksə, niyə hər şeyi dövlətdən gözləyək?".

P.Hüseynov nazirin irəli sürdüyü variantın ən düzgün çıxış yolu olduğunu qeyd edib:

"Azərbaycanda iş adamı çoxdur. Onların hər biri bir çox sahələrdə, o cümlədən, idmanın inkişafında dövlət kömək ola bilər və düşünürəm ki, bunun belə də olması lazımdır.

Çünki dövlətimiz iş adamlarına hər cür şərait yaradıb ki, öz bizneslərini genişləndirsinlər. Açığı, Fərid Qayıbovla görüşmək niyyətindəyik.

Əslində, bu görüş hələ apreldə olmalı idi, sonra elə alındı ki, bir müddət gözləməli olduq.

Bilirsiz ki, klubumuzun I Diviziona buraxılmasına köməklik göstərmələri, cənublu futbolsevərləri sevindirmələri üçün dövlət qrumularına, rəhbər şəxslərə müraciət etmişik.

Gənclər və İdman Nazirliyi də bura daxildir. Cənab nazirin gəlişindən sonra respublikanın idman həyatında böyük islahatlar başlayıb və biz bunun müsbət nəticələrini artıq görməkdəyik.

Doğrudan da, Fərid müəllim idmanın bütün sahələrinə böyük diqqət göstərir, onların problemləri ilə yaxından maraqlanır. Onun futbol azarkeş olması da məlumdur.

Əlbəttə, bu, bizi ikiqat sevindirir. Əminəm ki, cənab nazirlə görüşümüz kifayət qədər səmərəli keçəcək. Futbolda görmək istədiyimiz işlərlə bağlı ona məlumat vermək niyyətindəyik.

”Xan Lənkəran” kimi dövlətə yük olmayan klublar nə qədər çoxalsa, bu, rəqabətin artmasına, beləliklə, futbolun daha tez inkişafına yol açar.

Ümid edirik ki, planlarımız cənab nazir tərəfindən dəstək görəcək və “Xan Lənkəran”ın peşəkar klub olmasına, öz maliyyəsi hesabına fəaliyyət göstərməsinə xeyir-dua verəcək”.

Digər Xəbərlər
Xəbər Lenti