Ömrümüzə yazılan qızıl günlər

16 May 2021 17:30 Hadisə 399
Ömrümüzə yazılan qızıl günlər

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa 12-13 may tarixlərində “Xarıbülbül” musiqi festivalına ev sahibliyi etdi.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Heydər Əliyev Fondunun təşkil etdiyi möhtəşəm “Xarıbülbül” musiqi festivalının keçirilməsi Qarabağın tarixi simasının, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir.

30 illik fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalının şəhidlərimizin əziz xatirəsinə həsr olunması böyük əhəmiyyətə malikdir, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin mədəniyyət sahəsində davamıdır.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev möhtəşəm tədbirdə çıxışında “Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq” deməklə vətən uğrunda canından keçənlərə ehtiramı bir daha xüsusi ifadə elədi.

Prezident İlham Əliyev onu da bəyan etdi ki, Şuşa Azərbaycan xalqının milli sərvətidir. Bu yaxınlarda Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bunu bir daha göstərir. Ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər.

30 ildən sonra bərpa edilən festival sözün əsl mənasında milli birlik, qürur, zəfər, ləyaqət bayramına çevrildi.

Şuşanın azad olunmasından elə də böyük zaman keçməsə də Azərbaycan Şuşa şəhərini yenidən bərpa edir, dirçəldir, əvvəlki şöhrətinin qaytarılması üçün yeni dövr başlayır. Bu dövr milli qürur, milli ləyaqət və inkişaf, dirçəliş dövrüdür.

Bəllidir ki, Ermənistanın rəsmi təbliğatı, xüsusi qurumları münaqişənin ilk günlərindən etibarən Azərbaycanda müxtəlif dini, etnik, linqvistik icmalar arasında təfriqə yaratmaq, Azərbaycan dövlətçiliyini zəiflətmək, parçalamaq üçün davamlı iş aparmış, bu məqsədlə mərkəzlər, təşkilatlar, KİV-lər qurulmuş, milyonlarla vəsait xərclənmişdir. Bu işdə xaricdəki erməni lobbisi, onların havadarları da kifayət qədər fəaliyyət göstərmişlər.

44 gün ərzində torpaqlarımızın işğaldan azad olunması üçün bütün etnik və dini icmaların nümayəndələri vahid amal, vahid bayraq altında birləşərək çiyin-çiyinə döyüşməklə bu təbliğatın, bu fəaliyyətin öz hədəfinə çatmadığını, mənasızlığını ortaya qoydu. Eyni zamanda, Azərbaycanda əsrlərlə mövcud olmuş tolerant mühitin, multikulturalizm ənənələrinin qorunmasına Prezident İlham Əliyevin hakimiyyəti illərində bu qədər diqqət ayrılmasının da nə qədər düzgün siyasət olmasını sübut etdi.

Vətən müharibəsindəki Qələbədə bütün icmaların payı, töhfəsi vardır. Azərbaycan Prezidentinin tövsiyəsi ilə builki “Xarıbülbül” festivalı həm də Azərbaycan multikulturalizm ənənələrinin simvoluna çevrildi.

Prezident İlham Əliyev də çıxışında bu məqamı xüsusi vurğuladı. Prezidentin “Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır, ölkəmizdə milli birlik, milli həmrəylik vardır” fikri bütün dünyaya Şuşadan, qədim torpağımızdan verilən mesaj idi.

Prezident İlham Əliyevin “Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur” bəyanatı Azərbaycanın inkişafında, qələbəsində bu amillərin ciddi rolunun olduğunun ifadəsi sayıla bilər.

Şuşada

“Xarıbülbül” festivalında gənc muğam ifaçısı tərəfindən “Bayatı Şiraz” muğamı üstündə Abbas Səhhətin “Vətən” şeiri ifa olundu. Bu parça illər əvvəl “Qarabağ bülbülləri” ansamblı tərəfindən hazırlanaraq ifa edilmiş, filmlərimizdə, tədbirlərdə dəfələrlə səsləndirilmişdir və işğal illərində azərbaycanlılar üçün xüsusi rəmzi əhəmiyyətə malik olmuşdur.

Həmin ifa Şuşaya Azərbaycan ruhunun, Azərbaycan mədəniyyətinin böyük qayıdışının prelüdü də sayıla bilər.

Prezident İlham Əliyevin dediyi kimi, bu gün Azərbaycan mədəniyyəti, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri Şuşaya qayıdıblar və bu qayıdış reallıqdır, bu reallıqla hər kəs hesablaşmalıdır. Bundan sonra azərbaycanlılar Şuşada əbədi yaşayacaqlar.

Şuşada 29 ildən sonra bayram namazı qılınıb

Bu qayıdışın digər bir simvolik başlanğıcı da Ramazan bayramı ilə bağlı Yuxarı Gövhərağa məscidində bayram namazının qılınmasıdır.

İndi Şuşanın Yuxarı Gövhər ağa məscidində, işğaldan azad olunmuş digər ərazilərimizdə azan səsləri ucalır. Artıq məscidlərdə bayram namazı qılınır.

Festivalın məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi də böyük əhəmiyyət kəsb etdi. Belə ki, Şuşa Pənahəli xanın dövründən dini dəyərlərə xüsusi diqqət yetirilən məkan kimi tanınıb. Azərbaycanlıların etnik təmizlənməsi həmişə tarixi-dini abidələrimizə qarşı vandalizm aktları ilə müşayiət olunub. İslamın Azərbaycan xalqının milli konsolidasiyasında, milli mədəniyyətinin qorunmasında müstəsna yeri var. Prezident İlham Əliyev də bu məqamı bu şəkildə xüsusi vurğuladı: “Biz öz dini, milli, mənəvi köklərimizə bağlı olan xalqıq. Əks-təqdirdə, biz heç vaxt işğala son qoya bilməzdik”.

Beş il bundan əvvəl Cocuq Mərcanlı işğaldan azad olunandan sonra orada Prezident İlham Əliyevin göstərişi ilə Şuşa məscidinin bənzəri olan məscid inşa edilmişdi və həmin məscidin açılışındakı çıxışında dövlət başçısı demişdi ki, gün gələcək biz Şuşada məscidləri bərpa edəcəyik və yeni məscidlər tikiləcəkdir. Cəmi beş il keçdi və bu gün Prezidentin dedikləri həyata keçir, reallaşır.

Prezident İlham Əliyevin Ramazan bayramı ərəfəsində Şuşada yeni möhtəşəm məscidin təməlinin qoyulduğunu, ermənilər tərəfindən qurudulmuş “Xan qızı Natəvan” bulağından məhz bu gün su gəldiyini, bütün bunların böyük rəmzi məna daşıdığını bildirməsi də tarixi qayıdışımızın daha bir simvolu hesab edilir.

qulu.JPG (61 KB)

Qulu Məhərrəmli

Professor, əməkdar jurnalist Qulu Məhərrəmli Musavat.com-a açıqlamasında bildirdi ki, Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı çox böyük tarixi əhəmiyyət daşıyır. “Xarıbülbül” festivalı keçirilməsi və Yuxarı Gövhər ağa məscidində bayram namazı qılınmasının tarixi və rəmzi mənaları var. Eyni zamanda bu bir böyük rəmzi məna daşıyır, Azərbaycan mədəniyyəti üçün də tarixi anlama malikdir: “Bu hadisə bir daha Şuşanın Azərbaycan tarixi, irsi, mədəniyyəti üçün müstəsna əhəmiyyətə malik olduğunun ifadəsidir. Xüsusən festivalın ikinci günü Azərbaycan incəsənətinin, musiqi xadimlərinin çox möhtəşəm çıxışı, Azərbaycanda yaşayan müxtəlif millətlərin musiqisinin, mədəniyyət nümunələrinin məhz həmin millətlərin təmsilçiləri tərəfindən təqdim olunması möhtəşəm idi. Bu məqam Azərbaycanda tolerantlığın, multikultiralizmin ən yüksək səviyyədə olmasının növbəti dəfə dünyaya nümayişi idi. Bu festivalın keçirilməsinin rəmzi mənalarından biri də Şuşada doğulan, Şuşada dəfn olunan böyük mədəniyyət, sənət adamlarının ruhuna bir hesabat idi. Azərbaycan cəmiyyəti üçün, dünya üçün, qonşular üçün, dostlar və dost olmayanlar üçün çox ciddi bir mesaj idi ki, Şuşa Azərbaycanın ruhu, Azərbaycan mədəniyyətinin beşiyi, qürurudur, onun heysiyyatıdır. Bütün sadaladığım və digər amillər baxımından bu tədbirin misilsiz əhəmiyyəti var idi. Bu ildən başlayaq hər il Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək, eləcə də gələn il Şuşanın 270 illik yubileyi qeyd olunacaq. İnanıram ki, gələn il “Xarıbülbül” festivalı bundan da möhtəşəm, daha çox insanların qatıldığı bir möhtəşəm tədbir olacaq”.

Qulu Məhərrəmli onu da qeyd etdi ki, Yuxarı Göhər ağa məscidində Ramazan bayramında bayram namazının qılınmasının da çox böyük rəmzi, dini, tarixi, mənəvi mənası var: “Gövhər Ağa 1901-ci ildə dünyasını dəyişəndə vəsiyyətlərindən biri belə idi ki, bu məscidi qoruyun, yad əllərə düşməsin. Sanki narahatlıqla bunu vəsiyyət edirdi. Bu gün Azərbaycanın dövlət başçısı, birinci vitse-prezident övladları ilə birlikdə həmin məsciddə bayram namazı qılır. Bu hadisə ruha, tarixə, mənəviyyata bağlı olan məsələdir. Bu hadisə o deməkdir ki, Azərbaycan Şuşanın tam sahibidir. Tarixən də belə idi, bu gün də belədir. Mən bu hadisələrin Şuşada şəxsən iştirakçısı, şahidi oldum. Hesab edirəm ki, bu hadisə ömrümüzə yazılan qızıl günlər oldu. Bu hadisə Azərbaycan xalqında özünə inamı, gələcəyə inamı daha möhkəmləndirən artıran tarixi hadisə oldu. Mən atılan bu addımları ölkə Prezidenti Cənab İlham Əliyevin düşünülmüş, məqsədyönlü siyasətinin çox gözəl və parlaq epizodu kimi qiymətləndirirəm. Bizim hər birimiz bir vətəndaş olaraq bacardığımızı etməliyik ki, ölkəmiz daha da inkişaf eləsin, dövlətimiz möhkəmlənsin”.

Etibar SEYİDAĞA

Digər Xəbərlər
Xəbər Lenti