Qazimiz "Sportinfo"ya danışdı: "Ermənilər bu yolla bizi izləyirdilər" - FOTOLAR

20 Fevral 2021 17:40 Bizimkilər 1 008
Qazimiz "Sportinfo"ya danışdı: "Ermənilər bu yolla bizi izləyirdilər" - FOTOLAR

Sportinfo.az olaraq, ilk günlərdən Vətən Müharibəsinin gedişatını gündəmdə saxlamaqdayıq.

Müzəffər Azərbaycan Ordusunun Qarabağ döyüşlərində qazandığı parlaq qələbələri böyük sevinc hissi ilə oxucularımıza çatdırmışıq.

Ali Baş Komandanın rəhbərliyi altında əldə olunan tarixi zəfərin Azərbaycan xalqına bəxş etdiyi böyük xoşbəxtlikdir.

Bu yolda şəhidlik zirvəsinə yüksələn, qazi olan igid oğullarımızı tanıtmağa çalışırıq. Bu gün növbəti qazimizilə sizləri tanış edirik - Qurbanov Əbulfət

ƏKSƏRİYYƏT KİMİ BİZİ DƏ FÜZULİ İSTİQAMƏTİNƏ APARDILAR

15 sentyabr 2000-ci il Bakıda anadan olmuşam. Hazırda Suraxanı rayon Qaraçuxur qəsəbəsində qalıram. Müharibə başladığı zaman gəncədə yerləşən N saylı hərbi hissədə əsgər kimi xidmət edirdim. Müharibənin ilk günləri atılan raketlərdən biri bizim çayxayana düşmüşdü. Oktyabrın ilk günlərində bizə hazırlaşmaq əmri verildi. Sonra isə bizi əksəriyyət kimi ilk olaraq Füzuli istiqamətinə apardılar. Ora çatanda artıq bəzi ərazilər işğaldan azad olunmuşdu. Bizlər də məhz həmin yerlərdə xidməti davam etdirməyə başladıq.

GÖRSON ANDA CANLARINI GÖTÜRÜB, QAÇIBLAR.

Bir neçə gün orda qalandan sonra bizim taboru Cəbrayıla göndərdilər. Yolda düşmən bir neçə dəfə bizim olduğumuz kamazları vurmağa cəhd etsə də şükür olsun ki, Allah bizləri qorudu. Cəbrayılda olduğumuz müddət çox sayda erməni leşi gördük. Yemək yedikləri yerlər daha çox araqlar və narkotik vasitələrlə doluydu. Görünür, son anda canlarını götürüb qaçıblar.

ERMƏNİLƏR BU YOLLA BİZİ İZLƏYİRDİLƏR

Növbəti getdiyim yer Qubadlı oldu. Yol boyu işıq gördükləri anda bizi vururdular. Qubadlıda olanda bir it bizim yanımızdan əl çəkmirdi. Biznən olan xusisi təyinatların zabiti sonradan bildi ki, bu əhilləşdirilmiş itdi. Onun başında olan kameranı bizə göstərdi və iti öldürdü. Ermənilər həmin kamera ilə bizi izləyirlərmiş.

LAÇINDA BAŞA ÇATAN DÖYÜŞ YOLU

Bir gün Qubadlıda qalandan sonra Laçına yola düşdük. Yolda körpü vardı. Ermənilər həmin körpünü dağıtmışdılar ki, ordan keçə bilməyək. 10 günə yaxın Laçında olduq. Elə olurdu 2-3 gün ac qalırdıq. Orda olanda biz olan yeri dəfələrlə ermənilər vurmağa cəhd etdilər. Mən özüm noyabrın 2-si yaralandım. Gecə növbəyə çıxmışdım. Posta çıxdığım 15-20 dəq olardı. Ayaq üstə gəzməkdən yorulmuşdum. Daşın üstündə oturub bir siqaret çəkdim. Siqareti təzəcə bitirmişdim ki, 60-lıq minamyot 2 metr qabağım düşdü. Qulaqlarım eşitmirdi. Nəsə görmürdüm. O an ancaq qışqırırdım. Gəncədən Musa vardı. O məni sürüyə-sürüyə yaxınlıqdakı otağa gətirdi. Uşaqlar sağ olsun operativ kömək etdilər. Biri remenimi açırdı, digəri rezinlə ayağımı sıxırdı. Gördülər ki, çox ağır vəziyyətdəyəm. Çoxlu qanım axırdı. Su istədim, amma vermədilər. Hüşum özümdən getdi. Özüm sanitar təminatçıyam. Çantamda iynə-dərman vardı. Nə bacardılarsa, dəstək oldular. Sonra rabitə ilə komandirə məruzə etdilər ki, vəziyyəti pisdi. Komandir tapşırıq verdi ki, hazırda düşmən ora güclü zərbələr endirir. Sakitləşən kimi tez ordan çıxın. Bizimkilər atmağa başlayanda uşaqlar məni qucaqlarına alıb, təcili tibbi yardım maşınına apardılar. Yolda da bir neçə dəfə düşmən bizim maşını vurmağa çalışıb. Gəncədən olan Mürsəlov Murad ilk tibbi yardımı göstərdi. Məni Füzuliyə çatdırdılar. Orda dedilər ki, ayağın qırılıb. Vəziyyətim ağır olduğu üçün Ağcabədiyə göndərdilər. Ora çatanda artıq çox qan itirmişdim. İlk əməliyyatdan sonra Bakıya yola salındım.

KOMANDİRİN ŞƏHİD OLMASINI UNUDA BİLMİRƏM

Bölük komandirimiz baş leytenan Ələkbərov Röyal Fərmail oğlunun Cəbrayılda şəhid olmasını unuda bilmirəm. Ermənilər olan kəndə girmişdik. Komandir bizdən çox qabaqdaydı. Elə biliblər ki, artıq ermənilər hamısı ölüb. Amma yaralı bir erməni varmış. Son nəfəsində komandirimiz olan maşını vurdu. Maşında olan komandir və digər zabit yoldaşı şəhid oldular.Sonra həmin erməni özü də ölmüşdü.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"