“Erməni-azərbaycanlı müharibəsi” olacağı haqda yeni xəbərdarlıq

19 Yanvar 2023 01:20 Araşdırma 612
“Erməni-azərbaycanlı müharibəsi” olacağı haqda yeni xəbərdarlıq

Bəzi siyasi təhlilçilər Ermənistanla Azərbaycan arasında kiçik hərbi toqquşmaların 2023-cü ildə də davam edəcəyini düşünürlər.

Onlar kiçik hərbi əməliyyatların davam edəcəyinə əsas səbəb kimi, Ermənistanla sülh razılaşmasının əldə edilməməsini göstərirlər.

İlk belə xəbərdarlıq Beynəlxalq Böhran Qrupundan gəlib. Təşkilatın ekspertləri Ermənistanla Azərbaycan arasında yeni münaqişə ola biləcəyini iddia edib. Təşkilat qarşıda gözlənilən risklərlə bağlı məqalə yayıb. Analitik məqalədə iddia edilib ki, sanki Ermənistan və Azərbaycan yeni qarşıdurmaya doğru irəliləyir. Onların rəyinə görə, Rusiyanın Ukraynadakı uğursuzluqları regiondakı hesablamaları alt-üst edib: “Yeni müharibə daha qısa, lakin 2020-ci ildəki altı həftəlik münaqişədən az dramatik olmayacaq”.

Cənubi Qafqazda yeni hərbi əməliyyatların başlanması təhlükəsi olduqca realdır. Eskalasiyanın yeni mərhələsi üçüncü ölkələrin müdaxiləsinə səbəb ola bilər. Bunu isə “Nezavisimaya”da dərc olunan məqaləsində rusiyalı politoloq Andrey Kortunov deyib. O, 2023-cü ildə beynəlxalq sistem üçün ciddi nəticələri olacaq 15 problemi sadalayıb. 5-ci yerdə Cənubi Qafqazda yeni eskalasiyanın mümkünlüyü göstərilir. Kortunov bildirib ki, 2020-ci ilin noyabrında Ermənistan, Rusiya və Azərbaycan arasında üçtərəfli sazişin imzalanması, eləcə də Qarabağda müvəqqəti yerləşdirilən rus sülhməramlılar münaqişənin dondurulmasına imkan versə də, hələlik onun yekun həllinə gətirib çıxarmayıb: “Bu gün həm Qarabağda, həm də Ermənistan-Azərbaycan sərhədində gərginlik davam edir. Cənubi Qafqazda hərbi əməliyyatların yenidən alovlanması təhlükəsi daha real görünür, xüsusən də il ərzində Bakı-İrəvan münasibətlərində irəliləyiş əldə olunmasa. Daha bir eskalasiya raundu Rusiya və KTMT üçün ciddi mənfi nəticələrə səbəb ola, eyni zamanda üçüncü ölkələrin münaqişəyə müdaxiləsinə gətirib çıxara bilər”.

“Erməni-azərbaycanlı müharibəsi” olacağı proqnozları niyə artıb? Mümkün müharibə xəbərdarlığı hansısa kəşfiyyat məlumatlarına əsaslanırmı? Regionda marağı olan iri dövlətlər bu müharibədən nə itirər, nə qazanar?

Asif Nərimanlı: "Bu, vəziyyəti yenidən gərginləşdirə bilər"

Asif Nərimanlı

Siyasi analitik Asif Nərimanlı hesab edir ki, sülh sazişinin ötən ilin sonunda imzalanması gözləntiləri fonunda müharibə proqnozlarının artması daha çox Bakı-İrəvan xəttində dəyişən ritorikadan qaynaqlanır: “Ermənistan faktiki olaraq üçtərəfli razılaşmalarda üzərinə götürdüyü öhdəliklərdən imtina edir, əvəzində sülh sazişi üzrə yeni tələblər ortaya atır, əgər əvvəlki dövrdə İrəvan daha yumşaq mövqe sərgiləyirdisə, indi istəklərini daha yüksək səslə dilə gətirir. Bu da geosiyasi şərtlərin dəyişməsi gözləntilərinin artması, xüsusilə Ukrayna müharibəsi fonunda Rusiyanın mövqelərinin müəyyən qədər zəifləməsi, daha doğrusu, zəifləyəcəyi gözləntilərinin ortaya çıxmasından qaynaqlanır. Qarabağdakı ermənilərlə bağlı məsələnin sülh sazişinə daxil edilməsini istəyirlər, o cümlədən sərhəd məsələsində Bakının qəbul etməyəcəyi şərtlər irəli sürürlər. Zəngəzur dəhlizi məsələsi də əsas toqquşma nöqtəsidir. Bu vəziyyət 44 günlük müharibədən öncə 30 il ərzində davam edən uzanmış danışıqlar raundunu xatırladır və proseslərin müharibə ilə nəticələnməsi təcrübəsi göstərir ki, yenə eyni ssenari baş verə bilər. Azərbaycan üçüncü müharibədə maraqlı deyil, amma bunu mövcud şərtlər tələb edə bilər. Regionda vasitəçilik üzərindən geosiyasi mübarizə getdiyi bəllidir, yeni eskalasiyadan sonra prosesin uzanması, yaxud yeni şərtlərlə danışıqlar masasının qurulması Rusiyanın vasitəçiliyini arxa plana keçirə və ya alternativ vasitəçilərin mövqelərini gücləndirə bilər. Bunda əsas maraqlı oyunçu Fransadır. Rəsmi Paris yeni eskalasiya üzərindən Cənubi Qafqazda iştirakçılıq payını artırmaq, ən əsas da Ermənistanın təhlükəsizliyindəki rolunu gücləndirmək niyyətindədir. ABŞ da regiondakı mövcud vəziyyətin dəyişməsi, yenilənməsi baxımından toqquşmadan istifadə edə bilər. Geosiyasi oyunun getdiyini görürük, bu oyunun icraçısı qismində çıxış edən Ermənistan hesab edir ki, eskalasiya ilə nələrsə əldə edə biləcək, amma fikrimcə, ən çox itirən tərəf elə Ermənistan olacaq. Təcrübə də deməyə əsas verir ki, təxribatlara cavab olaraq Azərbaycan Ordusunun əks-həmləsi bu ölkəyə ağır başa gəlir. Əgər növbəti genişmiqyaslı təxribat olarsa, ordumuz bu dəfə artıq gözlə görünən Göyçə gölünə qədər ərazilərdə də möhkəmlənə bilər”.

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə isə dedi ki, son günlərdə Qərb kəşfiyyatı Cənubi Qafqazda yeni gərginliyin olacağı, xüsusilə Ermənistanla Azərbaycan arasında yeni silahlı toqquşmanın yaşanacağına dair proqnozlarını artırıblar, lakin onlar bunun səbəbi olaraq Ermənistanın destruktiv siyasətini qeyd etmirlər: “Eskalasiyada iki amil rol oynaya bilər: birincisi Paşinyanın anti-Rusiya mövqeyinin gedərək sərtləşdirməsi və Ermənistanı Rusiyanın "təhlükəsizlik çətiri" altından çıxarmağa çalışması, ikincisi isə Qarabağın qondarma rejiminin regional sülh gündəliyinə qeyri-adekvat mövqe sərgiləməsi.

Paşinyan “Rusiyanın hərbi varlığı Ermənistan üçün hər hansı təhlükəsizlik qarantiyası vəd etmir, əksinə, təhlükələri daha da artırır” kimi açıq bəyanatlar verməklə, həmçinin ən son 2022-ci ilin avqust və sentyabr aylarındakı hərbi toqquşmadan sonra KTMT-nin Ermənistanda monitorinq qrupunu rədd edərək, Azərbaycanla sərhəddə 2 aylıq Aİ missiyasının gəlməsini təmin edərək mövqeyini aydın nümayiş etdirir. Bu gün isə Aİ missiyasının müddətinin 2 il uzadılmasına dair niyyət açıqlanır. Lakin xarici ekspertlər hesab edir ki, postsovet ölkələrinin Rusiyanın “təhlükəsizlik çətiri” altından çıxması asan olmayacaq, xüsusilə Ermənistan kimi ölkənin. Ermənistan guya Qarabağın statusuna dair “plankanı aşağı salsa da”, qondarma rejimin rəhbərliyi ilə əməkdaşlığa və sülhpozucu fəaliyyətə davam edir. Prezident İlham Əliyevin isə hər zaman vurğuladığı kimi, bu cür pozucu fəaliyyətə qarşı “dəmir yumruq yerindədir”. Xüsusilə son dövrlərdə döyüş hazırlığının artırılması və Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin və digər vəzifəli şəxslərin Ermənistanla sərhədə gedərək komandoların hazırlıq səviyyəsini yoxlaması yaxınlaşmaqda olan hansısa hadisələrin xəbərçisi olaraq dəyərləndirilə bilər. Ermənilər artıq öz “gücləri” ilə ölkəmizin hərbi potensialını müqayisə etməyə başlayıb hallarına acıyırlar. “The Global Firepower” hərbi izləmə platforması 2023-cü il hesabatında Azərbaycana hərbi gücünə görə 145 ölkə arasında 57-ci yeri verib. Ermənistan isə bu siyahıda 94-cüdür. Azərbaycan 2023-cü ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik məqsədləri üçün 5,3 milyard manat (3,1 milyard dollardan çox) ayırıb (2022-ci illə müqayisədə 18,5% daha çox). Təbii ki, Ermənistan nə qədər ordudusunu müasirləşdirməyə çalışsa da, Azərbaycanla genişmiqyaslı hərbi toqquşmadan qaçmaq üçün əlindən gələni edir və edəcək, bu çərçivədə Aİ vasitəçilərindən uğurla faydalanır və bu siyasətinə davam etmək istəyir. Qarabağ daxilindəki cinayətkar dəstələrin öhdəsindən isə “ekoloji diplomatiya” ilə uğurla baş edirik. Artıq ekoloqlarımız və hərbçilərimizlə Laçın dəhlizinə nəzarət edirik və qalır Qarabağ ermənilərinin reinteqrasiyası. 2023-cü il ərzində “Böyük qayıdış” ilkin mərhələsi ilə yanaşı ermənilərin reinteqrasiyasına yönəlmiş müəyyən addımların atılacağı, reinteqrasiya etmək istəməyən ermənilərin bölgəni tərk edəcəyi, ölkəmizin daxilində terror törətməyə cəhd edənlərin isə antiterror əməliyyatları ilə zərərsizləşdiriləcəyi təxmin edilə bilər".

Akif Nağı:

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı müharibə ehtimalı görmür: “Regionda yeni müharibənin alovlanması Ermənistanın maraqlarına uyğun deyil. Onların gücü və real müttəfiqləri yoxdur. Ona görə də Paşinyanın bütün "nala-mıxa vurmaq" cəhdlərinə ciddi əhəmiyyət verməyə dəyməz. O, öz vəziyyətini gözəl başa düşür, müharibənin mümkün nəticələrini bilir və manevr etməklə indiki şəraitdən daha əlverişli şərtlərlə çıxmağa çalışır. Özü də bir neçə dəfə çıxış edərək bildirib ki, “28-29 min kv. kilometrlik Ermənistanı” qoruyub saxlamaq lazımdır. Müharibə yalnız xarici güclər tərəfindən öz maraqlarına uyğun olaraq meydana gətirilə bilər. Bu baxımdan İran və ya Amerika maraqlı tərəf kimi görünür. Rusiya iki cəbhədə müharibə aparmağın çətinliyini başa düşür və ehtiyatlı davranır. Hadisələr Azərbaycanın çəkdiyi “yol xəritəsi”nə uyğun inkişaf edir. Azərbaycan inamla hədəfə doğru gedir, ona görə də hələ ki hərbi əməliyyata ehtiyac yoxdur. Çünki müharibəni proqnozlaşdırmaq, hansı nəticələrə gətirəcəyini əvvəlcədən müəyyənləşdirmək çətindir, risk elementləri çoxdur. Amma müəyyən şərtlər daxilində kiçik həcmli hərbi təşəbbüs cəhdləri də istisna edilmir . Hadisələrin bir qədər sürətləndirilməsi üçün bəzən bu təşəbbüslər qaçılmaz olur".

Digər Xəbərlər
Xəbər Lenti