"Qarabağ" bu medalı almağa layiq idi" - Tahir Gözəl

20 İyun 2020 21:00 Qarabağ 1 295
"Qarabağ" bu medalı almağa layiq idi" - Tahir Gözəl

"Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl Ağdam klubunun mükafatlandırma mərasimindən sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Sportinfo.az xəbər verir ki, o, əvvəlcə çempionluq təəssüratlarını bölüşüb.

- 8-ci uğurumuzu qeyd etdik. 7 il ard-arda çempion olduq. Bu, Azərbaycanda ilkdir. “Qarabağ” Azərbaycan üçün çox böyük uğurlara imza atıb. Biz Avropanın qəlbi İsveçrədən əvvəl Çempionlar Liqasının himnini Azərbaycanda eşitdik. Bu, çox qürurverici hadisədir. Qeyri-adi vəziyyətdə yaşayırıq. 8 xallıq fərqi nəzərə alanda hesab edirik ki, “Qarabağ” bu medalı almağa layiq idi.

- COVID-19 bütün sahələrə ziyan vurub. “Qarabağ”dakı durum necədir? Büdcədə azalma gözlənilmir ki?

- Bunu hələ müzakirə etməmişik. Koronavirusun bütün dünyada iqtisadi təsirləri oldu. Bu, büdcəmizə də təsir edəcək. Amma biz “Qarabağ”ın adını və bu klubun mənəvi cəhətdən Azərbaycan üçün hansı rolu oynadığının fərqindəyik. Amma yenə Azərbaycanda çempionluğa oynayıb, xaricdə ölkəmizi layiqincə təmsil etmək istəyirik. Önümüzdəki 1 ay ərzində müzakirələrimiz olacaq. İnşallah, gələn il üçün necə “Qarabağ” formalaşdıracağımızı biləcəyik. Mənim üçün əsas olan klubumuzun bir illik uğuru deyil, davamlı nəticələrdir. Bütün şəraitlərdə Azərbaycanı layiqincə təmsil edən klub olmasını istəyirik.

- Rəşad Sadıqov karyerasını bitirir. Siz onun dəyəri barədə nə deyə bilərsiz? Bundan sonra hansı ampulada olmasını məqsədə uyğun görürsünüz?

- Rəşad Sadıqov “Qarabağ”ın bel sütunudur. O, klubumuzun ayrılmaz hissəsidir. Bu mənim şəxsi arzumdur ki, o, yenidən bizimlə olsun. Biz peşəkar klubuq, baş məşqçimizlə müzakirə etməliyik. Mən inanıram ki, Qurban Qurbanov da buna müsbət baxacaq. Onunla müzakirələr aparacağıq. Rəşadı texniki heyətdə görməyi arzulayardım. Həm təcrübəsi var, həm klubun siyasətini bilir. O, “Qarabağ” üçün çox lazımlı bir beyin, taktika ustası ola bilər. Qurban hocanın qərarı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"