Öncə "Qarabağ"ın təklifini qəbul etmədi, indi isə... SON DƏQİQƏ

30 Yanvar 2023 14:40 Qarabağ 3 421
Öncə "Qarabağ"ın təklifini qəbul etmədi, indi isə... SON DƏQİQƏ

Adı "Qarabağ"la hallanan "Bayer"in (Leverkuzen) qapıçısı Andrey Lunyovun meneceri Anton Smirnov açıqlama verib.

"RB Sport"a danışan funksioner agentqolkiperə bir neçə ölkədən təklif olduğunu deyib:

"Bayer"in heyətinə yeni qapıçı cəlb etməsi vəziyyəti 180 dərəcə dəyişib.

"Transfer pəncərəsi"nin bağlanmasına bir neçə gün qalmış yeni klub axtarmaq çətindir, amma bir neçə variantımız var.

"Qarabağ"la birbaşa danışıqlar aparmamışıq, amma bu gün "Bayer"in idman direktoru mənə dedi ki, Azərbaycan təmsilçisinin Lunyovu almaq istəyi var, kluba rəsmi məktub gəlib.

Rəhbərlik qapıçının qərarına hörmət edir. Məqbul variant və sağlamlığı ilə bağlı hər şey qaydasında olarsa, onu buraxacaq.

Əks halda, Andrey müqaviləsinin sonunadək "Bayer"də qalacaq. Vəziyyətinə baxıb qərar verəcəyik.

Yaxın müddətdə meydana qayıda bilsə, başqa kluba keçməyə çalışacaq. Elə ölkələr var ki, məsələn, Türkiyə və Azərbaycan, orada "transfer pəncərəsi" gec bağlanır".

Bu açıqlamadan bir neçə gün öncə Anton Smirnov öz "telegram" hesabında "Qarabağ"ın müştərisiylə maraqlandığını, lakin keçidin baş tutmayacağını bildirmişdi:

"Azərbaycan mətbuatı Andrey Lunyovun "Qarabağ"a mümkün keçidindən yazır.

Öz tərəfimdən rəsmi münasibət bildirmək istəyirəm. "Qarabağ" həqiqətən də Andreyə maraq göstərir, hətta icarəyə verilməsi ilə bağlı "Bayer"ə yazılı müraciət də edib.

Klub nümayəndələri ilə şəxsi əlaqəmiz olmayıb, sadəcə, vasitəçilərlə bizə şifahi şəkildə şərtlər səsləndirilib. Eyni zamanda, mən vasitəçilərlə danışdım və indi açıq şəkildə bunu deyəcəm:

"Qarabağ"a, onun son illərdəki inkişafına və Andreyə olan maraqlarına hörmətlə yanaşırıq. Amma bu keçid indiki zamanda bizi maraqlandırmır və mümkün deyil. Amma bir maraqlı məqamı da diqqətinizə çatdırım.

Məlumat ya klubdan, ya da vasitəçilərdən yayılır. Biz bu mövzunu heç kimlə müzakirə etməmişik və fikrimiz də olmayıb.

Öz cavabımızı dərhal verdik. Lakin onlar israrlıdırlar və şanslarını sınayıb "Bayer"lə əlaqə saxlamağa qərar verdilər.

İndi də nədənsə yalan məlumat yayırlar ki, belə variant mümkündür. Yaxşı, bu, onların işidir. Amma mən deyim ki, Andrey Lunyov “Qarabağ”a keçməyəcək".

"Qarabağ” Antalya toplanışında ağır zədə alan və minimum 2 ay əlcək geyinməyəcək Şahruddin Məhəmmədəliyevi birdəfəlik kənara qoymaq istəmir.

Odur ki, son ölkə çempionu onlara təklif olunan əcnəbi qolkiperlərin heç biriylə uzunmüddətli müqavilə bağlamağa həvəs göstərir.

Düşərgədən verilən məlumata görə, son 10 gün ərzində kluba 60-dan artıq qapıçı barədə dosye göndərilib. Onların arasında 3-4 nəfər favoritdir.

Ağdam təmsilçisi Andrey Lunyovu mövsümün sonunacan icarəyə götürməkdə maraqlıdır. Sadəcə, rusiyalı axır 1-2 günə kimi icarə variantına isti yanaşmayıb.

Lakin "Bayer"in yeni qapıçı gətirməsi onun fikrini dəyişib. Belə ki, Leverkuzen təmsilçisi "Reyms"dən Patrik Pentsi transfer edib.

Avstriyalı qolkiperlə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. Patrik Pents bu ilin yayından "Reyms"də çıxış edirdi. 26 yaşlı "əlcək sahibi" Fransa klubunun heyətində 7 matçda meydana çıxıb.

Lunyov bu anlaşmadan sonra "Qarabağ"a daha bir addım yaxınlaşıb. Tərəflər ilyarımlq müqavilə bağlamaq üzrədir.

Sabiq "Zenit"linin şərti budur ki, yayda Avropanın aparıcı çempionatlarından birindən dəvət gələrsə, "köhlən atlılar" bu ayrılığa razılıq versin. Ağdamlılar bu öhdəliyi üzərinə götürməyə hazırdır.

Rusiya yığmasında 7 oyun keçirmiş tanınmış qolkiper karyerasına Moskva "Torpedo”sunda başlayıb.

Sankt-Peterburq "Zenit”indəki çıxışı ilə Rusiya hüdudlarından kənarda məşhurlaşıb. O, 3 dəfə Rusiya çempionu olub, 1 dəfə bu ölkənin kubokunu qazanıb.

2021-ci ildə Leverkuzen təmsilçisinə keçən Lunyov ötən mövsüm bu klubun heyətində Bundesliqanın bürünc medalını qazanıb.

Mövsümün əvvəlində Bundesliqada "Auqsburq”la oyunda 90 dəqiqə meydanda olan təcrübəli qapıçı daha sonra zədə səbəbindən "Bayer 04”ün əsas heyətindəki yerini itirib.

Lunyovun leverkuzenlilərlə müqaviləsi bu mövsümün sonu bitir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"