Mahirin Avropaya yollanması

11 May 2021 14:00 Qarabağ 1 730
Mahirin Avropaya yollanması

2016-cı ilin martında “Ovyedo”nun “Xəzər Lənkəran”a məktub yolladığı haqda məlumatlar yayılmışdı.

Bildirilirdi ki, İspaniya klubu Lənkəran təmsilçisinin yetirməsi Elnur Cəfərovu transfer etmək arzusundadı.

Həmin ərəfələrdə futbolçu “Ovyedo”nun bazasına baş çəkmiş, baxış xarakterli məşqlərdə iştirak etmişdi. Sonradan məlum oldu ki, iki klub arasında razılıq əldə olunmayıb və Elnurun “Ovyedo”ya keçidi alınmayacaq.

İddia etmirəm ki, “Xəzər Lənkəran” bu keçidə razılıq versəydi, Elnurun gələcəyi parlaq olacaqdı və bütün İspaniya azərbaycanlı futbolçunun istedadından danışacaqdı.

Amma ələ belə bir şans düşmüşdüsə, ondan istifadə etmək lazım idi. Düzdü, süni şəkildə məşhurlaşdırılan və bir anda ulduza çevrilən Elnurun əlinə başqa fürsətlər də düşdü. Səsini Portuqaliyadan, daha sonra Xorvatiyadan eşitdik.

Nə orda, nə də burda özünü doğrulda, gözləniləni verə bildi. Birvaxtlar Qurban Qurbanovun “Qarabağ”a cəlb etməyə çalışdığı futbolçunun parlayan ulduzu yavaş-yavaş söndü, sonradan adı da unuduldu.

Müəyyən müddət “Neftçi”də gün keçirdi, sonra “Keşlə”də ayaqlarını sürüdü. Etiraf edim ki, Cəfərovun indi futbol oynayıb-oynamadığından xəbərsizəm.

Yaxşı futbolçu olmaq üçün təkcə istedad bəs etmir. Buna yetərincə nümunə çəkmək mümkündü. Yeniyetmə və nisbətən gənc yaşlarında

istedadıyla göz oxşayan, böyük gələcək vəd edən neçə-neçə futbolçumuz sonradan qeybə çəkilib, yaxud da ortabablar sırasına qarışıb, sıradan birinə çevrilib.

Təkrarçılıq olsa da, Pilağa Mehdiyevin də adını çəkmək istəyirəm. Birvaxtlar vurduğu qolların sayına görə rekordçu olan, millimizin alman baş məşqçisi Berti Foqtsu oxuduğu orta məktəbə gətirən Pilağa U-17-nin heyətində çıxış etdiyi bütün yarışlarda əcnəbilərin diqqətini üzərinə çəkirdi.

Mehdiyev futbolçu kimi böyük gələcək vəd etməsəydi, “Qarabağ” Çempionlar Liqasında çıxış edəndə transfer parası ödəyib, onu “Neftçi”dən ayırmazdılar.

Şəxsən öz gözlərimlə görmüşəm ki, Pilağanın “Qarabağ”ın U-19 komandasının heyətində “Atletiko”ya qarşı sərgilədiyi oyundan sonra Portuqaliya klublarından biri onu heyətinə qatmaq istəyi ilə Azərbaycana məktub yollayıb.

Sonradan nəyin baş verdiyini bilmirəm. Ya futbolçu özü günahkardı, ya da Azərbaycan futbolundakı qeyri-sağlam mühit. Fakt budu ki, futbolumuz onun simasında daha bir istedadını erkən itirdi, bu gün heç birinci divizion komandalarının heyətində Pilağaya yer tapılmır.

Bütün bu nümunələr onu göstərir ki, problem təkcə bir futbolçunun xarakterindəki nöqsanlar, yaxud da bəxtsizlik ilə bağlı deyil. Bizimkiləri vaxtından öncə “söndürən” hər nədisə, ümumi bəladı. Elnuru da, Pilağanı da bir kənara qoyuram.

Deyək ki, onlar əsl peşəkara çevrilməmişdilər, uşaq səhvlərinə yol verdilər. Bəs Emil Balayevə nə oldu? Qazaxıstan “Tobol”unda çıxış edərkən özünü ən yaxşı tərəfdən göstərmişdi, az qala hər həftə rekordları yeniləyirdi.

Özü də “Tobol” Qazaxıstanın ortabablarında da deyildi, “Astana” və “Kayrat”la çempionluq uğrunda mübarizə aparır, ölkəsini avrokuboklarda təmsil edirdi.

Erməni mütəxəssis Qriqori Babayanın “Tobol”a baş məşqçi təyin olunması Balayevin legioner həyatını yarıda qoydu, bir anda həmyerlimiz klubu ilə yolları ayırmağa qərar verdi.

Məlum məsələdi ki, bir azərbaycanlı futbolçunun erməni çalışdırıcının rəhbərliyi altında oynaması xeyli müşkül məsələ idi. Buna görə də Emilin verdiyi qərara hamımız hörmətlə yanaşdıq, onu qınamadıq.

Həm də ona inanırdıq ki, Balayev Azərbaycana qayıtmayacaq, karyerasını “Tobol”dan da səviyyəli komandada davam etdirəcək. Klubsuz qaldığı müddətdə Emilin adı ən müxtəlif komandalarla yanaşı çəkildi, hər səhər onunla bağlı şad xəbər eşidəcəyimizə inanırdıq.

Amma ümidlərimiz doğrulmadı. Düzdü, Balayevin münasibətlərini rəsmiləşdirdiyi “Qarabağ” “Tobol”dan heç də zəif deyildi. Di gəl ki, qapıçı Azərbaycan premyer-liqasına qayıtdı, özü də “1” nömrə kimi yox, əvəzedici statusuyla.

Artıq hamı qəbul edir ki, Balayev Şahruddin Məhəmmədilyevin kölgəsində qalıb, onun əvəzedicisi statusuyla barışıb. Halbuki xaricidə çıxış etməklə səviyyəsini yüksəltməyə davam edərdi.

Biz də ona baxıb, qürrələnərdik. Emili Azərbaycana qayıtmağa, “Qarabağ”da ehtiyat oyunçular skamyasında gün keçirməyə məcbur edən səbəblərlə bağlı uzun-uzadı danışmaq istəmirəm. Sözümün canı başqadı.

Sözümün canı odu ki, azərbaycanlı futbolçular xarakterlərində inqilab etməli, əllərinə düşən ən xırda fürsəti belə dəyərləndirməyi bacarmalıdı.

O cümlədən də Mahir Emreli. İddia etmirəm ki, nə olur-olsun, Mahir “Qarabağ”dan getməli, qarşısına çıxan ilk əcnəbi klubla anlaşmalıdı.

Amma artıq azarkeşlərin ona münasibətində də bu mövqe möhkəmlənib ki, futbolçu legioner həyatı yaşamalıdı. Bəli, Mahir “Qarabağ” üçün vacib futbolçulardadı, klubuna xeyli fayda verib.

Bunu inkar etmək olmaz. Ümumi görüntü isə belədi ki, Emreli Azərbaycan çempionatının səviyyəsini aşıb, burda çıxış etməklə səviyyəsini aşağı salacaq, geriləyəcək.

Getməli, özünü daha yaxşı yerlərdə sınamalıdı. Həm özünün, həm də Azərbaycan futbolunun mənafeyi üçün. Ümid edirəm ki, bacaracaq (Futbol+).

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"