"Azərbaycanda çempionatda çıxış edəcək 12 komanda tapmaq olmur?"

23 Sentyabr 2020 12:02 Gündəm 1 371
"Azərbaycanda çempionatda çıxış edəcək 12 komanda tapmaq olmur?"

Bu yaxınlarda Azərbaycan millisi UEFA Millətlər Liqasının ilk turunda Lüksemburq yığmasına 1:2 hesabı ilə məğlub olub.

Komandamızın oyunu əhali arasında etirazlara və tənqidlərə səbəb oldu.

Ümumiyyətlə, futbol yarışlarında millimizin qələbə qazanacağı ümidilə yarışı izləyən azarkeşlər bir çox hallarda təəssüf hissi keçirməyə məcbur qalırlar.

Futbol ictimaiyyəti hesab edir ki, problemin başlıca səbəblərindən biri də AFFA-da futbol mütəxəssislərinin yox, tamamilə futboldan anlayışı olmayan şəxslərin işləməsidir.

Bu mövzu barədə əksəriyyətini düşündürən bir neçə suallar var: Azərbaycanda futbol niyə inkişaf etmir? Azərbaycanda futbolun inkişaf etməməsinin başlıca səbəbi nədir? Maliyə vəsaiti, uğursuz transferlər, yoxsa məşqçi problemi?

Correct.az-a açıqlama verən Sportinfo.az-ın redaktoru İlkin Xəlilov bildirib ki, Azərbaycanda futbolun inkişaf etməməsinin başlıca səbəbi futbolu idarə edən şəxslərin səriştəsizliyi, bacarıqsız olmasıdır:

“Transferi də səlahiyyət sahibi edir, məşqçini də onlar təyin edir. İdarəçi, rəhbər səriştəsiz olanda nə transfer özünü doğruldur, nə məşqçi. Azərbaycanda futbolun idarəçiliyinə, inkişafına cavabdeh qurum AFFA-dır.

Orada da faktiki olaraq idarəçilik icraçı vitse prezident Elxan Məmmədovun əlimdədir. 13 ildir bu adam vəzifəsində özünü doğrultmur, amma hansısa gözəgörünməz qüvvə onu himayə edərək postunda saxlayır.

Klubların özündə də idarəçilik baxımından ciddi problem var. Bu sarıdan ən çox əziyyət çəkən klub Azərbaycan futbolunun flaqmanı sayılan Neftçi"dir”.

Sportinfo.az-ın yazarı Natiq Muxtarlı isə düşünür ki, Azərbaycanda futbolun inkişaf etməməsinin başlıca səbəbi nə maliyyədir, nə transferlər, nə də məşqçi problemidir. Bunun yeganə səbəbi qeyri-peşəkar idarəetmə sistemidir:

“Azərbaycan futboluna rəhbərlik edənləri bu oyunun inkişafı qətiyyən maraqlandırmır. “Futbolda maliyyə yoxdur” deyə bilmərik. Dövlət futbolun inkişafına kifayət qədər maliyyə ayırır ki, bunu başqa heç bir ölkədə etmirlər.

Sadəcə, bu maliyyə təyinatı üzrə xərclənmir. Azərbaycan futboluna rəhbərlik edənlər o vəsaiti mənimsəyirlər. Klublara rəhbərlik edənlər də AFFA rəsmilərinin yaxınları, qohum-əqrəbalardır.

Azərbaycan çempionatı iflic durumdadır. Çempionatımızda cəmisi 8 komanda çıxış edir. Bu göstəriciyə görə Gürcüstandan da, Ermənistandan da geridəyik. Amma biz deyirik ki, regionun ən inkişaf etmiş, ən varlı ölkəsiyik.

Bəs necə olur ki, bu var-dövlətin müqabilində ölkə çempionatında çıxış edəcək 12 komanda tapmaq olmur? Ona görə ki, futbol biznesə, gəlir mənbəyinə çevrilməyib.

Daha doğrusu, futbol Azərbaycanda AFFA rəhbərliyinin gəlir mənbəyidir. İş adamları, futbol sahəsinə maraq göstərmirlər. Çempionatımız zəif olduğu üçün də hansısa orta səviyyəli legioneri də Azərbaycana gətirmək mümkün deyil. Məşqçi problemindən isə danışmağa dəyməz.

Azərbaycan klublarının Avropada qazandığı kiçik uğurlar məhz yerli məşqçilərin adı ilə bağlıdır. Ölkədə uşaq futbolu yoxdur. Futbol təsərrüfatı böyük bazardır.

Bu bazarın da məhsulu futbolçudur. Biz bu məhsulu yetişdirməklə məşğul olmamışıq. Uşaq futbolu adı altında dövlətin ayırdığı vəsait “yuyulub”.

Azərbaycanda futbolçu yetişdirilmir, amma AFFA rəhbərliyi yığma komandaya baş məşqçini israrla xaricdən gətirir. Bölgələrdə, qəsəbə və kəndlərdə o qədər istedadlı uşaqlarımız var ki...

Ancaq onların futbolla məşğul olması üçün infrastruktur yoxdur. Bölgələrdə yaşayan sabiq futbolçular müəyyən çətinliklə də olsa uşaqlarla məşğul olurlar, amma forma, top, buts tapa bilmirlər.

AFFA rəhbərliyi isə italyan məşqçilərə ildə 5 milyon manat vəsait verir. Bax, Azərbaycanda futbolun inkişaf etməməsinin səbəbini bunda axtarmaq lazımdır. Belə idarəçilər olduqca, Azərbaycanda futbol inkişaf etməyəcək”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!