Baki-İrəvan arasında pərdəarxası danışıqlar - Qərb saatı ilə masa qurulur...

29 Yanvar 2023 02:30 Gündəm 524
Baki-İrəvan arasında pərdəarxası danışıqlar - Qərb saatı ilə masa qurulur...

Azərbaycanla Ermənistan arasında ötən ilin dekabrından dalana dirənmiş sülh danışıqlarında yenidən canlanma var.

Yeni dinamika iki ölkə rəhbərinin son bəyanatları, habelə ABŞ və Avropa İttifaqının 2023-cü ilin əvvəlindən yenidən fəallaşması ilə bağlıdır.

Misal üçün, Paşinyan yanvarın 18-də parlamentdəki çıxışında bəyan edib ki, İrəvan Praqa razılaşmaları əsasında sülh müqaviləsinin imzalanması istiqamətində işləməyə hazırdır. Baş nazirin sözlərinə görə, regional sabitliyi təmin etməyin ən yaxşı yolu danışıqlar vasitəsilə həllərə nail olmaqdır. “Biz danışıqları davam etdirməyə hazırıq”, - deyə o, çıxışında qeyd edib. Azərbaycan Prezidenti İlham Əliyev də Davos İqtisadi Forumunda bildirib ki, Avropa İttifaqının təşəbbüsü ilə aparılan sülh danışıqlarını davam etdirməyə hazırdır.

Karnegi Fondunun aparıcı tədqiqatçısı, Qarabağ münaqişəsi üzrə ekspert Tomas de Vaal isə erməni mediasına deyib ki, “Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi” ifadəsi yanlışdır, çünki bu, yalnız çərçivə sazişidir, burada ümumi sözlər, bəlkə də bir səhifə mətn yazılacaq, o da danışıqlar üçün əsas olacaq. Onun sözlərinə görə, hər şey Moskva və Bakıdan asılıdır: “Hazırda pərdə arxasında danışıqlar gedir və bu barədə məlumat azdır. Əlbəttə, Qərbdən Laçın yolunun açılmasının zəruriliyi ilə bağlı çağırışlar var, lakin hər şey Bakının Qarabağ ermənilərinə və ilk növbədə Rusiyaya qarşı tələblərinin nədən ibarət olacağından asılıdır. Azərbaycan yolun rejiminin müəyyən olunması və daşınan yüklərin şəffaf olmasını tələb edir. Düşünürəm ki, bu məsələni həll etmək olar, amma Əliyevin müxtəlif məsələlərlə bağlı daha tələbkar gündəmi var: Yəni Qarabağ heç vaxt müstəqil dövlət olmayacaq, 2020-ci ildə baş vermiş 44 günlük müharibə ilə artıq bu məsələ bağlanıb, ATƏT-in Minsk Qrupunun missiyasına da ehtiyac yoxdur”.

Təhlilçi xatırladır ki, Avropa İttifaqı bu çərçivədə anlaşma mümkün olarsa, Dağlıq Qarabağ əhalisinin hüquq və təhlükəsizlik təminatlarının müzakirə olunmasını istəyir. “Yəni Bakının zəmanəti ilə Rusiya sülhməramlılarının beynəlxalq mandatlı missiya ilə əvəzlənməsindən söhbət gedir. Ancaq hazırkı vəziyyətdə bu mümkün deyil, çünki atmosfer yoxdur, çərçivə razılaşması ancaq tərəflərin xoş niyyət ifadə etməsi şəraitində mümkündür. Bundan əlavə, Dağlıq Qarabağda beynəlxalq missiya rolunu hansı ölkələrin üzərinə götürə biləcəyi də mürəkkəb məsələdir. Beynəlxalq missiyanın bölgəyə gəlməsi problemin məntiqi həllidir, lakin mən hazırda resursları görmürəm və rəsmi Bakı da bunu istəmir”, - Tomas de Vaal vurğulayıb.

Azərbaycan-Avropa İttifaqı münasibətləri strateji tərəfdaşlıq xarakteri  daşıyır - "İki sahil"

Proseslərin gedişindən belə nəticəyə gəlmək mümkündür ki, ABŞ və Avropa İttifaqı Azərbaycanı danışıqlar masasına qaytarmağa nail olub. Bunu təsdiqləyən nüans ABŞ dövlət katibi Entoni Blinkenlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon söhbətidir. Blinken Laçın dəhlizini dərhal kommersiya nəqliyyatı üçün açmağa çağırıb - Dövlət Departamentinin sözçüsü Ned Prays belə deyib. Blinken “Laçın dəhlizində humanitar böhran riskinin Ermənistan və Azərbaycan arasında sülh perspektivlərini sarsıtdığını vurğulayıb”, - Dövlət Departamentinin məlumatında deyilir. “Blinken prezident Əliyevi Ermənistanla ikitərəfli sülh müzakirələrində səyləri ikiqat artırmağa təşviq edib”, - Prays bunu da qeyd edib.

Öz növbəsində Azərbaycan tərəfinin məlumatında bildirilir ki, Prezident İlham Əliyev Laçın-Xankəndi yolunda hər hansı blokadanın olmadığını qeyd edərək, 2022-ci il 12 dekabr tarixindən etibarən 980-nə yaxın nəqliyyat vasitəsinin bu yoldan keçidinin təmin olunduğunu vurğulayaraq, onların 850-dən çoxunun Rusiya sülhməramlılarına, 120-dən artığının isə Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus olduğunu deyib. Eyni zamanda Azərbaycan Prezidenti Qarabağda yaşayan 90-a yaxın xəstə və tibbi yardıma ehtiyacı olan şəxsin Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə Ermənistana aparılmasının təmin edildiyini vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, bütün bunlar Laçın-Xankəndi yolunun Azərbaycan tərəfindən bağlanmadığını göstərir. Əliyev vurğulayıb ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarı dayandırılmalı və həmin ərazidə Azərbaycanın daimi monitorinq və təftiş aparmaq imkanı təmin edilməlidir. Azərbaycan Prezidenti Ermənistan tərəfindən 2021-ci il istehsalı olan minaların qanunsuz olaraq Laçın yolundan istifadə edilərək daşındığını bildirib. Prezident Əliyev ölkəmizin sülh prosesinə və Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşdırılmasına sadiq olduğunu qeyd edib. Dövlət başçısı vurğulayıb ki, Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın təqdim etdiyi beş prinsip əsasında yalnız ikitərəfli münasibətlərin normallaşdırılmasını özündə ehtiva etməlidir. Prezident Qarabağ iqtisadi zonasında yaşayan mülki erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında təmin olunacağını qeyd edib. Telefon söhbəti əsnasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu zəngdən bəllidir ki, Bakı danışıqlara hazırdır. Əslində böyük bir məsafə də artıq qət edilib: tərəflər arasında ərazi bütövlüyü, suverenlik, sərhədlərin toxunulmazlığı, güc tətbiq etməmək barədə prinsipial fikir ayrılığı yoxdur. Əsas məsələ Qarabağ probleminin necə həll olunacağıdır. Ermənistan Almatı Bəyannaməsinə istinad etməklə Qarabağın Azərbaycanın tərkibində olmasını qəbul edir, amma bu, problemin həlli deyil. Çünki Qarabağ İrəvanın deyil, Moskvanın əlindədir, Azərbaycan Ermənistanla sülh bağladıqdan sonra separatçı rejimlə Moskvanın müqavimətini qırmaq üzərində işləməlidir. Bəs qarşıdakı aylarda liderlərin bir araya gəlməsi üçün perspektiv görünürmü? Hazırda həvəssiz kimi görünən tərəflərin mövqeyi konsensusa gəlməyə imkan vermir.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a qeyd etdi ki, ötən ilin sonunda sülh danışıqlarının nəticəsi olacağı proqnozlaşdırılırdı, lakin qarşı tərəfin siyasəti ucbatından mümkün olmadı. Partiya sədrinin sözlərinə görə, yeni ildən bir hərəkətlilik müşahidə olunur, amma yenə də proqnoz verməkdə çətinlik çəkir: “Çünki danışıqların növbəti dəfə nəticəsiz qalacağı barədə qənaətim var. Əvvəla, Rusiya Qərb masasında sülh danışıqlarının başa çatmasında maraqlı deyil, eləcə də Ermənistan yaxın müddətdə razılaşma əldə olunmasını istəmir. Baxmayaraq ki, İrəvandan pozitiv açıqlamalar gəlir, sadəcə, bir-birinə zidd bəyanatlar da verilir. Bu mənada yekun addımlar yaxın zamanda olmayacaq”. A.Əlizadənin fikrincə, hər halda, tərəflər Qərb platformasında danışıqlarda daha çox maraqlıdırlar, lakin Rusiyanın təsirləri mövcuddur, ona görə problemlər qalır.

Politoloq: Ermənistan sərhəddə təxribatlar törətməklə Azərbaycanı cavab  addımları atmağa vadar edir - AZƏRTAC

Xəyal Bəşirov

Siyasi ekspert Xəyal Bəşirov hesab edir ki, Qərb masasının qurulması perspektivi görünməkdədir: “Avropa dövlətləri Rusiyanın formal,aşdırdığı platformaya etibar etmirlər və Moskvanın vasitəçiliyi ilə sülh quruculuğu istəmirlər. Amma Paşinyanın çıxışları da ziddiyyətlidir. Çünki Ermənistan Avropa İttifaqının mülki missiyasını sərhədə yerləşdirir, rəsmi sənəd ortaya qoymadan bu monitorinq qrupunun göndərilməsi əldə edilən razılaşmaları pozmaq deməkdir. Ermənistan nə qədər fikir və bəyanatlarla məhdudlaşacaqsa, sülh sazişini imzalamaq mümkün olmayacaq. 2023-cü ildə hələ ki heç bir danışıqlar olmayıb, qeyri-müəyyən vəziyyət yaradır, bu da qarşı tərəfə təxribatlar yaratmaq imkanı qazandırır. Təxribatlar olduğu müddətdə isə sülh prosesi uzanacaq. Odur ki, Fransanın iştirakı olmadan Brüssel danışıqlarının bərpasına ciddi şəkildə zərurət var”.

Fikrət Sadıqov: Cəmiyyətdə seçkilərə maraq kifayət qədər yüksəkdir - "İki  sahil"

Fikrət Sadıqov

Sabiq diplomat, professor Fikrət Sadıqovun sözlərinə görə, burada üç mərkəz var və onlar guya Azərbaycan-Ermənistan münasibətlərinin qaydaya salınmasında, münaqişənin həllində vasitəçilik təşəbbüsü göstərirlər: “Hamıya aydın olduğu kimi, bunlar ABŞ, Rusiya və Avropa Birliyidir. Düşünürəm ki, Brüssel formatı öz qüvvəsində qalır. Sadəcə, vəziyyət onu göstərir ki, vasitəçi olan aparıcı qüvvələr bir çox hallarda vəziyyəti stabilləşdirmək deyil, öz maraqları naminə regionda mövcudluğunu sübut etmək istəyirlər. Amma bizə masa arxasında əyləşmək heç nə vermir, nəticələr əldə edilməlidir. Biz də heç bir meydandan imtina etmirik. Çünki bizim üçün əsas göstərici nəticədir. Biz bu nəticəni əldə etməliyik. Əgər vasitəçilərdən kimsə hesab edirsə ki, bizə təzyiq etməklə öz xeyrinə nəticə əldə edə bilər, onlar yanılır. Bunu zaman göstərir və təsdiq edir. Vasitəçilər arasında olan qarşıdurma da prosesə öz təsirini göstərir. Məsələn, ABŞ-ın Avropa-Rusiya qarşıdurması kontekstində regionda mövcudluğunu sübut etməsi stabilliyin yaranmasına mənfi təsir göstərir”.

Digər Xəbərlər
Xəbər Lenti